Şahin Diniyev “Qarabağ”a qayıdır? (FUTBOL+, 08.06.2006)

single-news
8 İyn 2006

Şahin Diniyev “Qarabağ”a qayıdır? (FUTBOL+, 08.06.2006)



Ağdam klubunun millinin bazasına çevriləcəyi xəbəri doğrulur Ölkə kubokunu qazanan “Qarabağ”ın növbəti mövsümə xeyli güclənmiş heyətlə qatılacağını xəbər vermişdik. Amma sən demə, Ağdam klubunun başbilənləri heyəti gücləndirmək deyəndə təkcə futbolçu transferlərini nəzərdə tutmurmuş. Dünən xeyli inandırıcı görünən bir xəbər eşitdik. “Qarabağ” yığmanın baş məşqçisi Şahin Diniyevlə növbəti dəfə işbirliyi qurmaq istəyir. Əslində bu bizdən ötəri yeni xəbər deyil. Hələ iki-üç ay öncə Diniyevin vaxtilə çalışdırdığı komandaya qayıdacağını və “Qarabağ”ın millinin əsas bazasına çevriləcəyini eşitmişdik. Elə son günlər “İnter”in futbolçuları Elşən Məmmədovla Elmar Baxşıyevin “Qarabağ”a keçəcəyi haqda gəzən söz-söhbət də boşuna deyilmiş. İndi isə belə deyirlər ki, “Bakı”nın yığma formasını geyən futbolçuları - Emin İmaməliyevlə Ramin Quliyev də Ağdam komandasına keçəcək. Xatırladaq ki, Emin vaxtilə Diniyevin rəhbərliyi altında “Qarabağ”da çıxış edib. AFFA da çox güman Diniyevin “Qarabağ”da fəaliyyət göstərməsinə etiraz etməz. Yığmaya öz oyun üslubunu, prinsiplərini aşılamağa çalışan Şahin bəy üçün milli üzvlərinin çoxluq təşkil edə biləcəyi klubu çalışdırmaqdan faydalı nə ola bilər? Bəs “Qarabağ”a ölkə kubokunu qazandıran Böyükağa Ağayevin taleyi necə olacaq? Çox güman ki, Ağdam klubu Diniyevlə anlaşacağı halda Ağayevi də komandada saxlayacaq. Məsləhətçi, məşqçi və ya hansısa başqa bir vəzifədə. Çox təəssüf ki, hansısa xaricidə istirahətdə olduğu deyilən Diniyevlə söhbətləşə bilmədik. Amma “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəldən eşitdiyimiz xəbərlə bağlı soruşduq: “Sizdən əvvəl də bir neçə qəzetdən mənə zəng vurub baş məşqçi postuyla bağlı soruşublar. Belə məsələnin olmasından xəbərsizəm. Bizdə prezident, vitse-prezident səviyyəsində Şahin bəyin komandaya gəlməsi məsələsi müzakirə olunmayıb. Yəqin ki, yaxın günlərdə nəsə baş versə, bundan xəbər tutacaqsız. Hər şey ola bilər, bu futboldu”. Göründüyü kimi Çəlikəl Diniyevin “Qarabağ”a qayıdışı haqda heç nə bilmədiyini desə də, “hər şeyin ola biləcəyinə” inandığını da gizlətmir. Sonda xatırladaq ki, Şahin bəy 2001-ci ildən 2004-cü ilədək “Qarabağ”ın “sükanı arxasında” olub və komandayla ölkə çempionatının bürünc medalını qazanıb.

Paylaş