Respublika stadionunda üç qol
Respublika stadionunda üç qol
“Qarabağ” – “Lüdoqorets” – 1:2
Olavio Juninyo, 65// Dinis Almeyda, 56, Kayo Vidal, 87
Komandamız növbəti avrokubok oyununu keçirib. “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb. “Lüdoqorets”lə Bakıdakı görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Baş məşqçimiz Qurban Qurbanov əvvəlki iki avrokubok matçı ilə müqayisədə start heyətdə dəyişiklik etməyib. Komandamız meydana aşağıdakı “11-lik”lə çıxıb: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Olavio Juninyo.
İlk dəqiqələrdən təşəbbüsü ələ alan komandamız ərazi üstünlüyünə yiyələnib. Buna baxmayaraq, ilk 45 dəqiqə qarşılıqlı hücumlarla keçib. Hər iki tərəf hücumlar qursa, çərçivəyə dəqiq zərbələr çox olmayıb. Nəticədə fasiləyədək hesab açılmayıb.
İkinci hissə də eyni ssenari ilə başlayıb. Qonaqların hücumların birində hesabı açıblar. Komandamızın cavabı 9 dəqiqə sonra gəlib. Olavio Juninyo çoxsaylı hücumlardan birini dəqiq zərbə ilə tamamlayıb – 1:1. Bu, braziliyalının cari mövsümdə Çempionlar Liqasında 5-ci qolu olub.
İkinci yarıda Elvin Cəfərquliyev, Mateus Silva və Hamidu keyta da meydana çıxıb. Komandamız qələbə qolu üçün hücumlar təşkil etsə də, rəqibin qapısına yol tapa bilməyib. Bolqarıstan çempionu isə hakimin final fitinə üç dəqiqə qalmış Kayo Vidalın qoluna sevinib. Beləliklə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda keçiriləcək.