Rəşad Sadıqov:`Qarabağ` mənə daha da doğmalaşdı`

single-news
14 Mar 2011

Rəşad Sadıqov:`Qarabağ` mənə daha da doğmalaşdı`



`Qarabağ`ımız son 8 oyunda ardıcıl qələbələrlə yenidən medallar uğrunda mübarizəyə qoşulub. 4-cü pillədəki `İnter`i 5 xal üstələyən `Qarabağ`ımız 2-ci sıradakı `Xəzər-Lənkəran`dan 2 xal geridə qalır.  Final mərhələsində növbəti rəqibimiz çempionatın sürpriz iddialısı AZAL olacaq. `Təyyarəçi`lərlə oyundan öncə `Qarabağ`ımızın müdafiəçisi, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov saytımıza öncə `İnter`lə baş tutan son oyun haqqında danışıb:`2:0-lıq qələbə qazansaq da, oyun heç də gözlənildiyi kimi asan olmadı. Rəqib taktiki cəhətdən oyuna yaxşı hazırlaşmışdı. Meydanda bizə boş yer verməməyə çalışırdılar. Gərgin oyun oldu. Əsas odu ki, lazım olan məqamda fərqlənə bildik. `İnter`in yaxşı oyun modeli var. Zənnimcə, `bankir`lər sona qədər mübarizə aparacaq`.
Ötən mövsümün ən yaxşı futbolçusu 8 oyunluq qələbə seriyası və qarşıdan gələn AZAL-la oyun barəsində də fikirlərini bildirib:`Açığı, qələbə seriyası haqqında fikirləşmirik. Çünki, nəzəri cəhətdən bu bizə heç nə vermir. Biz hər bir oyuna xüsusi köklənməyə çalışırıq. Düzdü, istənilən halda belə seriya futbolçu üçün yaxşıdır. Amma bu seriya bizə AZAL-la oyunda 3 xal verməyəcək. AZAL `Xəzər-Lənkəran`ı son turda məğlub etməklə bir daha güclü komanda olduğunu sübut edib. AZAL-la oyun mənə görə mövsümün ən vacib oyunudur.  Ona görə də çətin oyuna indidən köklənməyə çalışırıq`.
Qışda yenidən doğma komandamıza dönən Rəşada adaptasiya ilə bağlı da danışdı:`  Deməzdim ki, uyğunlaşma problemi oldu. Həm aradan elə də böyük zaman da keçməyib, həm də hamısı eyni uşaqlardı. Əksinə deyərdim ki, qısa ayrılığın mənə xeyri də dəydi. `Qarabağ`ın dəyərini daha yaxşı anladım. Bu komanda mənə daha da doğmalaşdı.`
29 yaşlı müdafiəçi `Qarabağ`ın premyerliqadakı hədəfləri barəsində də danışıb:``Qarabağ`da elə bir mühit var ki hər kəs futbol haqqında fikirləşir. Rəhbərlik elə mühit formalaşdırıb ki, komanda üzərində heç bir təzyiq hiss etmir. Əsas hədəfimiz avrokuboklardır. Əla, mehriban kollektivimiz var. Başımızı aşağı salıb öz işimizi görürük. Qarşıda bizi bir-birindən çətin 9 oyun gözləyir. Yenə də qeyd edirəm ki, əsas məqsədimiz hələlik AZAL-la oyundur. AZAL-la oyunda sonra isə növbəti rəqib haqqında fikirləşəcəyik. Bu bizim artıq bizim psixologiyamızdı.`   

 

Paylaş

// pop up