Romal "Qarabağ"ı adına görə seçib (EXPRESS, 17.03.2006)

single-news
17 Mar 2006

Romal "Qarabağ"ı adına görə seçib (EXPRESS, 17.03.2006)



Qış fasiləsində "Turan"ı "Qarabağ"a dəyişən Romal Hüseynov artıq ağdamlıların əsas heyətində özünə yer edib. Yarımmüdafiəçi komandanın ikinci dövrədə keçirdiyi bütün oyunlarda meydanda olub. Gənclər millimizin kapitanının hədəfi bundan sonra yaxşı oyun göstərib əsas milliyə də dəvət almaqdı. - Mənə qış fasiləsində bir neçə klubdan təkliflər oldu. Amma nədənsə "Qarabağ"ı daha üstün tutdum. Çünki Ağdam klubunun formasını geymək, uğurları üçün tər tökmək çoxdankı arzum idi. Arzum reallığa çevrildiyi üçün sevinirəm. Özümdə etimadı doğruldacağıma inam hiss edirəm. Uşaqlıqdan Ağdam klubunda adına görə oynamaq istəmişəm. Məncə, itirilmiş torpaqlarımızı xatırladan "Qarabağ"ın şərəfini qorumağı çoxları arzulayır. Şükür Allaha ki, mənə də komandanın formasını geymək nəsib oldu. Bunu özümə şərəf sayıram. - Xidmətində maraqlı olan digər klubların təklifləri arasında daha cəlbedicisi oldumu ki, onu "Qarabağ"da oynamaq istəyinə qurban verdin? - "Turan"dan ayrılmaq istəməzdim. Tovuz klubunda elə vəziyyət yaranmasaydı, ordan ayrılmayacaqdım. "Turan" həmişə sözünü deyən komanda olduğundan elə iddialı kollektivdən ayrı düşməyi ağlıma gətirmirdim. Amma birdən-birə vəziyyətin belə hal alması məni də dilemma qarşısında qoydu. Çox pis oldum. Belədə məsləhət görənlər oldu ki, daha iddialı komandalara keçim. Amma məlum səbəblər üzündən "Qarabağ"a gəldim. - Səncə iddiasına görə əvvəlki komandandan geri qalan "Qarabağ"da möhkəmlənmək çətin olmayacaq ki? - İnşallah, hər şeyin yaxşı alınacağına inanıram. Nəyə qadir olduğumu göstərmək, "Qarabağ"ın uğurları üçün əlimdən gələni əsirgəməməyə çalışacam. Bir sözlə, adına layiq oyun sərgiləyəcəyimə söz verirəm. - "Qarabağ"ın çalışdırıcısı Böyükağa Ağayev də yenicə baş məşqçi postuna gətirilib. Rəhbərliyi altında oynamadığın mütəxəssislə işləməkdə çətinlik görmürsən? - Karyeram dövründə Böyükağa müəllimin baş məşqçisi olduğu komandada oynamasam da, bir-birimizi az-çox tanıyırıq. Həm də gənclər yığmasının heyətində Bolqarıstanda dizim zədələnməzdən öncəyədək o komandada ikinci məşqçi kimi fəaliyyət göstərirdi. Həmin dövrdə Böyükağa müəllimin məşqçi kimi hansı keyfiyyətlərə malik olduğunu görmüşəmsə, o da eyni dərəcədə mənə bələddi. Bəyəndiyim məşqçidi və mənə çox köməyi dəyib. Burda da hansısa problem yaşayacağımıza inanmıram. Fikrimcə, bir-birimizi yaxşı başa düşəcəyik. - Mövsümün ortasında iddialı komandanı ortabab kluba dəyişdiyinə görə təəssüflənmirsən? Çünki çempionluqdan əli üzülən yeni komandanın yalnız kubokda şansı var. - Söz yox, "Turan" birinci dövrədə "Qarabağ"a nisbətən daha uğurlu çıxış edib. Amma Ağdam klubu da həmişə iddialılardan olub. Yəni hazırki vəziyyətinə görə ortabab olmasına rəğmən, "Qarabağ"ı seçdiyimə görə peşman deyiləm. Ən azı "Qarabağ"ın həmişə adı olub, çempionluq qazanıb. Mükafatçılar sırasına düşmək çətin olsa da, kubokda şansımız qalır. İlk oyunda "Bakı"nı 3:2 hesabıyla yenmişik. İndi qalır ikinci matçda da yaxşı nəticə göstərib yarımfinala adlamaq. - Müqavilənin müddəti növbəti mövsümün dövrlələrarası fasiləsində bitəcək. Niyə məhz birillik müqavilə? - Məncə, bu elə də böyük əhəmiyyət daşımır. Əslində "Qarabağ" məni Tovuz klubundan birilliyə icarəyə götürüb. Yeni komandamda çıxışım uğurlu alınarsa və rəhbərlik istərsə, transfer hüququma tam yiyələnə də bilər. Bir sözlə, hər şey mümkündü. Əsas odu ki, mövsümün sonunacaq burdayam. Bütün diqqətimi "Qarabağ"ın uğurlu çıxışına yönəldəcəm.

Paylaş