Romal "Qarabağ"da xoşbəxtdir (üç nöqtə, 26.08.2006)

single-news
26 Avq 2006

Romal "Qarabağ"da xoşbəxtdir (üç nöqtə, 26.08.2006)



BU KOMANDADA OYNAMAQ ONUN UŞAQLIQ ARZUSU OLUB Romal Hüseynov 16 yaşında milli komandamızda oynayan ən gənc futbolçu olaraq qalır. Dörd il əvvələ təsadüf edən bu hadisənin üzərindən müəyyən müddət keçsə də, onun rekordunu təzələyən olmayıb. Lakin ölkənin ən perspektivli gənclərindən biri bu gün yığma komandadan kənarda qalıb. Millidə gəncləşdirmə siyasəti apardığını iddia edən Şahin Diniyev onu düşərgəyə çağırmır. Niyə? Bunun səbəbi bizə məlum deyil. Heç Hüseynovun özünə də. Yığmaya çağırılmamasından təəccüblənən havbekin gələcək dəvəti gözləyir. O da ya qismət. Yığmaya çağırılmasa da, bu onun Ağdam klubundakı mövqeyinə qətiyyən təsir etmir.- "Qarabağ" qarşısına çempionluq məqsədi qoyub. Səncə, buna nail ola biləcəksiz? - Çempionatda güclü rəqabət yaranıb. Beş-altı eyni gücdə olan komanda var. Onlardan biri də "Qarabağ"dır. Çempion olmağa ən çox şansı olanlardan biri də bizik. Məncə, hər şey öz əlimizdədir. Çempion ola bilərik. - "Qarabağ"ın digər komandalardan üstünlüyü nədir? - Çox gözəl kollektivimiz var. Ən böyük üstünlüyümüz də bundadır. Futbolçular son dəqiqəyədək mübarizə aparır. Bu cəhətinə görə də o, digər komandalardan çox fərqlənir. - Axır vaxtlar ardıcıl sarı vərəqə almağa başlamısan. Deyəsən, yenə sərtlikdən əl çəkmək istəmirsən? - Nə bilim... Beləyəm də. "Gilan"la oyunda yenə sarı kart aldım. Düzü, mən meydana çıxanda tam başqa Romal oluram. Həyatda isə tam başqayam. Meydana çıxanda heç nəyi fikirləşmirəm. Nə sarı vərəqəni, nə də qırmızını. Mübarizədən də çəkinmirəm. Gərək heç nədən çəkinməyəsən. Çəkindin, səndən futbolçu olmayacaq. Uşaqlıqdan mənim başıma bunu yeridiblər. Qələbə qazanmaqdan başqa ağlıma nəsə girmir. Sınıb-sındırmaq da bunun üçündür (gülür). Uduzmağı sevmirəm və bu səbəbdən də uduzanda ətrafdakıların gününü qara edirəm. - Eşitdik ki, "Gilan"la oyunda ayağını yenə zədələmisən? - Hə, elədir. Sözün düzü, Eldənizə qarşı kobud oynadım. Amma bilərəkdən yox. İstədim ki, topu ayağından çıxardım, toqquşduq. Bəlkə də ayağını uzatmasaydı, belə olmazdı. Hər ikimiz zədələndik. - "Qarabağ"a gələndən əsas heyətdə oynayırsan. Deyəsən, Böyükağa Ağayevin gəlişi sənə düşüb? - Baş məşqçi kim güclüdürsə, onu da meydana buraxır. Böyükağa müəllim heç vaxt ayrı-seçkilik salmır, demir ki, bu oynamalıdır, bu qalmalıdır. Məşqlərdə kim yaxşı görünürsə, ona da şans verir. Mən də çalışıram ki, gözündən düşməyim. Ehtiyatda qalmamaq üçün əlimdən gələni edirəm. - "Zimbru"ya məğlubiyyət sənin üçün gözlənilməz olmadı ki? - Vallah, uduzulası oyun deyildi, uduzduq. Get Moldovada heç-heçə oyna, gəl burada uduz. Özü də hesabda irəli olduğun halda. Arxayınçılıq öz işini gördü. Oyun qurtaranda isə özümə gələ bilmirdim. Elə bil şokdaydım. Sanki yuxuydu. - Rəhbərlik qələbə müqabilində nə qədər mükafat qoymuşdu? - Onu bilmirəm. Bizdə mükafatı heç vaxt oyundan əvvəl demirlər. Amma zəhmətimizin əvəzini görürük. Rəhbərlikdən çox razıyam. İnsan adamdılar, futbolçunun qiymətini verirlər. Sevinirəm ki, nə yaxşı, bu klubda oynayıram. Tək mən yox, bütün uşaqlar rəhbərlikdən razıdır. - "Turan"ı tərk edəndən sonra bir çox klublardan dəvət almışdın. "Qarabağı" seçməyə peşman deyilsən ki? - Yox. Heç vaxt "Qarabağ"a keçidimə peşman olmamışam, olmaram da. Fikrim var ki, müqaviləmin müddətini yenə uzadım. Bu komandada oynamaq mənim uşaqlıq arzum olub. - Ağdam klubundakı maddi vəziyyət səni qane edirmi? - Verilən pulların hamısı gəldi-gedərdi. Məni razı salan ordakı şəraitdir, münasibətdir. "Qarabağ"da ayrı-seçkilik görməzsən. - Niyə səni yığma komandaya dəvət etmirlər. Heç Şahin Diniyevlə bu barədə söhbətin olmayıb? - Nə deyim? Mən onsuz da öz oyunumla nəyi bacardığımı göstərirəm. - Deməli, indi yığmada oynamağa özünü tam layiq bilirsən? - Yenə həmin Romal Hüseynovam. On beş-on altı yaşında millidə oynayan Romal dəyişməyib. "Qarabağ"a gələndən sonra oyunum daha da təkmilləşib. Yəqin zəif olsaydım, "Qarabağ"a da götürməzdilər. Kiminsə mənim barəmdə minnətçi düşməsini xoşlamıram. - Bəlkə Diniyevlə şəxsi münasibətlərin yaxşı deyil? - Mən ilk dəfə milli komandaya çağırılanda Şahin Diniyev ikinci məşqçi idi. Gör, neçə illərdir məni tanıyır. Həmin vaxt "Hammarbü" komandasına transfer söhbəti olanda bu işin içində o da varıydı. İsveçlilərlə danışığı da Şahin müəllim aparırdı. Münasibətlərimiz normal olub. - Səncə, bugünkü milli idealdır? - Yığma komandanın oyunlarına nə stadionda, nə də televizordan baxmağa imkanım olmayıb. - Ukraynaya 0"::6 hesabıyla uduzanda ağlından nə keçdi? - Şoka düşdüm. İnanmırdım. Hətta 27 dəqiqəyə üç qol buraxdığımızı radiodan eşidəndə yenə inanmadım. - Zədən nə yerdədir? - Düzəlir. Arada ağrı versə də, dözməliyəm. Dekabrda Türkiyəyə gedəcəm. İstəyirəm ki, Mehmet Binnət ayağımı yenə əməliyyat eləsin. Ayağıma bir neçə mil qoyublar, indi onları çıxartmaq lazımdır. Belim də düzəlib. "Zimbru"yla Moldovadakı oyunda erməni futbolçu arxadan belimə vurdu. Özü də bilərəkdən elədi. Mən də sonra acığımı çıxdım. Bolqarlarla oyundan sonra uzun müddət özümə gələ bilmədim. Yaxşı ki, son iki ildə yenə üzdəyəm.

Paylaş

// pop up