Rauf qazancı (premyerliqa.az)

single-news
8 Dek 2010

Rauf qazancı (premyerliqa.az)



Qazanc deyən kimi bizdə əksəriyyət pul barədə düşünür. Amma biz puldan danışmayacağıq, söhbət daha ciddi mətləblərdən gedir. «Qarabağ» - «İnter» görüşündən öncə həmkarım Emin Abbasovun oyunla bağlı yazısındakı bir fikri məqalənin ümumi fonunda qəbul etmişdim: «Gənc hücumçu Rauf Əliyevin üzərinə böyük məsuliyyət düşür... Döyüşkən futbolçu çətin anda Qurban Qurbanova kömək olmalıdır. Axı az qala bütün mətbuat Qurban bəydən legioner hücumçu almasını tələb edəndə mütəxəssis Raufu oynatmaqda israr etdi. Hər şeydən öncə gənc hücumçu bunu anlamalıdır».

Açığı, Ağdam futbolçularının onlar üçün ən çətin rəqib sayılan «İnter»ə məhz Rauf Əliyevin vurduğu yeganə qolla qalib gəlməsindən sonra həmin fikrə münasibətim bir başqa xarakter aldı...

...Bu ilin yayını xatırladım - «Qarabağ»ın Avropa meydanlarında xarüqələr yaratmaqla Azərbaycan futbol azarkeşlərinə çox qəribsədiyi, həsrətində olduğu, qələbə dolu unudulmayacaq anlar yaşatdığı günləri. Dortmund «Borussiya»sı ilə oyun ərəfəsində təşkil edilmiş bir yığıncaqda jurnalistlərin böyük əksəriyyəti «Qarabağ»da işlərin əla getdiyini deyir, lakin yaxşı bir hücumçunun lazımlığını da bildirirdilər. E.Abbasovun mövqeyi onda da indiki kimi olmuşdu - gətiriləcək əcnəbinin hesabına Rauf (Rauflar) ya məxsus olduğu komandanın imicini əsas götürüb ehtiyatda oturacaq, ya da iddiasız klublara yollanıb orda itib-batacaq. Nədənsə, biz həmişə başqasını özümüzdən güclü, özümüzdən yaxşı, özümüzdən bacarıqlı, özümüzdən ağıllı hesab edirik. Özümüzə güvənə bilmirik, daha doğrusu, güvənmək istəmirik, güvənmirik! Ən pisi isə odur ki, başqasına güvənməklə qürurlanır, fəxr edirik. Yadımdadır, milli komandaya baş məşqçi axtarışı zamanı məsələyə «bizdən əvvəlkilər Torresi gətiribsə, biz niyə geri qalmalıyıq» məntiqi ilə yanaşıldı, bununla da cənab Berti Foqtsun Azərbaycanlı günləri başladı.

«Qarabağ»ın uğurlu çıxışları zamanı bəzi mütəxəssislər, elə bəzi həmkarlarımız da iddia edirdilər ki, Azərbaycan futbolunun qaymaqları bu klubda cəmləşib, ona görə də nailiyyətə təbii baxmaq lazımdır. Amma həmin o qaymaqlar bir müddət, üzr istəyirəm ifadəmə görə, avara-səryandan qalmışdılar, onlara yiyə duran yox idi. Risk etmək cəsarətdəndir, nəhayət, Qurban Qurbanov özündə cəsarət tapıb ölkə futbolunun yetirmələrini bir yerə yığdı, özünə, özümüzə inandı, sonra da hamını bu inama inandırdı. Qitəmiqyaslı turnirdə bir-birinin ardınca möhtəşəm tarixi qələbələr gəldi. Polşa təmsilçisi «Visla» üzərində həm səfərdə, həm də evdəki zəfəri unutmaqmı olar? Kimin hesabına əldə olundu bu uğurlar? Bir çoxlarının «zəifdirlər», «hələ hazır deyillər», «onlarla illərlə işləmək lazımdır», «təcrübəsizdirlər» dediyi həmin Rauf Əliyevlərin, Əfran İsmayılovların, Rəşad Sadiqovların və s. Bu gün nəinki beynəlxalq, hətta yerli oyun təcrübəsi olmayan, amma əla perspektiv vəd edən, çox gənc Qara Qarayevlərə etimad göstərilir.

Kimsə düşünməsin ki, məqsədim «İnter»ə top vuran Raufu göylərə qaldırmaqdır. Lüzumsuz yerə heç kimi göylərə qaldırmaq fikrim yoxdur. Heç bu, Rauf kimi zəhmətkeş futbolçulara da lazım deyil. Qeydləri etməkdə bircə umacağım var - onlar Azərbaycan futbolunun, bizim qazancımızdır. Gəlin, bu qazancdan özümüzü məhrum etməyək!

Rövşən Binnətli

Paylaş

// pop up