Sabah "Xəzər-Lənkəran"la "Qarabağ" qarşılaşır(525-Cİ QƏZET, 14.05.2005)
14 May 2005
Sabah "Xəzər-Lənkəran"la "Qarabağ" qarşılaşır(525-Cİ QƏZET, 14.05.2005)
QƏLƏBƏ QAZANACAĞI TƏQDİRDƏ LƏNKƏRANLI FUTBOLÇULARA 300 MİN DOLLAR VERİLƏCƏYİ BARƏDƏ MƏLUMATLAR HƏQİQƏTƏUYĞUN DEYİL
Futbol üzrə XIII milli çempionat həlledici mərhələyə qədəm qoyub. Çempionatın bitməsinə 3 tur qalmış birdən-birə 5 komanda qızıl medallara göz dikib. Sabah keçiriləcək 32-cu turun qarşılaşmaları da prinsipiallığıyla diqqət çəkir. Hər şeydən öncə, liderlər qrupunun iki üzvü "Xəzər-Lənkəran" və "Qarabağ" komandaları görüşür. "Ölüm-dirim mübarizəsi" Lənkəran şəhər stadionunda olacaq. Artıq bu oyun ətrafında söz-söhbətlər bir neçə gündü səngimək bilmir. Yayılan məlumatlara görə, qələbə qazanacağı təqdirdə "Xəzər-Lənkəran"ın rəhbərliyi futbolçulara 300 min ABŞ dolları mükafat verəcək. Ancaq dünən klubun mətbuat katibi Zaur Əziziovla söhbətdə məlum oldu ki, yayılan xəbərlər həqiqətə uyğun deyil. Z.Əzizov bildirdi ki, futbolçulara qələbə qazanacaqları halda pul mükafatlarına layiq görüləcəklər, amma "Xəzər-Lənkəran" rəhbərliyi komandaya veriləcək qonorarın məbləğini nə vaxtsa bəri başdan açıqlamayıb. Sözügedən oyunla bağlı daha bir məlumat hakimliklə əlaqədardır. AFFA-nın Hakimlər Komitəsi mövsümün dramatik matçını milli dərəcəli hakim Anar Salmanova tapşırmaq istəyirmiş. Gənc hakim Anar Salmanov isə riskə getməyərək bu missiyadan boyun qaçırıb. "Xəzər-Lənkəran"-"Qarabağ" matçına hakimlər bu gün təyinat alacaqlar.
Lider "Qarabağ"ı qarabaqara izləyən "Neftçi" bu turda Gəncədə eyniadlı komandanın qonağı olacaq. Qərb səfərində Şahin Diniyevin yetirmələri "Neftçi"yə badalaq vura bilərlər. Qızıl medallara namizədlərdən "Karvan" və "Turan"ın asanlıqla xal ehtiyatını artıracağı gözlənilir. Adıçəkilən klublar müvafiq şəkildə "MKT-Araz" və "Ədliyyə" ilə qüvvəsini sınayacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda Bakı derbisi gerçəkləşəcək. Çempionluq mübarizəsinə davam gətirə bilməyən "Bakı"yla "İnter" qarşılaşacaq. Onu da qeyd edək ki, bu komandalar ölkə kubokunun finalında da oynayacaqlar. MOİK Şəmkirə səfər edəcək. "Gənclərbirliyi" öz meydanında "Bakılı"nı sınağa çəkəcək. Qusarda isə yerli "Şahdağ-Samur" gücünü "Göyəzən"ə qarşı nümayiş etdirəcək. Bütün oyunlar saat 18-də başlanacaq. "Şəfa" çempionatda çıxışını dayandırdığından "Karat"a texniki qələbə verilib.