Şakiri sevinəcək, Zeko hiss edir, Emin qol vurur
Şakiri sevinəcək, Zeko hiss edir, Emin qol vurur
Sabah baş tutacaq `Bakı` - `Qarabağ` derbisi bir sıra məqamları ilə zəngindir. Hər iki klub çempionluq və kubok uğrunda mübarizə aparmaqla yanaşı bir neçə amil oyunu maraqlı edir. Belə ki, hal-hazırda `Bakı`nın çalışdırıcısı Coko Hacıyevskiylə `Qarabağ`ımızın playmeykeri Artim Şakiri həm Makedoniya millisində həm də `Vardar`da birgə bir sıra uğurlara imza atıblar. Eyni zamanda komandamızın müdafiəçisi Zekeriyya Ramazani də `Vardar`da Hacıyevskinin tələbəsi olub. Şakiri bu görüşün onun üçün əhəmiyyətindən danışdı:` Cokoyla həyatda da yaxın dostuq. `Bakı`nın çalışdırıcısı əla insandır. Lakin mən peşəkaram. Haciyevskinin komandasını məğlub etsək buna sevinərəm. Hər halda, komandamın qələbəyə ehtiyacı var. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, `Qarabağ` qələbə qazansın.İlk yarıdakı məğlubiyyətin əvəzini çıxmalıyıq`
`Zeko` ləqəbli Ramazani də ancaq qələbə haqqında düşünür:` Hacıyevskiylə birgə çalışdığımdan onun məşqçi psixologiyasına bələdəm. Bir müdafiəçi kimi çalıçacam ki, hüçumçulara keçid verməyim. Ürəyimə damıb ki, bu oyunda qələbə qazanacağıq.`
`Bakı`ya ilk və yeganə çempionluğunu qazandıran matçda tək qola imza atan Emin İmaməliyev də qol vurmaq istədiyini gizlətmədi:` Sonuncu matçda xal itkisindən sonra `Bakı`yla oyunda qalibiyyət şərt oldu. Belə oyunlara köklənməyi daha yaxşı bacarıram. Çalışacam qol vurum. `Bakı`nı udacaq gücdəyik. Sübut etmişik ki, iddialı komandalara qarşı daha yaxşı oynayırıq.