Rəqibimizi tanıyaq: Beşqat çempion
Rəqibimizi tanıyaq: Beşqat çempion
Komandamız Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə qoyulub.
Bir müddət sonra fəaliyyətini dayandıran klub 1992-ci ildə bərpa edilib. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan “Şkendiya” addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb. Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş mükafat da var.
2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan “Şkendiya” üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.
Avrokuboklarda 2011-ci ildə debüt edən klubun ən böyük uğuru pley-off mərhələsində iştirakdır. “Şkendiya” 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb.
Cari mövsümdə isə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FCSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Müxtəlif illərdə Şimali Makedoniyadan olan futbolçular komandamızın formasını geyiniblər. Artim Şakiri, Muarem Muarem, Vladimir Dimitrovski, Zəkəriyə Ramazani, Nderim Nedzipi “Qarabağ”ın uğurları üçün çalışıblar. 2008-09-cu illərdə komandamızda oynayan Artim Şakiri 2007-ci ildə “Şkendiya”nın futbolçusu, 2012-13 və 2022-ci illərdə baş məşqçisi olub.
2008-09-cu illərdə komandamızda oynayan Zəkəriyə Ramazani 16 il əvvəl klubumuzdan “Şkendiya”ya keçib. 2011-12-ci illərdə komandamızda çıxış edən Nedzipi də “Şkendiya”ya “Qarabağ”dan keçib. Sonradan 2013-cü və 2016-cı illərdə də bu komandaya qayıdan futbolçu 9 il əvvəl Şimali Makedoniya kubokunu qazanıb.
Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasında ilk oyun avqustun 5-də və ya 6-da, cavab görüşü 12-də keçiriləcək. İlk matç Şimali Makedoniyada baş tutacaq.
