Rəqibimizi tanıyaq: “Çempionların qatili”

single-news
18 İyl 2026

Rəqibimizi tanıyaq: “Çempionların qatili”



Komandamız UEFA Avropa Liqasının II təsnifat mərhələsində Sofiyanın ÇSKA klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Bolqarıstanın ən titullu klubudur.

 

Ordu komandasının əsası 1948-ci ildə qoyulub. Sofiya təmsilçisi oyunlarını “Bolqarska Armiya” stadionunda keçirir. 78 yaşlı klub bu illər ərzində 31 dəfə Bolqarıstan çempionu, 22 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Hər iki göstərici ölkənin rekordudur. Bundan başqa komandanın hesabında 4 Superkubok da var.

 

ÇSKA həm də Bolqarıstanın Avropadakı ən uğurlu təmsilçisidir. Sofiyalılar üç dəfə qitəmiqyaslı klub turnirlərinin yarımfinalına yüksəlib.

 

Bu uğurlardan ikisi indi UEFA Çempionlar Liqası adlanan Çempionlar kubokuna təsadüf edib. 1966/67 mövsümündə “İnter”lə hər iki yarımfinal matçı 1:1 hesabı ilə bitdiyi üçün əlavə oyun keçirilib və Milan klubu bir qolla finala adlayıb.

 

1981/82 mövsümündə Çempionlar kubokunun yarımfinalında “Bavariya” ilə ev oyununun ilk 18 dəqiqəsində üç qol vuran ÇSKA bu böyük üstünlüyünü tam qoruya bilməyib və yekunda 4:3 hesabına sevinib. Münhendə isə meydan sahibləri böyükhesablı qələbə ilə finala vəsiqə qazanıb. Yeddi il sonra Kuboklar kubokunda da yarımfinal həyəcanı yaşayan komanda Yohan Kroyfun başçılıq etdiyi “Barselona”ya hər iki görüşdə uduzsa da, həmin matçlardan sonra ÇSKA-nın əfsanəsi Xristo Stoiçkov İspaniya nəhənginə dəvət alıb və orada dünya səviyyəli ulduza çevrilib.

 

Bolqarıstanda ÇSKA-nı “çempionların qatili” adlandırırlar. Komanda dəfələrlə Çempionlar kubokunun son qalibini məğlub edib. 1974-cü ildə “Ayaks”, 1981-ci ildə “Nottingem Forest”, 1982-ci və 2005-ci illərdə “Liverpul” ÇSKA qarşısında aciz qalıb. Bundan başqa, sofiyalılar 4 dəfə Çempionlar kubokunun 1/4 finalına qədər irəliləyib və yarımfinalın bir addımlığında mübarizəni dayandırıb.

 

Amma dəfələrlə adı dəyişən, rəhbərlikləri bir-birini sıralayan klubun əksər uğurları keçmişdə qalıb. Bir neçə dəfə yenidən formalaşdırılan ÇSKA aşağı liqaya da düşüb və 10 il əvvəl elitaya qayıtmağı bacarıb. Komandanın son çempionluğu isə 2007/08 mövsümünə təsadüf edib.

 

18 ildir qızıl medala həsrət komanda hətta B liqasında oynadığı 2015/16 mövsümündə də ölkə kubokunu başı üzərinə qaldırıb. 2020/21 mövsümündə də eyni uğura imza atan ÇSKA iki ay əvvəl yenə həmin titulu qazanmaqla UEFA Avropa Liqasına vəsiqə əldə edib. Çempionatda isə komanda yalnız 4-cü yeri tutub.

 

Vaxtilə avrokuboklarda uğurlu çıxış edən komanda son illərdə yalnız iki dəfə qrup mərhələsinə düşməsi ilə təsəlli tapa bilər. 2020/21 mövsümündə UEFA Avropa Liqası, bir il sonra UEFA Konfrans Liqasında bunu bacaran ÇSKA sonrakı illərdə ciddi uğura həsrət qalıb.

 

Cari mövsümə UEFA Avropa Liqasında başlayan ÇSKA “Derri” səddini çətinliklə aşıb. Hər iki matçda qələbə qazanan bolqarıstanlılar minimal fərqə seviniblər – 2:1, 3:2.

 

Qeyd edək ki, “Qarabağ”la ÇSKA arasında ilk oyun iyulun 23-də Bakıda, 30-da isə Sofiyada baş tutacaq.

Paylaş

// pop up