SABİQ FUTBOLÇUMUZ UKRAYNANIN ƏN YAXŞISIDIR !
SABİQ FUTBOLÇUMUZ UKRAYNANIN ƏN YAXŞISIDIR !
2005-2006 mövsümündə "Qarabağ" Futbol komandasının formasını geyinmiş oyunqurucu Serqey Kravçenko noyabr ayında Ukrayna futbolunun ən yaxşısı seçilmişdir....
2005-06 sezonu öncəsi Donetsk "Metallurq"undan komandamıza transfer olunan futbolçu yarım mövsüm sonra komandamızda baş verən məşqçi dəyişikliyi və digər səbəblərdən yenidən öz ölkəsinə qayıtdı.Hal-hazırda Poltavanın "Vorskla" komandasında oynayan futbolçu Kiyev "Dinamo"su ilə 5 illik müqaviləyə də imza atmış və yarım il cari komandasında top qovduqdan sonra yanvardan məhz məşhur "Dinamo"nun şərəfini qoruyacaq.
Xəbəri eşidib futbolçu ilə əlaqə saxlayıb təbrik etmək qərarına gəldik, onun isə Azərbaycan haqqında ürəyinin dolu olması ilk andan sezilməyə başladı: "Çox sağ olun ki, unutmursunuz. Köhnə komandamın oyununu sayt vasitəsilə izləyirəm. Məmnunam ki son turlar uğurlu çıxış edirsiniz. Mənim vaxtımda komandada oynayan Aslana, digər dostlarıma salamımı yetir. Vaxt edib Azərbaycana gəlməyi planlaşdırıram. Köhnə dostlarımı görmək, Bakını yenidən gəzmək çox istərdim...
Kravçenko hazırkı durumu barədə də məlumat verdi: "Sezonöncəsi çox uğursuz zədə aldım və yalnız 2 ay öncə özümə gələ bildim. Keçən ay 2 qol vurub iki asist rolunu oynadım. İndi hər şey qaydasındadır və Yanvardan Kiyev "Dinamo"sunda oynayacam. İyunda müqavilə bağlasam da yarım sezon indiki komandamın şərəfini qoruduğum üçün məmnunam. Amma "Dinamo" əlbətdə başqa həyatdır..."
Xatırladaq ki, Noyabr ayının ən yaxşısı olmaq üçün 20 namizəd içərisində 9 xal toplamış Sergey ilk yerə layiq görülmüşdür. İkinci və üçüncü yeri eyni xalla(8) Şaxtyor komandasının futbolçusu Andrey Pyatov və Metallist komandasının futbolçusu Edmar layiq görülmüşdür.