Sabiq gəncəlilər Gəncəyə rəqib kimi gedir (FUTBOL+, 06.05.2006)

single-news
6 May 2006

Sabiq gəncəlilər Gəncəyə rəqib kimi gedir (FUTBOL+, 06.05.2006)



Təqvimdə edilən məcburi dəyişikliklər bu turun oyunlarına da təsir göstərib. Sabah “Karvan”la “Xəzər-Lənkəran”ın Yevlaxda kubokun cavab oyununda münasibətlərini ayırd etməsi onların matçlarının təxirə salınmasına səbəb olub. Xatırladaq ki, “Karvan” “Turan”ın, “Xəzər-Lənkəran” isə “Gənclərbirliyi”nin qonağı olmalı idi. Bu görüşlərin keçirilməsi vaxtı dəqiqləşməsə də, hər halda mayın 10-da təqvimdə göstərilən ehtiyat günə salınması gözlənilir. Onu da qeyd etmək lazımdı ki, son 10 gündə başı kuboku oyunlarına qarışan lənkəranlılar üçün çempionat oyunları ofsayda düşüb. Cənub klubunun “MKT-Araz”la ev matçı da təxirə salınan oyunlar sırasına daxildi. Bu görüşün də nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib. Qeyd edək ki, “İnter”lə “Neftçi” ev oyunlarını eyni arenada keçirdiyindən, Bakı derbiləri ayrı-ayrı günlərə salınıb. .... “Gəncə” - “Qarabağ”. Bütün diqqətini ölkə kubokuna yönəldən “Qarabağ”ın bütünlükdə işləri yaxşı gedir və komanda “Neftçi”ni də sıradan çıxarmağı bacararaq finala vəsiqə qazandı. Bu həlledici matçadək isə ağdamlıları çempionatda üç oyun gözləyir. Ağdam klubu bu sınaqlardan üzüağ çıxmaqla turnir cədvəlində vəziyyətini bir qədər də yaxşılaşdıra bilər. Son üç qələbə “Qarabağ”a 6-cı pilləyə qalxmağa şərait yaratdı. İndi ağdamlıları turnir cədvəlində ondan bir pillə öndə olan “Turan”dan cəmi 6 xal ayırır və 5-ci yer heç də əlçatmaz sayılmamalıdı. “Qarabağ” Gəncə səfərindən 3 xalla dönməklə bu turda meydana çıxmayacaq tovuzlularla xal fərqini bir qədər azaltmış olacaq. Rəqib ikinci dövrədə xal üzünə həsrət qalan “Gəncə” olsa da, hər halda Nizami yurdunun təmsilçisi yenə də azarkeşlərini məğlubiyyətlə üzməmək üçün əlindən gələni əsirgəməyəcək. Gəncəlilər məhz “Qarabağ”la mücadilədə uğursuz seriyaya son qoymaq iddiasındadı. Hər halda, “Xəzər-Lənkəran”la son ev oyununda “Gəncə” heç də pis təsir bağışlamayaraq kapitanı Xaliq Mərdanovun ikinci yarının ortalarında vurduğu qolla hesabda irəli çıxmış, ancaq son 10 dəqiqədə iki top buraxaraq növbəti dəfə məğlubiyyətlə barışmalı olmuşdu. Onu da qeyd etməliyik ki, dövrələrarası fasilədə məhz “Gəncə” bir sıra futbolçularını “Qarabağ”a verməklə bu komandanı gücləndirdi. Söhbət İrakli və Qoqa Berayalar, Azər Məmmədov, Sergey Sokolov, Elmir Xankişiyev, Ramiz Hüseynovdan gedir. İndi bu futbolçular Gəncə publikası qarşısına rəqib qismində çıxacaq. Bunlar arasında məhz Azər üçün sabahkı matç daha prinsipial əhəmiyyət daşıyır. Axı təcrübəli müdafiəçi Gəncə futbol məktəbinin yetirməsidi və karyerasının çox hissəsini orda keçirib. Dövrələrarası fasilədə “Qarabağ”dan “Gəncə”yə isə Dmitri Yeremeyev keçdi. “Gəncə”də cəzası bitən Ruslan Sadıqov sıraya dönürsə, “Qarabağ”ın kapitanı Aslan Kərimovun qayıdışı çempionatın son turuna təsadüf edəcək. “Neftçi”ylə kubok oyununda üz nahiyyəsinin almacıq sümüyündən xəsarət alaraq müalicə olunan Ağdam klubunun daha bir təcrübəli oyunçusu Mübariz Orucov da komandasına Gəncədə kömək edə bilməyəcək. Ağdamlıların başqa oyunçularında da zədəylə bağlı kiçik problemlər mövcuddu. ...

Paylaş