“Şamaxı” - “Qarabağ” oyunu təxirə salındı
“Şamaxı” - “Qarabağ” oyunu təxirə salındı
Komandamızın Misli Premyer Liqasının III turunun “Şamaxı” ilə oyunu təxirə salınıb. Bu barədə qərarı PFL verib.
Bu, Azərbaycanı Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək klubumuzun quruma müraciəti əsasında gerçəkləşib. Klubumuz qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
Bu müraciəti, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq III turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.