Ruslan Musayev Ponomaryovdan gileylənir ( FUTBOL+, 18.08.2005)

single-news
18 Avq 2005

Ruslan Musayev Ponomaryovdan gileylənir ( FUTBOL+, 18.08.2005)



Onun üstündə əvvəlcə rəhbərliklə, sonra isə özü ilə aram pisləşdi" Müsahib kimi Ruslan Musayevi seçməyimiz heç də təsadüfi deyil. Çünki məhz Ruslan birvaxtlar ölkənin ən perspektivli və parlaq gələcək vəd edən oyunçularından idi. Ancaq son vaxtlar o sanki kölgəyə çəkilib. Üzvü olduğu "Qarabağ"da da indi onun əsas heyətin dəyişməz oyunçusu kimi baxmırlar. Son turda Musayev cəmi beş dəqiqə meydanda olmaqla ağdamlıların mövsümə uğursuz başlamasına əngəl ola bilmədi. Bu azmış kimi son dönəmlərdə Ruslanın idman rejiminə əməl etməməsi, vaxtını əyləncələrə həsr etməsi haqda xəbərlər dolaşır. - Hazırda komandadakı durumundan nə dərəcədə razısan? - Burda hər şey qaydasındadı. Heç bir narazılığım yoxdu. - Hələ ötən mövsüm lazımi qədər oynamadığın üçün "Qarabağ"dan getmək istəyirdin. Mövsüm bitəndən sonra bu keçidə nə mane oldu? - Sadəcə, hələ "Qarabağ"la bir il də müqaviləm qaldığı üçün komanda digər kluba keçməyimə mane oldu. Ancaq doğrudan da, başqa klublardan təkliflər var idi. Özüm də burdan ayrılmaq istəyirdim. - Eşitdiyimizə görə, "İnter" də səninlə maraqlanırdı. - Dəqiq deyə bilmərəm. Çünki şəxsən "İnter" rəsmiləri bu haqda mənimlə söhbət etməyib. Ancaq qış vaxtı belə söz-söhbət vardı. - Ötən mövsüm oyun alqı-satqısıyla bağlı "Qarabağ" ətrafında çox söz-söhbət gəzirdi. Buna münasibətin... - Sadəcə, əminliklə söyləyə bilərəm ki, bunlar hamısı yalan idi. Kimə necə sərf edirdi elə danışırdı. "Qarabağ"ın ölkə çempionu olmasını heç kim istəmirdi. Bizim bir müddət turnir cədvəlində irəlidə getməyimiz bu söz-söhbətlərin yaranmasına təkan verirdi. Sadəcə, bu insanlar bizim yaxşı oynamağımızı ağıllarına belə gətirmək istəmirdi. Heç vaxt belə boş söhbətlərə inanmayın. Keçən il komandamız əla vəziyyətdə idi. Sadəcə, üç tur qalmış uğursuzluğa düçar olduq. Düzünü desəm, gücümüz çatmadı. - İqor Ponomaryov komandanı tərk etdikdən sonra sən də həmin addımı atmaq istəyirdin. Bu məşqçiylə bağlı idi? - Mənim üçün Ponomaryovun gedib-getməməyinin heç bir isti-soyuqluğu yoxdu. O getsəydi də, qalsaydı da, bu mənim seçimimə təsir etməyəcəkdi. Mənim qışdan buranı tərk etmək fikrim olub. Sadəcə, müqaviləmin olması qarşıma sədd çəkib. - Bəs indiki məşqçi Elxan Abdullayevlə münasibətlərin necədi? - Çox yaxşı. Çünki mən Elxan Abdullayevi hələ U-21-də işləyərkən tanıyırdım. Mütəxəssislə aramızdakı münasibət lazımi səviyyədədi. - Hələ də əsas heyətdə oynaya bilmirsən. Tovuzda 5 dəqiqə meydanda olmağın bunu sübut etdi. Bu nəylə əlaqədardı? - Mən Qaxda təlim-məşq toplanışında olanda çiynimdən ciddi zədə almışdım. Bu da yaxşı hazırlaşmağıma mane olurdu. Ona görə də komandamın bir çox məşqlərini buraxmaq məcburiyyətində qalmışdım. Ancaq indi lazımi səviyyədə hazırlaşaraq, nəyə qadir olduğumu hər kəsə göstərəcəm. - Yenə kölgədə qalmısan. Halbuki əvvəllər sənə böyük ümid bəslənirdi. Əsl Ruslanı nə vaxt görəcəyik? - Mən qışdan sonra çoxlu problemlərlə üzləşmişəm. İqor Ponomaryov haqda çoxlu söz-söhbətlər vardı. Ona görə də komandayla birgə Antalyaya təlim-məşq toplanışına yollanmadım. Sonradan komandaya qoşulduqdan sonra oynamağa az imkanım oldu. Demək olar ki, heç ikinci dövrədə meydanda olmadım. Rəhbərliklə aramızda bir balaca söz-söhbət vardı. İqor Ponomaryovun üstündə əvvəlcə rəhbərliklə, sonra isə özü ilə aram pisləşdi. Buna görə də ikinci dövrədə futbolsuz qaldım. - Məşqlərə ciddi yanaşmadığın, idman rejiminə əməl etmədiyin haqda xəbərlər dolaşır. - Yenə deyirəm: ötən mövsüm çox problemlərim oldu. Daha doğrusu, bunu ovaxtkı baş məşqçimiz İqor Ponomaryov yaratdı. Ona görə də hətta məşqlərə də gəlmədiyim vaxt olurdu. İqorla aramızın dəyməsinə o özü bais oldu. Sadəcə, mən onun tərəfini saxladım. Ondan isə həmin hərəkəti görmədim. Bu isə kişiyə yaraşan hərəkət deyil. Bunun üçün də komandada nə istəyirdim, edirdim. Düzdü, bu həm də öz ziyanıma idi. Ancaq ona da nəyi isə sübut etmək istəyirdim. - Gələcək karyeranı necə görürsən? "Qarabağ"da qalacaqsanmı? - Düzünü desəm, müqaviləm bitdikdən sonra buranı tərk etmək haqda fikirləşirəm. Heç Azərbaycan klublarının təkliflərini də nəzərdən keçirmək fikrim yoxdu. Sadəcə, legioner həyatı yaşamaq istərdim. Fikrimcə, Rusiyada və Türkiyədə oynamağı bacararam. Sadəcə, indi tam formada deyiləm. Hələ ki, çempionat təzə başlayıb və əla forma yığmağa vaxtım var. Əgər ilin sonunadək burda qalsam, nəyə qadir olduğumu görəcəksiz. - Yenicə start götürmüş çempionat haqda nə deyərdin? Səncə "Qarabağ" yenə çempionluğa oynayacaq, yoxsa... - Biz birinci turda çempionatın iddialı komandalarından sayılan "Turan"la heç də pis oynamadıq. Sadəcə, bəxt o gün tovuzluların tərəfində idi. Fikrimcə, heç-heçə ən layiqli hesab idi. Ancaq olanları unudub sonrakı turlar haqda fikirləşmək lazımdı. Biz ikinci turda da çox güclü rəqiblə qarşılaşacağıq. Ancaq onlardan heç də çəkinmirəm. Çünki bizim heyətimiz çox yaxşıdı və ölkə çempionunu udmağa da gücümüz çatar. Fikrimcə, bu çempionatda autsayder yoxdu. Elə buna birinci turda "Neftçi" - "Şahdağ-Samur" oyununda da şahid olduq. Bircə onu deyə bilərəm ki, biz bu il də yüksək yerlər uğrunda mübarizə aparacağıq. - Sən də birvaxtlar milli formanı geyirdin. İndi yenidən formanı bərpa edib, yığmaya dönmək fikrin varmı? - Düzünü desəm, hələ yığma haqda fikirləşmirəm. Çünki istədiyim səviyyədə deyiləm. Ancaq bu formanı bərpa etdikdən sonra yığma haqda danışmağa dəyər. İndi fikrim yalnız "Qarabağ"la bağlıdı. Burda əsas heyətdə möhkəmlənmək istəyirəm. Ancaq milli komandada oynamaq hər bir futbolçunun arzusudu.

Paylaş

// pop up