SAMİR MUSAYEV: "...GÜCLÜ OLDUĞUMUZU SÜBUT EDƏCƏYİK ! "

single-news
9 Mar 2006

SAMİR MUSAYEV: "...GÜCLÜ OLDUĞUMUZU SÜBUT EDƏCƏYİK ! "



Komandamızın əsas qol ümidi olan Samir Musayev “Qarabağ” üçün vacib olna son kubok matçında dubla imza ataraq, qələbədə böyük pay sahibi oldu. Bu münasibətlə, Samirlə söhbət edib, fikirlərini öyrəndik: -Ötən oyunda dubla imza atmaqla yanaşı həm də, çempionatda az-az rast gəlinən gözəl qola imza atdın. Necə alındı? -Komandada mənim vəzifəm qol vurmaqdır. Həmin oyunda ikinci qoldan 10 dəqiqə öncə fərqləndiyimdən özümə inamım daha da artmışdı.Həm də bu oyun kubok oyunu olduğundan mümkün qədər çox qol vurmaq lazım idi. Konkret həmin epizoda gəlincə, Egis gözəl ötürmə etdi. Qarşıda tək mən olduğumdan həmin an zərbə vurmaq qərarı verdim. Zərbə isə gözlədiyimdən də gözəl alındı... -Yəqin ki, bu an yaşadığın hisslər təkrarsızdır... - Hər dəfə mən və ya komanda yoldaşlarım qol vuranda, yaşanan hisslər sözlə ifadə olunmayacaq qədər gözəldir. Bu qol isə, mənim futbolçu karyeramda xüsusi paya malikdir. Çünki, indiyə qədər vurduğum qolların ən gözəli məhz bu qolun olduğunu düşünürəm. - Professional olaraq, ilk komandan hansı klub olub? - Çox komandada oynamışam. Naxçıvan”dan başlayaraq, artıq üçüncü ildir ki, “Qarabağ”dayam. Elə üç il də “Qarabağ”da olmağımın əsas səbəbi burda oynamaq istəyim, eyni zamanda bu klubun da məni qəbul etməsidir. Burada özümü rahat hiss edirəm və əlimdən gələni edirəm ki, mənə göstərilən etimadı doğruldum. - 2003-2004 mövsümünün bombardiri olsan da, ötən il bu uğuru təkrarlaya bilmədin. Azarkeşlər bu il səndən nə gözləsin? - Bombardir olduğum mövsümdə 20 qola imza atdım və komandam üçüncülüyü əldə etdi. Ötən mövsüm, daha dəqiq ötən mövsümün ikinci dövrəsi deyərdim ki, karyeramın ən zəif çıxış etdiyim periodu oldu. Hər bir futbolçunun eniş dövrü olur. Mən də bu dövr eniş dövrü adlandırardım. Amma artıq bütün bunları arxada qoymuşuq və mən özümü formada hiss edirəm. Azarkeşlərin komandamıza inanması – bizi dəstəkləməsi bizə gözəl oyun göstərmək, qolları sıralamaq üçün əlavə stimul verir. - Komandamızı qarşıda çətin iki “Bakı” FK ilə səfər matçları gözləyir. Komandamız bu səddi aşa biləcəkmi? - Ilk oyunda olduğu kimi, bu iki qarşılaşmada da maraqlı oyun olacağını düşünürəm. Komandamızın hazırkı heyətini rəqibdən üstün saydığımı hələ ilk oyun öncəsi də demişdim və oyun da onu göstərdi. Mən fikirləşirəm ki, qarşıdakı iki oyunda da bizə sərf edən nəticəni qazanıb, güclü olduğumuzu sübut edəcəyik. SAMİR MUSAYEV haqqında daha geniş məlumat
SAMİRin "BAKI"nın qapısına vurduğu QOL - CANLI

Paylaş