Samir bu dəfə fərqlənə bilmədi (FUTBOL+, 05.12.2005)

single-news
5 Dek 2005

Samir bu dəfə fərqlənə bilmədi (FUTBOL+, 05.12.2005)



Son üç matçda qalib gələn "Qarabağ" bu dəfə də meydana qələbə əzmiylə çıxmışdı. Həm də Sergey Kravçenko, Blajenko Bekovaç və Mübariz Orucov kimi əsas heyət oyunçularının yoxluğuna rəğmən. Meydan sahiblərindən fərqli gəncəlilərin heyətində elə böyük itki yox idi. Son turda "Şahdağ"ı məğlub edərək 6-cı pilləyə yüksələn üçqat ölkə çempionu "Neftçi"ylə "Turan"ın büdrəməsindən yararlanıb daha yuxarılara qalxmaq istəyindəydi. Amma komandada psixoloji problemin olduğu da gözdən yayınmamalıdı. Şahin Diniyev yığmaya baş məşqçi təyin ediləndən sonra qışda "Gəncə"dən ayrılacağını söyləyib. Oyuna qonaqlar sürətli başlasa da, ilk təhlükəli vəziyyət elə onların qapısı önündə yarandı. 15-ci dəqiqədə Voskoboynikin zərbəsindən sonra qolkiper topu qaytardı. Qarışıqlıqda Özmən başla 2 metrdən tora düşə bilmədi. Bu dəfə də Kokoyev əla oynadı. Qonaqların cavabı 10 dəqiqə sonra gəldi. Sol cinahdan Ramiz Hüseynovun gözəl ötürməsini İrakli Beraya başla qapasa da, Cahangir keçilməz idi. Bu anlarda üstünlüyü ələ alan "Gəncə" hesabı açmaq üçün real şans əldə etməsə də, hər halda, fərqlənə bildi. Yan xəttin yaxınlığından Xaliq Mərdanovun vurduğu zərbə heç kimə dəyməyib qapıçının da başı üzərindən "çərçivə"yə düşdü. Amma Niyazov qolu hesaba almadı. Çünki kapitanın yerinə yetirdiyi zərbədən əvvəl o sərbəst vuruş qeydə almışdı. Hissənin sonlarına yaxın Müşfiq Hüseynovun uzaqdan vurduğu zərbə yadda qaldı. Fasilədən sonra "Qarabağ" rəqibdən daha yaxşı oynamağa başladı. 47-ci dəqiqədə Samir Musayev təkbətəkdən yararlana bilmədi. Daha sonra o iki müdafiəçinin arasından sıyrılıb Müşfiqə ötürmə etsə də, Hüseynov onu başa düşmədi. Ümumiyyətlə, oyunboyu fəallığıyla seçilən Samir komanda yoldaşlarını əlverişli vəziyyətə çıxarmaqla yanaşı, özü də qol vurmağa cəhd etdi. Amma 59-cu dəqiqədə Voskoboynikin gözəl daban ötürməsindən sonra qapıçıyla təkbətək çıxan Musayevin zərbəsini Kokoyev zərərsizləşdirdi. Müşfiq Hüseynov dönən topu qapamağa çalışsa da, Eduard yenə yerində idi. 10 dəqiqə sonra cinahdan Haqverdiyevin ötürməsini Voskoboynik dabanıyla qapıya göndərdi. Amma top dirəyin yanından keçdi. Şahin Diniyev komandasının hücumda zəif oyununu görüb hər iki forvardı dəyişərək meydana İlqar Hüseynovla Eldəniz Məmmədovu buraxdı ki, bu futbolçular da qalan dəqiqələrdə işgüzarlığıyla diqqət çəkdi. Oyunçuların hər biri qol vurmaq imkanı qazandı. Əvvəlcə Eldəniz Məmmədov tora düşə bilmədi. Ən təhlükəli epizodu isə İlqar Hüseynov 81-ci dəqiqədə boşa verdi. O əlverişli vəziyyətdən uzaq küncə zərbə endirsə də, azacıq dəqiqlik çatmadı. Son saniyələrdə Qoqa Berayanın zərbəsi təhlükəli oldu. Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Bir neçə aparıcı futbolçumuzu itirmişdik. Buna görə də gənclərə yer verdik. Bərabər oyun keçdi. Hər iki komandanın qol vurmaq şansı oldu. Təəssüf ki, imkanlarımızdan yararlana bilmədik". Şahin Diniyev, "Gəncə"nin baş məşqçisi: "Komandamdan razıyam. Yalnız hücum xəttimiz zəif təsir bağışlayırdı ki, bu da qələbə qazanmağımıza mane oldu. Amma əzmkarlıq alqışlanasıdı. Bizim üçün bir xal da pis deyil. Yığmaya təyin olunmağımın kollektivə pis təsir etdiyini düşünmürəm".

Paylaş