ROMAL HÜSEYNOV DA MİLLİYƏ DƏVƏT OLUNACAQ (525ci qəzet, 22.09.2006)
22 Sen 2006
ROMAL HÜSEYNOV DA MİLLİYƏ DƏVƏT OLUNACAQ (525ci qəzet, 22.09.2006)
Oktyabrın 7-də Portuqaliya və 11-də Belçikanın qonağı olacaq millimiz artıq ilkin iştirak ərizəsini UEFA-ya göndərib. Siyahıda bir sıra futbolçuların adları yer alıb. Onların demək olar ki, hamısı Şahin Diniyevin rəhbərliyi altında son yoxlama və rəsmi oyunlara çıxanlardır. Zədəsi "Qarabağlı sağalan Azər Məmmədovla "Xəzər-Lənkəran"lı Mikayıl Yusifov düşərgəyə çağırılacaq. Yığmanın heyətində yalnız 2 yeni ad olacaq. "Olimpik"li Usim Nduka və "Karvan"lı Ernani Pereyra da ümumi siyahıda yer ala bilər. Lakin böyük ehtimalla, Nduka gələn oyunlarda iştirak etməyəcək.
"Xəzər-Lənkəran"la matçı izləyən Şahin Diniyev onun göstərdiyi futboldan razı qalmayıb. Necə deyərlər, öz klubunda 25 dəqiqə forma geyinən legionerin millini gücləndirəcəyi real deyil. Ş.Diniyev Pereyra barədə də qəti fikir deməyib. "Karvan" - "Gənclərbirliyi" görüşünü izləmək üçün Yevlaxa yollanacaq çalışdırıcı onu "iş başında" görəndən sonra son qərarını verəcək. Qazaxıstanla oyundan sonra millinin ünvanına tənqidi fikirlər səsləndirən Ruslan Abbasovun komandadan kənarlaşdırıldığı deyilirdi. Lakin Diniyev bunu təkzib edir. Baş məşqçi qarşıdakı səfərdən sonra Romal Hüseynovu da heyətə qatacaqlarını istisna etmir. "Neftçi" - "Qarabağ" qarşılaşmasını izləyən məşqçi onun oyununu bəyənib. Yığma önümüzdəki oyunların hazırlığına oktyabrın 1-də başlayacaq. "Neapol" otelində məskunlaşan kollektiv ayın 4-dən 5-ə keçən gecə Türkiyəyə yola düşəcək. Oradan isə Portuqaliyaya istiqamət alacaq. Meydan sahibləriylə oyun Portu şəhərində baş tutacaq. Komanda qaldığı yerdən vətənə qayıtmayaraq, birbaşa Belçikaya gedəcək. Diniyev səfərə çıxacaq fubolçuların tam siyahısını gələn turu izlədikdən sonra verəcək. Ş.Diniyev açıqlamasında deyib: "Bizi qarşıda çox çətin oyunlar gözləyir. Səfər matçları xüsusilə gərgin olur. Yığmaya tam hazır futbolçuları dəvət edəcəyəm. Özünü doğrultmayanlara yığmada yer olmayacaq. Qarşıdakı görüşlərə ciddi hazırlaşaraq, oyunlarda meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Başqa çıxış yolumuz yoxdur". Azərbaycanın rəqibi olacaq Portuqaliya yığması millimizlə oyun ərəfəsində itkiylə üzləşib. Rəqib ölkə mətbuatının məlumatına görə, baş məşqçi Luis Felipe Skolari almacıq sümüyündən xəsarət alan "Fulhem"in yarımmüdafiəçisi Luiş Boa Mortenin xidmətindən istifadə edə bilməyəcək. Futbolçu komanda yoldaşı Heydur Helquson ilə toqquşaraq zədə alıb və onun ayyarımdan sonra meydana qayıdacağı bildirilir. Bu barədə "Fulhem"in məşqçisi Kris Koulman deyib: "Luişin almacıq sümüyü əzilib. Ehtimal olunur ki, o, qoruyucu maska ilə oynamalı olacaq, ona görə də meydana qayıtmasını səbirsizliklə gözləyəcəyik".