RAUF İDDİALI DANIŞDI
RAUF İDDİALI DANIŞDI
2006-cı ilin əvvəlindən Rasim Karanın gəlişiylə “Qarabağ” Futbolçu Klubu siyasətində dəyişiklik etdi. Əsas heyətə gənclər komandasından 10-a yaxın gənclər dəvət olundu. Nəinki, “Qarabağ”ın ümumiyyətlə, Azərbaycan futbolunun inkişafına xidmət edən bu siyasətin ilk bəhrəsini artıq görməkdəydik. Ölkənin müxtəlif yaş millilərinə ən çox futbolçu verən klub olan “Qarabağ”ın gələcək vəd edən ən böyük prespektivli futbolçularından biri də Rauf Əliyevdir. 18 yaşlı forvard Antalyada baş tutan təlim-məşq toplanışı zamanı 4 qol vurmaqla əla formada olduğunu göstərdi. Bu dəfə ki, qonağımız məhz elə Raufdur.
- Rauf, futbola gəlişin haqqında danışardın.
- 10 yaşım olanda böyük qardaşım məhəlləmizin yanında futbol komandasına uşaq yığdıqlarını bildirdi. Mən də həmin komandaya qoşuldum. Elə o vaxtdan futbol oynayıram.
- Bəs, “Qarabağ”a necə gəldin?
- 15 yaşım olanda milliyə seçim edilməsi haqqında bizə dedilər. Maksimlə (M. Medvedev “Qarabağ”ın müdafiəçisi - red) həmin seçimə qatıldıq. Oyuna baxan “Qarabağ”ın uşaq məşqçisi Həmdi Serpil Tüzün bizi “Qarabağ”a dəvət etdi və biz də təklifi qəbul etdik.
- “Qarabağ”ın gənclərində oynayanda əsas komandada səni diqqətdən kənarda qoymurdu?
-Hə. 16 yaşım olanda “Neftçi” – “Qarabağ” kubok görüşündə ilk dəfə meydana çıxdım. Həyəcanlıydım. Çox təəssüflər olsun ki, qələbə qazanmağımıza baxmayaraq turnirlə vidalaşdıq.
- Sonra?
- Sonrası, ötən ilin əvvəlindən Rasim Kara gələn kimi mən daxil olmaqla 7 gənci əsas komandaya dəvət etdi. Və o vaxtdan əsas komandadayam.
- Elə keçən il çempionatda qol vuranda güclülər dəstəsində fərqlənən ən gənc futbolçulardan biri oldun.
- Yəqin, “Gənclərbirliyi” ilə oyunu nəzərdə tutursan. İlk dəfə start heyətində meydana çıxmışdım. Qol vurmağıma gəlincə nə deyim? Futboldu , alındı.
- Amma, bu dövrədə sadəcə bir oyunda meydana çıxıdın.
- Nə bilim, vallah. Baş məşqçimiz şans verəndə hər zaman oynamışam. Hələ gəncəm, ona görə də bu barədə baş məşqçinin verdiyi qərarlara hörmət edirəm.
- “Qarabağ” Antalyada keçirdiyi təlim-məşq toplantısında bir oyunda het-trik etməklə yanaşı həm də komandanın ən məhsuldar hücumçusu oldun.
- Birinci oyunda 2-ci hissədə meydana çıxdım. “Girnəspor” müqavimət göstərməyə çalışsa da rəqib bizimlə bacarmadı. Mənim qol vurmağım elə də önəmli deyil. Əsas komandanın uğurudur. Mənim əsas işim qol vurmaqdır. Bunu daha yaxşı bacarmaq üçün üzərimdə daha çox çalışmalıyam.
- Hal-hazırda komandada cəmi 3 hücumçu var. Səncə bu kifayət edər?
- Bu barədə baş məşqçi ilə danışsanız yaxşıdır. Mənim işim futbol oynamaqdır. Məşqçimiz şans versə hər zaman mübarizəyə hazıram.
- Sualı belə qoyaq. Yeni bir hücumçu gəlsə rəqabətə hazırsan?
- Bəli. Bunu iddialı deyil, özünəinam kimi qələmə verə bilərsiniz. Çünki, ən böyük hədəflərimdən biri “Qarabağ”ın əvəzedilməz oyunçusuna çevrilməkdir.
- Başqa nə hədəflərin var?
- Təbii ki, əsas millidə oynamaq istəyirəm. Və eyni zamanda Avropada da çıxış etmək istərdim.
- Hansı komandada?
- Sevdiyim komandalarda – “Fənərbaxça” və “Barselona”da oynamaq istərdim.
- Bəs idealın kim olub?
- Kimisə fərqləndirməyə çətinlik çəkərdim. Amma uşaqlar daha çox oyunumu və özümü İbrahimoviçə bənzədirlər (Gülür)
- O zaman biz öz İbrahimoviçimizi nə zamansa görə biləcəyikmi?
- İnşallah. Bunu zaman göstərər.
- Bir az da ikinci dövrədən danışaq. “Qarabağ”dan ikinci dövrədən nə gözləyək?
- Çempionatı ən yaxşı mövqədə bitirməyə çalışaçağıq. Kubokda isə hədəfimiz titulu əldə etməkdir. Bu yolla Avropaya vəsiqə qazana bilərik. Və inşallah, bunu edəcəyik.
- Niyə belə əminsən?
- Komandamızın fiziki durumu çox əladır. Zənnimcə, heç bir klubda bizim kimi fiziki hazırlıq keçirilmir. Bir azda özümüzü toplasaq kuboku qazana bilərik.
- O zaman azarkeşlərə ümid verirsən?
- Buna inanıram ki, ikinci dövrədə daha möhtəşəm komanda izləyəcəksiniz. Bizim zamana ehtiyacımız var.
