ŞADLIĞINIZA ŞILLAQ ATIN
ŞADLIĞINIZA ŞILLAQ ATIN
SALEH ARSLAN
Düz bir aydır ki, yamanca sıxılmaqdayam. Yox, bu sıxıntımın səbəbi yandırıb-qovurmaqda olan istilər deyil. Nöşün ki, dünyanın üstünə ilk dəfə qışda qışqırıb-ağlamağıma baxmayaraq, soyuqla heç
Sıxıntı içərisində olmagımin əsl səbəbinə gəlim ki, mənasız söhbət elədiyimi düşünüb, yazımı elə burdaca bağlamayasınız. Qardaş, ötən ay uzun müddətdir qalxıb-enən legioner limitinə artıq sayını itirdiyim dəfə baxdılar. Və bu limit deyilən zad ki var, birdəfəlik ləğv olundu. Pah atonnan, ta deyin ki, legionerlərin kefidir də. Bu yerdə badə qaldırıb təklif edirəm ki, 5 iyul Azərbaycanda Legioner Futbolçuların Şadlığa Şıllaq Günü kimi qəbul edilsin. Kimin narazılığı varsa, otursun, istənilən idman növündəki "milliləşdirə bildiklərimiz"in sayını hesablasın. Qardaş, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdürsə, bəs niyə bu gəlmə binəvaların «gün»ü olmasın? Əslində isə, sözüm nə onda, nə də on birdədi. Yenə vətənpərvərlik damarım tutub və bu limit deyilən zadı qaldırandan sonra yerli futpulçularımızın (Allah sənə rəhmət eləsin, ay Nurəddin dayının oğlu Nail, orijinal bənzətmədi) halını düşünməkdən bihal olmuşam. Hətta kədər məni ağuşuna elə alıb ki, dərvişlik etmək həvəsim qalxıb (özüm ölüm, bu "qalxmalar"ın bir gün zibili çıxacaq).
İndi deyirsiniz ki, bu limit söhbəti aradan qalxandan sonra futbolumuzdakı bütün problemlər həll ediləcək? Vallahi və billahi, mənim buna zərrə qədər də inamım yoxdur. Əksinə, ölkə iqtisadiyyatı bu «qalxma»dan böyük zərər görəcək. Neçə-neçə insan yüzminlər qazanmaq şansından məhrum olacaq. Yadınıza salın «Xəzər-Lənkəran»da baş verənləri. Bəxtiyarla Vüsalın üzünə duranlar kimlər idi? Əcnəbilər! Guya yerli oyunçular bu cür «əməliyyatlar»da «qurban» olmurlar? Əlbəttə, olurlar. Amma gör, heç indiyə qədər bir azərbaycanlı oyunçu cınqırını çıxarıb deyibmi ki, filan məşqçi, inzibatçı və hər hansı bir kimsə transferimdən bu qədər pul qatladı? Mən eşitməmişəm. Deməli, problem əcnəbilərin düşüncə tərzindədir və onların ipinin üstünə odun yığılası deyil. Bu gün 5 manat «komisyon» alarsan, səhər çatdırar yuxarılara və qalarsan çabalaya-çabalaya. İmkan verməzlər ki, on min-on min, yüz min-yüz min yığdığını xımır-xımır yeyəsən. Ya da yadınıza salın Rasim Karanın «Qarabağ»dan gedişini. Verilən vədlər-filanlar sonda nə oldu? Heç nə, bircə saatın içində döndü oldu «Xəzər-Lənkəran».
P.S. Yenə söhbət hərləndi-fırlandı gəldi pulun üstünə. Mən bu çinlilərə nə deyim axı? İşləri-gücləri olmayanda hardansa ağıllarına pul düzəltmək düşüb, indi də külli-aləm qalıb bu zibilin içində.
P.P.S. Mətbuatdakı yaxşı oğlanlara it deyənin…