Rəqibimizi tanıyaq: 10 yaşlı kubok sahibi
Rəqibimizi tanıyaq: 10 yaşlı kubok sahibi
Komandamız UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” ilə qarşılaşacaq. Rəqibimiz İslandiyanın qərbində yerləşən İsafjördur şəhərini təmsil edir.
Bu klub 2016-cı ildə yaradılıb. “Vestri” İslandiyanın ən gənc peşəkar komandalarından biri hesab olunur.
Klub ev oyunlarını 1596 tamaşaçı tutumuna malik Kerecisvöllurinn stadionunda keçirir. İslandiyanın ən ucqar futbol mərkəzlərindən sayılan arena ölkənin qərb fyordları bölgəsində qərarlaşır.
10 yaşlı klub müxtəlif idman qurumlarının birləşməsi nəticəsində formalaşıb. “Vestri” qısa müddətdə yüksəlişə nail olan klublardan sayılır.
Mübarizəyə aşağı liqalardan başlayan kluba yüksək dəstəyə qədər irəliləmək üçün qısa zaman kəsiyi kifayət edib. 2023-cü ilin sonunda “Vestri” İslandiya futbolunun elitasına vəsiqə qazanıb.
Həmin il komanda mövsümü 4-cü pillədə başa vursa da, yüksək dəstəyə 2-ci vəsiqə üçün mübarizə aparan 4 komanda sırasında yer alıb. Yarımfinalda “Fyolnir”i üstələyən (1:0, 1:1) “Vestri” həlledici görüşdə “Aftureldinq”i əlavə vaxtda vurulan yeganə qolla məğlub edib. Bu qələbə kluba İslandiyanın yüksək dəstəsi hesab olunan “Besta deild karla”ya çıxmasına səbəb olub.
Debüt mövsümündə çətinliklə duruş gətirən komanda əsas mərhələni 11-ci pillədə bitirsə də, “altılıq”da bir addım yüksəlməklə elitada yerini qoruyub. Bir il sonra isə hadisələrin axarı əksinə cərəyan edib. 22 turdan sonra 9-cu sırada olan “Vestri” “altılıq”da cəmi 2 xal toplamaqla 11-cı sıraya yuvarlanıb və elitanı tərk edib.
Amma komandanın yüksək dəstə ilə vidalaşdığı 2025-ci il mövsümü tarixi uğurla da əlamətdar olub. “Vestri” tarixinin ilk böyük titulunu ölkə kubokunu əldə edib. “Vestri” İslandiya kubokunun finalında ölkənin aparıcı klublarından olan “Valyur”u 1:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Bununla da komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Cari mövsümə aşağı liqada start verən komanda 10 oyunda 16 xal toplayıb. Daniel Osafo-Badunun baş məşqçisi olduğu komanda hazırda 4-cü pillədə qərarlaşıb. “Vestri” elitaya qayıtmaq üçün ən azı pley-offa yüksəlməyi hədəfləyib. Komandanın əsas qol silahı sayılan İbrahima Balde 4 qolla liqanın bombardirləri siyahısında yer alıb.
Qeyd edək ki, “Qarabağ” – “Vestri” oyunu iyulun 9-da Bakıda keçiriləcək. Ayın 16-da komandalar İslandiyada üz-üzə gələcək.
