SAMİR MUSAYEV: "ÇEMPİONLUQ ƏN BÖYÜK ARZUMUZ VƏ YEGANƏ MƏQSƏDİMİZDİR"

single-news
1 Apr 2005

SAMİR MUSAYEV: "ÇEMPİONLUQ ƏN BÖYÜK ARZUMUZ VƏ YEGANƏ MƏQSƏDİMİZDİR"



Komandamızın hücumçusu Samir Musayev 01.04.2005-ci il tarixində çıxmış "Çempion" qəzetinə intervyu verib. Maraqlılığını nəzərə alıb, bəzi məqamları diqqətinizə çatdırırıq. MİLLİ BARƏDƏ... -Samir, yığmanın son iki görüşü haqqında nə deyə bilərsən? -Deməyə bir şey var ki? Bu heyətdən başqa şey gözləmək olmazdı da. 2-3 futbolçu istisna olmaqla qalan futbolçular yığmadan uzaqlaşdırılamalıdırlar. -Sən yaxşı oynaya-oynaya milliyə cəlb edilmirsən. Bunun səbəbini nədə görürsən? - Heç özüm də bilmirəm. Bunu Torresdən soruşsanız, daha yaxşı olar. Hücumçunun işi qol vurmaqdır. əgər bunu edə bilirəmsə, özü də bombardir oluramsa, niyə yığmaya çağırılmamalıyam? Heç olmasa bir yoldaşlıq görüşündə çağırıb yoxlamırlar da. Özümü yığmada oynayan hücumçuların heç birindən zəif hesab etmirəm. - Səncə, millinin “sükanı arxasına” kim gətirilməlidir? - İqor Ponomaryov. O, millinin baş məşqçi postuna ən layiqli namizəddir. Çünki o, oyunçuları daha yaxşı tanıyır. ÇEMPİONLUQ... Keçən mövsüm uzun müddət liderlik etsəniz də, sonda çempionluğu “Neftçi”yə təhvil verdiniz. Bu mövsüm də liderlik edirsiniz. Çempionluğu qazana biləcəksinizmi? - Hə. Çünki çox yaxşı kollektivimiz var. Çempionluq ən böyük arzumuz və yeganə məqsədimizdir. Bunun üçün hər imkana malikik. - Hansı komandanı çempionluq yolunda daha təhlükəli hesab edirsən? - Hal-hazırda yüksək yerlər uğrunda mübarizə aparan komandaların hamısı çox təhlükəlidir. Ümumiyyətlə, çempionatın səviyyəsi çox qalxıb. Artıq bütün komandalar güclənib, hamı sona qədər mübarizə aparır. Elə “Bakılı”yla oyunda necə çətinlik çəkdiyimizi gördüz. Ona görə də mən heç bir klubu fərqləndirməzdim. Qarşıda bizi bir-birindən çətin 9 oyun gözləyir. “Qarabağ”da səni hər şey qane edir? - Bəli. Burada futbolçu üçün hər bir şərait yaradılıb. Çox gözəl məşqçimiz və prezidentimiz var. Komanda üçün çox iş görürlər. ”ŞAHİN DİNİYEVƏ ÖMRÜM BOYU BORCLUYAM” Sən də “qızıl” adlandırılan 1979-cu il nəslinin nümayəndəsisən. Son vaxtlar isə bu nəslin nümayəndələrinin əksəriyyəti o qədər də yaxşı təsir bağışlamırlar. Səncə, onların “kölgədə” qalmasına nə səbəb olur? - Doğrudan da, Azərbaycan futbolunun ən güclü yetirmələri məhz bu nəslin nümayəndələridir. Zaur Tağızadə, Ruslan Musayev, Emin İmaməliyev, Samir əliyev və başqaları... Bu oyunçular futbolumuzun “qaymaq”larıdırlar. Eniş dövrünü isə hər hansı bir səbəblə əlaqələndirmək olmaz. Çünki hər futbolçunun problemi ayrı olur. - Bu səviyyəyə gəlib çatmağında ən çox kimə borclusan? - Bir çox insanların böyük əməyi olub. Ancaq mərhum Ruslan Abdullayev bir futboçu kimi yetişməyimdə ən çox pay sahibi olanlardandır. Keçmiş məşqçim Şahin Diniyevə isə ömrüm boyu borcluyam. Məhz o mənim karyeramın məhv olmasına imkan vermədi. - Karyeranın formalaşmasında “Şəfa” müstəsna xidmətlərə malik olub. Komandanın dağılması sənə nə dərəcədə təsir etdi? - əlbəttə, “Şəfa” mənə çox doğma idi. Klubun çox gözəl bazası var idi. Təəssüflər olsun ki, heç kim bu komandaya yaxın durmaq istəmədi. Amma, fikrimcə, futbolumuzun “Şəfa”ya ehtiyacı var. - Ötən mövsüm bombardir olsan da, bu mövsüm çox fərqlənmirsən. Bunun səbəbi nədir? - Mən bunu deyə bilmərəm. Ola bilər ki, keçənilki kimi oynaya bilmirəm. Hər halda bütün qarşılaşmalarda əlimdən gələni edirəm.

Paylaş