`Rauf Əliyevin Türkiyə klubuna keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil` (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Rauf Əliyevin Türkiyə klubuna keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil` (apasport.az)
““Rauf Əliyevin türk klubuna keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil. Onun “Göztəpə”yə keçidi ilə bağlı danışığımız olmayıb. Bu komanda nəinki Raufa, bir neçə futbolçumuza maraq göstərirdi. Bildiyiniz kimi, “Göztəpə”nin rəsmisi Əli Gültikən ötən mövsümün sonunda komandamızın oyununu izləmək üçün ölkəmizə gəlmişdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Türkiyənin mətbuatında Bank Asiya I divizionda çıxış edən “Göztəpə” klubunun Ağdam təmsilçisinin və millimizin hücumçusu Rauf Əliyevlə razılığa gəldiyi, hətta keçidlə bağlı tərəflərin əl sıxmaları ilə bağlı məlumat yayılıb.
Bunu real hesab etməyən Çəlikəlin sözlərinə görə, “Göztəpə” rəsmiləri Türkiyədə, Rauf isə Azərbaycanda olduğu halda, tərəflərin əl sıxışdırmağı mümkün deyil: “Sadəcə, Gültikən Əliyevlə maraqlandığından, klub onu transfer etmək istəyə bilər. Ancaq inanmıram ki, Rauf türklərə müqavilə bağlamaqla bağlı söz versin. Çünki o, yaxşı bilir ki, bütün transfer məsələləri “Qarabağ”dan asılıdır. Ancaq digər tərəfdən, biz heç bir futbolçuya danışıq aparmaqla bağlı qadağa qoya bilmərik. Bu məsələ 2 klub, futbolçu, agenti səviyyəsində həll olunur. Ancaq nə Raufla agenti, nə də “Göztəpə”dən transferlə bağlı rəsmi təklif almışıq. Əgər məsələ realdırsa, futbolçu təklif haqda gəlib bizə deyə bilər. Ancaq bu günə kimi belə şey olmayıb, yalnız marağın olduğunu bilirik. Yəni Raufun məsələsi rəsmi çərçivədə “oturmayıb”.
Ötən il həm milli komandamızın, həm də ölkəmizin ən yaxşı futbolçusu seçilən Raufun yetirməsi olduğu “Qarabağ”ın aparıcı üzvü olduğu məlumdur. Bu mənada ağdamlıların cəlbedici təklif müqabilində bombardirini buraxıb-buraxmayacağı maraq doğurur. Çəlikəl heyətlə bağlı məsələləri müəyyənləşdirmək səlahiyyətinin baş məşqçi Qurban Qurbanova məxsus olduğunu söyləyib: “Bu məsələdə əsas söz sahibi Qurbanovdur. O, Əliyevi komandada saxlamaq, yaxud buraxmaqla bağlı hansı fikirdə olarsa, biz onu dəstəkləyəcəyik. Komandamız istirahətini başa vuraraq, yanvarın 10-da bir araya gələcək. Bundan sonra heyətimizdəki dəyişikləri, transferləri müəyyənləşdirəcəyik. Komandamızda gedən-gələnlərin olmağı gözlənilir. Baş məşqçinin istədiyi futbolçuları alacaq, istəmədikləri ilə yollarımızı ayıracağıq. Bu işlər bizim üzərimizə düşür və onların həlli ilə məşğul olacağıq”.