RUSİYA FUTBOLUNUN TARİXİ QƏLƏBƏSİ

single-news
19 May 2005

RUSİYA FUTBOLUNUN TARİXİ QƏLƏBƏSİ



Portuqaliyanın Lissabon şəhərində UEFA kubokunun 2004/05-ci illər mövsümü üzrə qalibi məlum oldu. Həlledici qarşılaşmada yerli "Sportinq" Rusiya MOİK-ini qəbul edirdi. Matça sürətli hücumlarla başlayan "ev" sahibləri 29-cu dəqiqədə istəklərinə çatdılar. Rojerio möhtəşəm zərbəylə "Sportinq"in avrokuboklardakı 300-cü qolunun müəllifi oldu. Qoldan sonra görüş əsasən meydan sahiblərinin üstünlüyü ilə keçsə də, fasiləyəcən hesab dəyişmədi. Fasilədən sonra isə "hərbçilər" lissabonluları bütün oyun komponentlərində üstələdilər. Əvvəlcə 57-ci dəqiqədə Aleksey Berezutski "Status-kvo"nu bərpa etdi. 9 dəqiqə sonra Jirkov MOİK-i hesabda önə keçirdi. Final fitinə 15 dəqiqə qalmış isə qonaqların braziliyalı legioneri Vaqner Lav görüşdə son nöqtəni qoydu 3:1. MOİK-in digər braziliyalısı Daniel Karvalyo finalın ən yaxşı oyunçusu seçilib. Görüşdən sonra "Sportinq"in baş məşqçisi Joze Peşeyru kubokun etibarlı əllərdə olduğunu deyib: "MOİK bu mövsüm qarşılaşdığımız ən güclü komandadır. Görüşdən əvvəl rəqiblər arasında səviyyənin bu qədər fərqli olacağını düşünmürdüm. Moskvalıların oyun üslubunu dərindən öyrənsək də, bu qələbə üçün yetərli olmadı". MOİK-in çalışdırıcısı Valeri Qazzayev isə yetirmələrini və klub prezidentini xeyli tərifləyib: "Avrokuboku qazanan ilk rus klubu kimi tarixə düşdüyümüzə görə çox sevinirəm. Ümid edirəm ki, qarşıdakı mövsümdə digər klublarımız da bizim uğurumuzu təkrarlayacaqlar. Yetirmələrimlə fəxr edirəm. Onların hər biri tərifə layiqdir. Əldə etdiyimiz bütün uğurlara görə klub prezidentimizə borcluyuq. O olmasaydı, çətin ki, bu zirvələrə yüksələ bilərdik". Sonda isə onu da qeyd edək ki, dünən vətənə dönən moskvalıları hava limanında xeyli sayda azarkeş qarşılayıb. Sevimlilərini alqışlarla qarşılayan fanatlar möhtəşəm zəfərin əsas memarı, MOİK-in baş məşqçisi Valeri Qazzayevi hava limanının çıxışından komandanın avtobusunadək əllərində aparıblar.

Paylaş

// pop up