Riçardın 9-u, 2 il sonra

1 Apr 2013
Riçardın 9-u, 2 il sonra
`Qarabağ`ımız premyerliqanın son turunda `Qəbələ`ni qəbul etdi. Cari mövsümdə 5-ci dəfə qarşı-qarşıya gəldiyimiz rəqibə qarşı komandamız ilk qələbəsini əldə etmək istəyirdi. Baş tutan 2 çempionat, 2 kubok qarşılaşamasında qəbələlilər ilk görüşdə qələbə qazanmış, son 3 oyun isə bərabərliklə başa çatmışdı. Ümumiyyətlə, komandamız adıçəkilən rəqibinə qarşı son zamanlar xoş olmayan seriya ilə üzləşmişdi. 2 ildir `qırmızı-qara`ları yenə bilməyən komandamız nəhayət tilsimi qırdı ki, bu haqda az sonra.
Adətən, milli oyunlardan geri dönən komandamızın çempionatda problemlərlə qarşılaşdığını nəzərə alsaq bu dəfəki qarşılaşma maraq dairəsində idi. 10 futbolçusunu millilərə göndərən komandamızda Branimir Subaşiç də zədə səbəbindən ayrılıqda çalışmalı oldu. Matça qədər isə Vüqar Nadirovun cəza, Vaqif Cavdovun isə zədə səbəbindən oyunu buraxacağı məlum idi.
Belə də `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov rotasiyaya əl atmalı olmuşdu. Sevindirici haldır ki, qış transferlərimiz Opara, Torres, Reynaldo da hazır vəziyyətdə idilər. Belə də sol cinahı Reynaldoya, Oparanı topla təmin etməyi komandamızda debüt edən Torresə həvalə edən Qurban müəllim Riçardı meydanın mərkəzinə çəkmiş, Namiqi isə ehtiyatda əyləşdirmişdi. Qızdırmalı olan Varvodiçi isə qapıda Fərhad əvəzləmişdi.
AFFA-nın məlum qərarına əsasən boş tribunalar önündə keçirilən oyuna komandamız topa nəzarətlə başlasa da, ilk 2 həmlə qonaqlardan gəldi. Bu oyun boyu rəqibin yadda qalan yeganə ciddi həmləsi oldu. Oyunun geridə qalan hissəsində Fərhadın elə də işi olmadı. Oyunun gedişində daha istəkli görsənən komandamızın bir neçə həmləsi bəhrə vermədi. Amma gözlənilən qol 37-ci dəqiqədə gəldi. Oparaya qarşı kobudluqdan sonra qeydə alınan cərimə zərbəsini Riçard Almeyda mükəmməl zərbəylə tamamladı. Cari mövsüm 9-cu qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi bu məziyyətini də nümayiş etdirməklə potensialını bir daha nümayiş etdirdi.
İlk yarı bu hesabla başa çatdı. 2-ci hissəyə qəbələlilər daha aqressiv başlasa da, Rəşad Abdullayevin qapının üstündən keçən zərbəsindən başqa yadda qalan bir şey olmadı. Hissənin ortalarında Muaremi oyundan çıxarıb, Əfranı döyüşə atan Qurban müəllim son 10 dəqiqədə Namiq və Hacını meydana buraxaraq orta sahəni gücləndirdi.
Belədə oyunda başqa qol olmadı və komandamız 1-0-lıq qələbəylə final mərhələsindəki ilk 3 xalını qazandı. 3-cü sırada möhkəmlənməyimizə səbəb olan bu qələbə qeyd etdiyimiz kimi `Qəbələ` üzərində 2 il ,1 ay sonra analaoji uğura imza atdıq. 2011-ci ilin 13 fevralında premyerliqanın XX turunda baş tutan görüşdə `Qarabağ`ımız Suraxanı qəsəbə stadionunda 3:0-lıq qələbə qazanmışdı. Belədə 10 oyun sonra nəhayət komandamız qələbə qazanaraq bu uğursuz seriyaya son qoydu.