RUSLAM MUSAYEV: "RƏHBƏRLİK (MİLLİ) HESABDAN NƏTİCƏ ÇIXARMALIDIR" (ÇEMPİON,28.03.2005)

single-news
28 Mar 2005

RUSLAM MUSAYEV: "RƏHBƏRLİK (MİLLİ) HESABDAN NƏTİCƏ ÇIXARMALIDIR" (ÇEMPİON,28.03.2005)



Əlbəttə, Polşa millisinə 0:8 hesablı məğlubiyyəti başqa cür adlandırmaq da olmaz. Bu uğursuzluğun səbəbləri içində aparıcı futbolçulardan Samir əliyev, Mahmud Qurbanov, Fərrux İsmayılov, Zaur Tağızadə, Ruslan Musayev və başqalarının yığmaya çağırılmaması göstərilir. Bəs görəsən, qıraqda qalan bu oyunçuların Polşa görüşü barədə fikirləri necədir? Samir əliyev Torresin istefa verməli olduğunu düşünür ”Xəzər-Lənkəran”ın aparıcı futbolçusu və qol ümidi Samir əliyev bunları dedi: “Oyun haqda nə deyə bilərəm? İnanın ki, deməyə sözüm yoxdur. Belə şey olmaz. Klublarında ehtiyatda oturanlar yığmada əsas heyətdə oynayırlar. Buna nə ad verəsən? Oyuna baxanda başa düşmədim ki, kim harada oynayır. Yəqin ki, oyunçular özləri də bunu bilmirdilər. Biz, yəni Zaur Tağızadə, Mahmud Qurbanov və başqaları meydançada olsaydıq, belə nəticə qeydə alınmazdı. Bu məğlubiyyətin başlıca səbəbkarı yığmanın baş məşqçisi Karlos Alberto Torresdir. Torres milli səviyyəsində işləyə bilmir. əgər bizi çağırsalar, bu hesabla olmasa da, yenə uduzacaqdıq. Belə hesabdan sonra özünə hörmət edən məşqçi gərək istefa versin. Bu, bütün dünyada belədir. Özü getməsə də, gərək federasiya rəhbərliyi onu istefaya göndərsin”. Mahmud Qurbanov: “Oyunçular bacarıqlarını göstərdilər” Son vaxtlar əla formada olan ”Neftçi”nin dispetçeri Mahmud Qurbanov da yığmamızın bu məğlubiyyətindən çox təəssüfləndiyini bildirdi: “Polşayla oyunda uşaqlar əllərindən gələni etdilər. Onlar bacarıqlarını meydançada göstərdilər. Məşqçinin oyunçu seçimində yanıldığını deyə bilmərəm. Reallıq o idi ki, məşqçinin güvəndiyi oyunçular bunlar idi. Rəqib çox güclüydü. Məğlub olmaq olardı, amma bu hesabla yox. Bu nəticə mənə çox pis təsir etdi. Deyə bilmərəm, mən çağırılsaydım, vəziyyət başqa cür olardı, yoxsa yox. Amma bir faktdır ki, Torres etdiklərinin bəhrəsini görür”. Ruslan Musayev: “Rəhbərlik hesabdan nəticə çıxarmalıdır” ”Bir ilə yaxındır ki, yığmadan kənarda qalan Qarabağ”ın yarımmüdafiəçisi Ruslan Musayev isə bunları dedi: “Dünən (söhbət dünən olub-red.) futbolumuzun “qara günü” idi. 0:8 hesablı məğlubiyyətə başqa ad vermək olmaz. Deyə bilmərəm ki, biz olsaydıq, başqa nəticə olardı. Hər halda çalışardıq ki, belə nəticə olmasın. Söz deməyə çətinlik çəkirəm. Çünki yığmanın düşərgəsində olmamışam. Komandadaxili atmosferin necə olduğunu bilmirəm. Bəlkə, orada nəsə baş verib, bilmirəm. Bu oyun barədə başqa nəsə deməyim düz deyil. 0:8 hesabından rəhbərlik gərək nəticə çıxarsın”.

Paylaş