Samir “dubl" etdi, “Neftçi" qalib gəldi (HET-TRİK, 17.02.2006)

single-news
17 Fev 2006

Samir “dubl" etdi, “Neftçi" qalib gəldi (HET-TRİK, 17.02.2006)



Ağasəlim Mircavadov bu dəfə "Neftçi"ni fərqli düzülüşlə meydana çıxarmışdı. 4-4-2-ylə oynayan çempionun arxa xəttinin sağ cinahında Valeri Abramidze, mərkəzdə Rəşad Sadıqovla Aftandil Hacıyev, solda isə Ruslan Abbasov yer almışdı. Hücumlar zamanı Abbasov yarımmüdafiəyə kömək etdiyindən bu düzülüş çox vaxt 3-5-2-yə çevrilirdi. Aleksandr Çertoqanov həmişə olduğu kimi, yenə də dayaq yarımmüdafiəçisinin funksiyasını yerinə yetirirdi. Orta xəttin mərkəzində Svetoslav Stefanov çıxış edirdisə, Vadim Borets daha çox sağ cinahda görünürdü. Sol cinahda isə Georgi Adamiya yer almışdı. Hücumda Nadir Nəbiyev- Branimir Subaşiç cütlüyü rəqib qapısını atəşə tutmalı idi. Hücumlar zamanı Abramidzenin irəli gələrək sağ cinahdan oyundaşlarına dəstək verməsi də nəzərdən qaçmırdı. Qonaqlar isə 3-5-2 sisteminə üstünlük vermişdi. Son turda "Turan"la matçda pleymeyker funksiyasını yerinə yetirən Aslan Kərimovu baş məşqçi Böyükağa Ağayev bu dəfə nədənsə müdafiənin sağında oynadırdı. Mərkəzdə Zoran Çelinşek, nisbətən solda isə Azər Məmmədov çıxış edirdi. Yarımmüdafiənin solunda Bojan İliç, sağında Mübariz Orucov oynayırdısa, mərkəzdə Qoqa Beraya ilə Romal Hüseynov ön xətdə yer alan İrakli Berayayla Samir Musayevi topla təmin etməli idi. Dayaq yarımmüdafiəçisi mövqeyi isə Sergey Sokolova həvalə olunmuşdu. Matçda ilk təhlükəli vəziyyəti qonaqlar yaratdı. İraklinin zərbəsi güclü alınsa da, qapıçı Vladimir Miçoviç səhvsiz oynadı. Az sonra "Qarabağ" hesabı açmağa da müvəffəq oldu. Azər Məmmədovun hava ötürməsindən sonra Samir Musayev başla fərqlənsə də, yan xətt hakimi hücumçunun oyundan kənar vəziyyətdə olduğuna işarə edərək qolu hesaba almadı. Hadisələri qabaqlayaraq əvvəlcədən söyləyim ki, Musayev fasilədən sonra da qol vurdu. Lakin o, bu dəfə də oyundan kənar vəziyyətdən fərqləndiyindən qolu hesaba alınmadı. Bundan sonra ərazi üstünlüyünə yiyələnən "Neftçi" rəqibə əl-qol açmağa imkan vermədi. Müdafiəçi Azər Məmmədov adi oyun epizodunda Abramidzeylə toqquşduqdan sonra bir müddət yerdə qaldı. Azər oyunu davam etdirə bilsə də, bundan sonra "Neftçi"nin hücumları daha kəsərli alınmağa başladı. Bu dəqiqələrdə Svetoslav Stefanovun zərbəsi yaddaqalan oldu. Boretsin ötürməsindən sonra isə Abramidze fürsəti boşa verdi. Meydan sahibləri istəyinə ilk hissənin sonlarına yaxın çatdı. Nəbiyevin ötürməsindən sonra qapıçıyla təkbətək qalan Branimir Subaşiç hesabı açdı. Hücumçu ötürmə anında oyundankənar vəziyyətdə olsa da, bu, baş hakimlə yanaşı, onun köməkçilərinin də nəzərindən qaçdı. İkinci hissəyə qalib qismində yollanan çempionun heyətində Stefanovun oyununu qeyd etməyə dəyər. Qonaqlardan isə Bojan İliçlə İrakli Beraya fəallığıyla seçilirdi. Fasilədən sonra da "Neftçi" üstünlüyü əldən vermədi. Bunun nəticəsiydi ki, 51-ci dəqiqədə hesab arasındakı fərq iki topa yüksəldi. Topu qəbul edərkən onu saxlamadan diziylə Adamiyanın hərəkəti istiqamətinə göndərən Subaşiçin ara ötürməsindən sonra qapıçıyla təkbətək çıxan Georgi dueldən qalib ayrıldı. Az sonra Subaşiç dubl etməyə çox yaxın idi. Adamiyanın ötürməsindən sonra Branimirin zərbəsi qapı dirəyinə tuş gəldi. 60-cı dəqiqədə isə oyunda mübahisəli məqam yarandı. Cərimə meydançası daxilində Borets müdafiəçini keçərkən yerə yıxıldı. Referi köməkçisi ilə məsləhətləşdikdən sonra Vadimi simulyasiyaya görə sarı vərəqəylə cəzalandırdı. Oyunun sonlarında "Qarabağ" təsəlli qolunu vurmağa çox yaxın idi. Lakin İraklinin baş zərbəsindən sonra top qapı tirinə tuş gəldi. Yenilənmiş heyətlə "Neftçi"ylə bacara bilməyən "Qarabağ"ın oyununu pis qiymətləndirmək lazım deyil. Xüsusilə ağdamlılar müdafiədən hücuma keçərkən daha çevik təsir bağışlayırdı.

Paylaş

// pop up