RUHLARI İŞĞALDAN QURTARAN “QARABAĞ”... (musavat.com)

single-news
13 Yan 2011

RUHLARI İŞĞALDAN QURTARAN “QARABAĞ”... (musavat.com)



“İmarət” fan-klubun təmsilçisi Qabil Hüseynov: “Müharibə olsa, bu gün “Qarabağ”a azarkeşlik edən gənclər elliklə silah götürüb döyüşə gedəcək”
İşğal altındakı Ağdamı təmsil edən “Qarabağ” futbol klubunun uğurları idmanın təbliğatda çox effektli vasitə olduğunu təsdiqləyir

17 ildir davam edən atəşkəsə baxmayaraq Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Bu baxımdan yağı düşmən tapdağı altında qalmış Qarabağımızı azad etmək üçün ölkədə vətənpərvərlik hisslərini gücləndirməyə ciddi ehtiyac var. Bunun üçün effektiv vasitələrdən biri də idman ola bilər. Xüsusən də idmanın ən geniş yayılmış növü olan futbol. Futbolun həm də bir siyasət olduğunu əminliklə söyləmək olar. Elə dövlətlər var ki, onların adı başqa sahələrdən də çox futbolçularına, futbol klublarına, ya da milli komandalarına görə tanınır. Məsələn, Braziliya, Argentina deyəndə hamı öncə futbolu gözü önünə gətirir.

İşğal altında olan Azərbaycanın qədim şəhərlərindən birinin - Ağdamın futbol klubunun “Qarabağ” adı altında beynəlxalq yarışlarda uğurlu çıxışları da həm futbol azarkeşləri olan gəncləri Qarabağın azadlığı ideyası ətrafında birləşdirmək, onlara işğal olunmuş torpaqların geri qaytarılmasını aşılamaq baxımından, həm də Qarabağın, Ağdamın işğalını xarici ölkələrin idman arenalarında toplaşanlara, geniş idman auditoriyasına çatdırmaq nöqteyi-nəzərindən çox önəmli hadisə idi.

***

“Qarabağ” komandası son iki mövsümdə Avropa kuboklarında qazandığı uğurlarla bütün dünyada özündən söz etdirə bildi. Ağdam klubu maliyyə imkanlarına görə ölkənin ən iddialı klublarından deyil. Amma bu, birmənalıdır - “Qarabağ” Avropa meydanlarında ölkəmizin ən layiqli təmsilçisidir.
“Qarabağ” 2009-cu il, iyulun 23-də (məhz Ağdamın işğalı günü!) Avropa Liqasının oyunları çərçivəsində Bakıda Norveçin adlı-sanlı “Rusenborq” klubunu qəbul edirdi. İlk oyun Skandinaviyada qolsuz bərabərliklə (0:0) başa çatmışdı. “Qarabağ” növbəti mərhələyə yüksəlmək üçün Bakıda mütləq qələbə qazanmalı idi. “Rusenborq” haqqında qısaca onu demək olar ki, bu Norveç klubu Avropanın ən güclü komandalarının yarışdığı Çempionlar Liqasının qrup mərhələsinin daimi iştirakçılarındandır. Komandamız ilk oyunda səfərdə heç-heçə etsə də bunun bir təsadüf olduğunu düşünənlər daha çox idi. Hətta dünyanın ən məşhur bukmeyker kontorları da “Qarabağ”ın Bakıda qələbə qazanmaq imkanlarını minimuma bərabər hesab edirdilər.
Oyunun prinsipiallığını artıran əsas amil isə artıq dediyimiz kimi, “Qarabağ”-"Rusenborq" qarşılaşmasının Ağdamın işğal olunduğu günə (23 iyul) təsadüf etməsi idi. Bunun nəticəsi idi ki, həmin gün Azərbaycanın ən böyük arenası olan Tofiq Bəhramov adına Respublika stadionu tamamən dolmuşdu. Hətta bu tarixi oyunu canlı izləmək üçün ayaq üstə dayananlar, arenanın pilləkənlərində oturanlar da az deyildi. Sanki həmin gün meydanda Ağdamın, Qarabağımızın taleyi həll olunurdu. Futbol bir kənarda qalmışdı, hamının beynindən ancaq bir fikir keçirdi: “Görəsən, nə olacaq?” Hamı ancaq qələbə istəyi ilə alışıb-yanırdı. Ağdam nisgilinin üstünə məğlubiyyət dərdi də gəlməməli idi. “Qarabağ” buna yol verməməli idi!!!
Rəqib isə bayaq da xatırlatdığımız kimi, bir Avropa nəhəngi idi. Amma “Qarabağ”lılar “Rusenborq”la oyuna məhz vətənpərvər oğulların güclü düşmənlə mübarizəyə atıldıqları kimi başladılar. Ən qürurverici amillərdən biri də o idi ki, “Qarabağ”ın heyətinin əksəriyyəti azərbaycanlı futbolçular idi. Baş məşqçi postunda isə gənc “sərkərdə” Qurban Qurbanov dayanmışdı. Onlar meydanın hər qarışı uğrunda, belə demək mümkündürsə, can qoyurdular.
Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu möhtəşəm qol təkcə stadiona toplaşanları yox, bütün Azərbaycanı, bütün azərbaycansevərləri bir anda ayağa qaldırdı. On minlərlə Qarabağ sevərlər stadionda, minlərlə, bəlkə də milyonlarla soydaşlarımız isə ekran başında “Qarabağ” deyə hayqırırdılar. Komandamız hesabı açdıqdan sonra da müdafiədə oturmaq barədə düşünmürdü. “Qarabağ”lılar ancaq qələbəyə köklənmişdilər. 90 dəqiqə başa çatdı və “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanaraq tarixi uğura imza atdı.
Oyundan sonrakı ab-havanı isə sözlə ifadə etmək çox çətindir. Azərbaycanının hər bölgəsindən olan on minlərlə azarkeşin, ziyalıların, jurnalistlərin, bir sözlə, bütün xalqın gözü sevinc yaşlarına qərq olmuşdu. Sanki Ağdamı işğaldan almışdıq o gecə. Bəlkə də həmin oyunun keçirildiyi gün Ağdamın işğalı gününə təsadüf etməsəydi, “Rusenborq”u uda bilməyəcəkdik. Məhz inanılmaz Qarabağ, Ağdam sevgisi bizi zəfərə daşıdı. Həmin gün hamı “Qarabağ”lı oldu. “Neftçi”nin, “Xəzər Lənkəran”ın, “Turan”ın və bütün klublarımızın azarkeşləri “QA-RA-BAĞ!!!” deyə arenanı silkələyirdilər. “Rusenborq” üzərindəki qələbədən sonra “Qarabağ bizimdir, bizim olacaq” hayqıran soydaşlarımız hələ də indiki kimi gözümün önündədir. Həmin atmosferin şahidi olarkən bir daha aydın olurdu ki, Qarabağ ancaq bizim olacaq. Vətəni bu dərəcədə sevənlərin torpaqları əvvəl-axır işğaldan azad olunacaq. Ağdamın işğal günü qazandığımız tarixi qələbə Bakıda gecə saatlarına qədər davam etdi. Azərbaycanımızın üçrəngli bayrağına bürünmüş xeyli sayda insan maşın karvanları ilə qələbəni qutlayırdı.

***

Bu qələbə müharibə şəraitində olan bir ölkə üçün böyük oyadıcı təsirə malik nailiyyət idi. Həmin gün bütün dünya “Qarabağ”ın qələbəsindən danışırdı. Elə bədnam qonşularımız da. Ağdam klubunun güclü rəqibini məğlub etməsi müzakirə olunurdu. Dünyanın ən nüfuzlu qəzetlərində “Qarabağ”ın işğal olunmuş bir bölgənin təmsilçisi olduğu barədə məlumatlar tirajlandı. Hamının gözü Ağdam klubuna dikildi. “Qarabağ”ın uğurunda böyük pay sahibi olan Vaqif Cavadov Hollandiya çempionu “Tvente”yə transfer olundu. Həmin hadisəni də futbol siyasətimizin uğuru kimi dəyərləndirmək olar. Məhz həmin “Tvente” də komandamız önündə çətin anlar yaşamışdı və hollandiyalılar daha sonra Vaqifə “elçi” düşmüşdülər. Nəticədə Avropanın adlı-sanlı klubunda azərbaycanlı futbolçunun adına rast gəlindi.
“Qarabağ” bir il sonra Avropada daha böyük uğurlara imza atdı. Təmsilçimiz Avropa Liqasında üç mərhələ adlayaraq pley-off mərhələsində oynamaq hüququ qazandı. Ağdamı təmsil edən komanda ilk Azərbaycan klubu idi ki, qitə miqyaslı turnirlərdə 3 mərhələ keçmişdi. Komandamızın qrup mərhələsinə gedən yolunu isə hazırda Almaniya çempionatının vahid lideri olan “Borussiya” (Dortmund) kəsdi.
Artıq dünyanın hər yerində “Qarabağ”ı tanıyırlar. Avroliqada 3 mərhələ adlayan komandanı hər bir rəqib ciddiyə almağa borcludur. Elə “Borussiya” kimi əzəmətli komandanın nümayəndələri də komandamızla oyun öncəsi son dərəcə ehtiyatla danışır, “Qarabağ”ın gücünü küçümsəməkdən aşkar çəkinirlər. İndi dünyanın ən nüfuzlu bukmeyker kontorları da “Qarabağ”ın asan rəqib olmadığını açıqladıqları əmsallarla təsdiqləyirlər. Bir daha yada salaq ki, “Qarabağ”ın digər Azərbaycan klublarından fərqi onun heyətinin əsasının yerli oyunçulardan təşkil olunmasıdır. Komandanın uğurlarında böyük pay sahibi olan millimizin kapitanı Rəşad Sadıqov Türkiyənin ən güclü klublarının mübarizə apardığı superliqa təmsilçisi “Əskişəhərspor”a transfer olunub. “Qarabağ”lılardan Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Rəşad Sadiqov, Fərhad Vəliyev kimi istedadlı oyunçular Azərbaycan millisinin də şərəfini qoruyurlar.
Bir sözlə, Ağdamın “Qarabağ” adlı bir komandası ölkədə vətənpərvərlik istiqamətində bir nümunə olub. İndi yetişməkdə olan hər bir azərbaycanlı özünü “Qarabağ”ın oyunçularının yerində görmək istəyir, onların yolunu davam etdirməyə meyllənirlər.
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəllə söhbətimiz zamanı da Ağdam klubunun bir vətənpərvərlik nümunəsi olduğunun şahidi olduq. O deyir ki, “Qarabağ”ın Avropa kuboklarında çıxışı zamanı xaricdə yaşayan azərbaycanlıların necə fəallıq göstərdikləri adamı çox sevindirir: “Onların ”Qarabağ"a verdikləri möhtəşəm dəstəyə heyran oluruq. Eyni zamanda Azərbaycan xalqının birlik və bərabərlik ruhunun irəli getməsini müşahidə edirik".
Klub rəsmisi “Qarabağ”ın daha böyük uğurlar əldə etməsi üçün bütün səyləri ortaya qoyduqlarını da diqqətə çatdırdı: “Komandamızın adının ”Qarabağ" olması uğurlarımız zamanı azarkeşlərimizdə ikiqat sevinc hissi yaradır. Bunun məsuliyyətini yaxşı başa düşürük. Hədəfimiz Azərbaycana daha böyük qələbələr bəxş etməkdir".
“Qarabağ” komandasına daim dəstək verən “İmarət” adlı fan-klub da fəaliyyət göstərir. Klubun sadiq azarkeşlərinin bir yerə yığıldığı qurum hazırda erməni işğalı altında olan Ağdam şəhərindəki stadionun adından götürülüb. “İmarət” sözünün tarixi hələ Qarabağ xanlığının vaxtına təsadüf edir. Bura Qarabağ xanlarının məskəni olub.
“İmarət”in rəhbərlərindən biri Qabil Hüseynov bizimlə söhbətində maraqlı məqamlara toxundu: “Fan-klubumuzun fəaliyyətə başlaması 2009-cu ilə təsadüf edir. Biz o vaxt düşündük ki, ”Qarabağ" komandası Ağdamın işğalından sonra demək olar bütün oyunlarını səfərdə oynayır. Bunun üçün Ağdam yadigarı olan əziz komandamızı dəstəkləmək üçün birləşməyi qərara aldıq. Üzvlərimizin sayı 100-ə yaxındır. Biz digər fan-klublardan fərqli olaraq heç kimdən maddi dəstək almırıq. Bu da müstəqil olmağımıza və istədiyimiz sözü hər kəsə deməyimizə şərait yaradır. Gördüyümüz işlərlə Azərbaycanda azarkeş mədəniyyətin formalaşdırmaq və yeniliklər etmək fikrindəyik. Sıralarımıza qoşulan gənclər hər biri savadlı, sağlam düşüncəli və vətənpərvər gənclərdir. Qarabağ adını təkcə futbolda yox hər yerdə dəstəkləməyə çalışırıq. Bu gün mənimlə “Qarabağ”ın oyununa gələn yoldaşlarımın sabah müharibə olsa, hamılıqla silahı götürüb döyüşə qoşulacaqlarına şübhəm yoxdur. Avroliqada “Qarabağ”ın bütün oyunlarında stadionda olmuşuq. Azərbaycan premyer-liqasında isə klubumuzun ev oyunlarının hamısında, səfər görüşlərinin az bir qismində iştirak edirik. Səfər oyunlarına getməməyimizin tək səbəbi maddi çatışmazlıqdır. Ötən il dekabrın 30-da “Qarabağ” komandasının veteran oyunçusu Aslan Kərimovun ad gününü və komandamızın yeni ilini təbrik etmək üçün fan-klub olaraq tədbir keçirdik. Tədbirə baş məşqçi Qurban Qurbanov, futbolçulardan Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılov və Aslan Kərimov özü gəlmişdi. Mətbuatı da dəvət etmişdik. Yanvarın 1-də Aslan Kərimovun 38 yaşı tamam olurdu. “Qarabağ”ın hazırkı heyətində o vaxt “İmarət”də oynamış yeganə futbolçu məhz Aslan Kərimovdur. Həm də artıq bu il futbolla vidalaşır. Bunları nəzərə alıb Aslanı ictimaiyyət önündə təbrik etdik və ona gümüşdən hazırlanmış mükafatımızı verdik".
Q.Hüseynov hərdən “Qarabağ”lı oyunçularla futbol oynadıqlarını da qeyd etdi: “Bizimlə kiçik meydançada futbol oynayırlar. Onları sevdiyimiz kimi onlar da bizim haqqımızda müsbət düşüncədədirlər. Komandamızın səfər oyunlarına gedə bilməyəndə zəng edib futbolçuları ruhlandırır və onlardan qələbə gözlədiyimizi bildiririk. Yeri gəlmişkən, fan-klubumuz milli komandamıza da dəstək verir. Türkiyə ilə oyunda stadionda açdığımız yazıya qardaş ölkənin və bizim mətbuatda geniş yer ayrılmışdı”.
Qeyd edək ki, “Qarabağ” “Neftçi” və “Turan”la birgə Azərbaycanın bütün milli çempionatında güclülər dəstəsində oynamış 3 klubdan biridir. Ağdam klubu iki dəfə ölkə çempionu olub, üç dəfə də Azərbaycan kubokuna yiyələnib. Onun Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsinə verdiyi töhfələr isə heç nə ilə ölçülə bilməz...

Vüsal MEHDİOĞLU

Paylaş

// pop up