Rauf Əliyev: Hakim “Qarabağ”ı məhv etdi (apasport.az)

single-news
29 Noy 2010

Rauf Əliyev: Hakim “Qarabağ”ı məhv etdi (apasport.az)



“Neftçi” ilə oyunda hücumlarım zamanı penalti verilməyən epizodlar göz qabağında idi. Baş hakim aşkar səhvlər etdi. Bunu əminliklə deyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.

Gənc hücumçu Unibank Premyer Liqasının XV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçda fəallığı ilə yanaşı, 2 epizodda diqqət mərkəzinə düşdü. Belə ki, “Neftçi”nin braziliyalı sol cinah müdafiəçisi Alessandro Vyana da Silva əllə oynasa da, ancaq penalti zərbəsi təyin edilmədi: “Ola bilsin ki, kənardan izləyənlər həmin epizodları dəqiq müəyyənləşdirə bilməsinlər. Ancaq mən onlara təkrar-təkrar baxmışam. Hər iki epizodda nəinki yüz, milyon faiz penalti var idi. Birinci epizodda rəqibin cərimə meydanında yerə yıxılmaq fikrim yox idi. “Neftçi”nin futbolçusu arxadan gələrək, məni itələyir. İkinci epizodda qapıya zərbəm zamanı top rəqibin əlinə dəyir. Ancaq baş hakim Rövşən Əhmədov bu epizodlarda aşkar penaltilərimizi vermədi”.

Yığmamızın da üzvü olan Əliyev hakimlikdə olan problemlərdən danışıb: “Deməzdim ki, “Neftçi”yə məğlubiyyətimiz yalnız bununla bağlı idi. Sadəcə, hakim səhvləri bizi ruhdan salır. Üstəlik, elə aşkar epizodlarda penalti verilməməyi komandamızı məhv etdi. Mən 4-5 ildir eyni səhvlərin şahidi oluram. Bu, penaltilərdə səhvlərlə yanaşı, xırda follarla oyunun tempini aşağı salmaq, sürəti azaltmaq, yersiz fitlərdir. Hakimlər futbolçulara təkbətək mübarizələrdə oynamağa imkan vermirlər. Özü də kim qışqırırsa, onun da lehinə qərar verir. Deyərdim ki, hakimlərimiz irəliləyiş yox, geriləmə var”.

Son 3 oyunda qol vurmadan uduzan “Qarabağ” hesabat turundan sonra “altılığ”ı da tərk edib. Hazırda turnir cədvəlində 7-ci olan komandanın hesabında artıq 6 məğlubiyyət var: “Son vaxtlar məğlubiyyətlərimizi bəxtsizliklə əlaqələndirirəm. Şansımız gətirmir. Mən bir hücumçu kimi qol vurub, komandama kömək etməyə çalışıram. Ancaq iki oyundur vurduğum zərbələr qapı tirindən dönür. Deməzdim ki, pis oynadığımızdan uduzuruq. Fikrimcə, “Neftçi” ilə görüşdə biz daha üstün idik. Bunu öz komandamız olduğuna görə demirəm. Reallıq belədir. Ancaq hər dəfə biz yox, rəqib qol vurub qalib gəlir”.

Paylaş

// pop up