RƏŞAD SADIQOV: “DOĞMA KOMANDAMA GÜZƏŞT ETMƏYƏCƏM” (supersport.az)

single-news
1 Fev 2010

RƏŞAD SADIQOV: “DOĞMA KOMANDAMA GÜZƏŞT ETMƏYƏCƏM” (supersport.az)



RƏŞAD SADIQOV: “DOĞMA KOMANDAMA GÜZƏŞT ETMƏYƏCƏM” (MÜSAHİBƏ)

“NEFTÇİ” ALTILIĞA DÜŞMƏSƏ, ÇEMPİONAT MARAQSIZ OLACAQ”

“Qarabağ”ın və milli komandanın müdafiəçisi Rəşad Sadıqov Supersport.Az-a müsahibə verib.

- Rəşad, “Neftçi” ilə oyun ərəfəsində nə fikirdəsən?
- Ən əsası azarkeşlər üçün maraqlı oyun olmasını istərdim. Bunun üçün əlimizdən gələni edəcəyik. Bilirsiniz ki, “Neftçi” mənim üçün doğma komandadır. İnşallah, fevralın 3-də ilk dəfə bu kluba qarşı oynayacağam. Daxilimdə həyəcan var: uzun illər şərəfini qoruduğum və sevdiyim komandaya qarşı mübarizə aparacağam.
- Bu komandalar arasında oyunlar həmişə prinsipial xarakter daşıyıb. Hətta “Qarabağ”ın “Neftçi” üçün arzuolunmaz rəqib olduğu bildirilir...
- “Neftçi” neçə müddətdir nəticə göstərməsə də, əvvəllər Azərbaycan futbolunda iz qoyub, hətta deyərdim ki, bəlkə də ölkənin ən böyük klubudur. Buna görə də bu komandaya qarşı rəqiblər bütün gücü ilə oynayır. “Qarabağ” da köklü komandadır və iddialıdır. Qarşılaşma gərgin olacaq. Ancaq əsas odur ki, kobudluq olmasın və azarkeşlər oyundan həzz alsınlar.
- Doğma komandana güzəşt etməyəcəksən ki?
- Qətiyyən yox. Mən doğma qardaşıma belə güzəşt etmirəm. Bunu etsəm, bu, adıma xələl gətirər.
- Eşitdiyimizə görə, “Qarabağ”ın rəhbərliyi futbolçularla görüşüb.
- Bəli, klubun vitse-prezidenti Tahir bəy bizimlə görüşdü, həm dost, həm də rəhbər kimi səmimi söhbət oldu, dedik, güldük. O, komandaya böyük inamı olduğunu bəyan etdi. Tahir bəyin görüşü bizim üçün çox faydalıdır. Belə söhbətlərin tez-tez olmasını istərdik. Bilirsiniz ki, o, çox maraqlı və savadlı insandır. Onunla hər dəfə görüşdükdə komandada əhval-ruhiyyə, inam daha da artır. 
- Tahir bəy, sizdən qələbə qazanmağı tələb etdi?
- Bizdən meydanın hər qarışı uğrunda sonadək vuruşmağı istədi. Komandamız var gücü ilə oynayacağına vəd verdi. Nəticəyə gəlncə, bəzən elə hallar olur ki, bu, bizdən asılı olmur.
- Vacib oyun ərəfəsində “Standard”la yoxlama matçında məğlub oldunuz.
- Böyük hesabla uduzduq ki, bu “Qarabağ”ın adına layiq deyildi. Amma yoxlama oyununda nəticə elə də önəm daşımır. Bundan üç gün əvvəl komandamız fiziki cəhətdən məşqlər etmişdi, ağır yükləmələr olmuşdu, güclü yorğunluq vardı. Ona görə də bu gün (dünən-red.) hazırlıq prosesi yüngül oldu. 20 gün Türkiyədə çalışmışıq və Antalya ilə Bakıdakı meydançalar arasında böyük fərq var. “Standard”la oyunu qəti düşünmürük, bütün diqqət “Neftçi” ilə qarşılaşmaya yönəlib.
- Yeri gəlmişkən, Sumqayıt klubu Premyer Liqada qala bilərmi?
- “Standard”da çox yaxşı kollektiv formalaşdırılıb və bu komandaya uğurlar arzulayıram. Fikrimcə, belə klub elitada qalacaq. İstərdim ki, “Standard” kubok yarışında finala kimi irəliləsin.
- Uzun müddət zədəli olduğun üçün kənarda qalmışdın. İndi formaya düşmüsənmi?
- Antalyadakı oyunlarda özümü çox yaxşı hiss edirdim. Ancaq burada ab-hava fərqli olacaq. Əgər çatışmayan cəhətlər ortaya çıxsa, bunu normal qəbul edəcəm. Ona görə ki, uzun müddət zədəli olmuşam.
- Necə fikirləşirsən, belə heyətlə çempion olmaq mümkündürmü?
- Komandamız yerli, perspektivli futbolçulara güvənir. Bəlkə də biz çoxlarından heyət baxımından geri qalırıq. Əvvəlcə 2-3 futbolçumuz millidə oynayırdı, sonradan bu rəqəm 7-8-ə çatdı. Getdikcə gərginlik artdıqca gənc futbolçularda həyəcan çoxalacaq və istər-istəməz lazımı oyun göstərə bilməyəcəklər. Əsas məqsəd çempionluq deyil. Önəmlisi daha yaxşı oyun göstərib Avrokuboklara vəsiqə qazanmaqdır. Bunu Tahir bəy də bizə deyib. İlk növbədə altılığa düşməliyik. Çempion olmağa gəlincə, şansımız elə də çox deyil. Amma komandamızda iddialı, istəkli futbolçular çoxdur. Bir məqamı da deyim ki, bununla hər şey həll olunmur. İstəyi reallığa çevirmək üçün bacarıqlı, soyuqqanlı olmaq da önəmlidir. Bilirsiniz ki, digər klublar fasilədə yaxşı legionerlər gətirdilər. Bizdə isə yalnız Adamiya transfer olundu ki, o da futbolumuza yaxşı bələddir. Komandamızda zədəlilər çoxdur, Türkiyəyə aparılan futbolçuların bir neçəsi tam formada deyil. 
- Liderlər qrupunda olsanız da, altılığa düşəcəyinizə şübhə ilə yanaşırsan.
- Qəti arxayınlaşmaq olmaz. Çempionat gərgin olacaq. Qarşıdakı 5 oyundan minimum 5 xal qazanmalıyıq ki, altılığa düşək. Amma heç bir komanda asanlıqla məğlub olmayacaq, güzəşt etməyəcək, sonadək mübarizə aparacaq. “Standard”ın yoxlama oyununda necə vuruşduğunun şahidi oldunuz. Ölkədaxili yarışlarda daha ağır qarşılaşmalar olacaq.
- Çempionluğa daha şanslı hansı komandanı hesab edirsən?
- “Xəzər Lənkəran”ı.
- Doğma komandan haqda nə düşünürsən?
- “Neftçi”nin altılığa düşməmək təhlükəsi var. Məsələ burasındadır ki, bu komandanın 4 oyunu iddialılarladır və hamısında qələbə vacibdir. “Neftçi” bu oyunlardan qalib ayrılsa, liderə çevriləcək. Çox istərdim ki, keçmiş komandamı altılıqda görüm. Əks halda, çempionat maraqsız olacaq.
- Vaqif Cavadovun gedişi komandada problem yaratmayacaq ki?
- Xeyr. Vaqifin gedişi böyük itki olmayacaq. Ona görə ki, komandamızda aparıcı futbolçular çoxdur və biz kollektiv oyun göstəririk. Çalışacağıq ki, onun burada olmadığını hiss etdirməyək.   

Paylaş

// pop up