Rəhbərlik baş məşqçisiz qayıtdı (FUTBOL+, 07.07.2005)

single-news
7 İyl 2005

Rəhbərlik baş məşqçisiz qayıtdı (FUTBOL+, 07.07.2005)



Rəhbərlik baş məşqçisiz qayıtdı "Qarabağ" rəhbərliyinin gözlənilən dönüşü baş tutdu. Vitse-prezident Tahir Gözəllə baş direktor Əmrah Çəlikəl dünən Türkiyədən qayıtdı. Klub bosslarının gəlişi xeyli maraqla gözlənilirdi. Boş qalan baş məşqçi postunun sahibinin də rəsmilərlə birgə Bakıda olacağı söylənilirdi. Gəl ki, ehtimallar baş tutmadı. Ağdam komandası sirli mütəxəssisin kimliyini hələ də gizli saxlamaqdadı. Dünən həm də Gözəl klubdaxili iclas keçirməli idi. Aldığımız bilgiyə görə heç bu toplantı da gerçəkləşdirilməyib. "Qarabağ"ın gizlinlərini açmaq olduqca çətindi. Yenə də Çəlikəl susmağa başlayıb. Əmrah bəylə əlaqə saxlamaq üçün bütün günü cəhd etsək də, səsimizə səs verilmədi. Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov isə çalışdırıcının hələ Bakıda olmadığını deyir: "Məşqçi hələ gəlməyib. Amma həftəsonuna qədər onun kimliyi bilinəcək. Bu haqda heç nə deyə bilməsəm də, əmin olun ki, həftəsonundan o yanası yoxdu. Mütəxəssisin adını eşidəcəksiz". Deyilənə görə, komandada vəziyyət heç də göründüyü kimi süst deyil. Belə ki, artıq klubun bəzi futbolçuları da transferə çıxardığı söylənilir. Elə yarımmüdafiəçi Namiq Həsənovun AMMK-nın düşərgəsinə qoşulması da hadisələrin qeyd olunan məcrasından xəbər verir. Əsgərov isə hələ belə bir hadisənin baş vermədiyini vurğulayır: "Kimləri transferə çıxaracağımızı yeni baş məşqçi müəyyənləşdirməlidi. Biz heç kimi heyətdən çıxarmamışıq". Komandanın yaxınlarda təlim-məşq toplanışına yığışacağı gözlənilir. Di gəl ki, hazırlıq heyətinin hansı futbolçulardan ibarət olacağı sual doğurur. İndi "Qarabağ"da 8-9 futbolçu qalıb. Yeni transfer hədəfi isə sadəcə, ötən müvsümü "MKT-Araz"da keçirən Müşfiq Hüseynovun adıyla bağlıdı. Ancaq hələ bu keçid də rəsmiləşməyib. Hər halda, Ağdam komandası bəzi legionerlərini saxlamağı düşünür. Elə türkiyəli Mustafa Engin Özmən də bu minvalla geriyə qaytarılıb. Yeri gəlmişkən, yaxınlarda Türkiyənin "Miliyyət" qəzetinə açıqlama verən sözügedən futbolçu "Qarabağ"dakı durumundan razılıqla danışıb.

Paylaş