“Şahdağ"ın sürpriz qələbəsi (HETTRİK, 07.04.2006)

single-news
7 Apr 2006

“Şahdağ"ın sürpriz qələbəsi (HETTRİK, 07.04.2006)



Birinci dövrədə iddialı rəqiblərinə ciddi başağrı yaratmaqla diqqət mərkəzinə düşən "Şahdağ"ın çempionatda yaranan fasilədən sonra işləri heç yaxşı getmirdi. Başqa sözlə, Sabir Əliyevin qısa müddət ərzində formalaşdırdığı mübariz kollektivdən əsər-əlamət də qalmamışdı. Amma Suraxanı qəsəbə stadionunda "Qarabağ"la qarşılaşan qusarlılar matçın müqəddəratını öz xeyirlərinə həll etməyi bacardılar. Bilmirəm niyə, amma hakimin start fitindən bir neçə dəqiqə sonra Ağdam klubunun bu görüşdə xal itirəcəyini özümçün yəqinləşdirmişdim. Əslində, bu qənaətə gəlməyimdə ən böyük yardımçım "Qarabağ"lı futbolçular oldu. O mənada ki, elə ilk dəqiqələrdən Böyükağa Ağayevin yetirmələrinin meydana sanki qələbə üçün çıxmadığı hiss olunurdu. Matç ərzində ağdamlılar cəmi bir dəfə real qol vəziyyəti yaratdılar. "Şahdağ" isə əksinə, müdafiədə ağıllı və "səliqəli" oynayaraq əks-hücumlarda rəqibini "yaxalamağa" çalışırdı və məqsədinə nail oldu. Həbib Ağayevin rəqibin cərimə meydançasına havalandırdığı topu Zahir Əsgərov baş zərbəsiylə qapıdan keçirdi. Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Əsas heyətdə çıxış edən futbolçuların bir neçəsi zədəlidir. Xüsusilə, hücum xəttində ciddi çatışmazlıqlar var. Bu da oyunun nəticəsində özünü büruzə verdi". Sabir Əliyev ("Şahdağ"ın baş məşqçisi): "İkinci dövrəyə çox pis başlamışdıq. Bu isə futbolçuların psixoloji hazırlığına mənfi təsirini göstərirdi. Bu oyundan əvvəl komandanın qarşısına məqsəd kimi uduzmamaq qoyulmuşdu".

Paylaş