Samir Musayev iki həftə oynamayacaq (CHAMPİON, 02.05.2005)
2 May 2005
Samir Musayev iki həftə oynamayacaq (CHAMPİON, 02.05.2005)
İlk pillədə klubların görüşü hər dəfə böyük maraqla gözlənilir. Bu çətin matç ərəfəsində Ağdam klubunun rəhbərliyi oyunçuları Şamaxıya istirahətə aparıb. “ədliyyə” ilə oyundakı1:2 hesablı məğlubiyyətdən sonra ağdamlıların psixoloji durumu o qədər də yaxşı deyil. Üstəlik, bu matçın keçirilmə yerinin hələ də məlum olmaması (bu haqda başqa yazıda oxu-red.) problemlər yaradır. Bununla belə, ağdamlıların əsas problemi komandanın qol ümidi Samir Musayevin bu matçda oynamamasıdır. “ədliyyə” ilə görüşdə zədə alan Musayev iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Samir bu barədə aşağıdakıları dedi: “ədliyyə” ilə qarşılaşmada dizimdən zədə aldım. əvvəlcə bunun ağır zədə olduğunu düşünsəm də, şükür ki, belə olmadı. Həkimlər azı iki həftə meydanlardan kənarda qalmalı olacağamı söylədilər. Yalnız bundan sonra məşqlərə başlayacağam. Hazırda bütün gücümlə çalışıram ki, “Xəzər-Lənkəran”la mayın 14-də keçirəcəyimiz görüşə qədər meydançaya dönə bilim”. Futbolçunun “Neftçi”yə qarşı oynaya bilməyəcəyi barədə düşüncələri belə oldu: “Çox təəssüflənirəm ki, “Neftçi” ilə matçda komandama yardım edə bilməyəcəyəm. Halbuki bu görüşdə oynamağı çox istəyirdim. Hələ ”flaqman”la birinci dövrədəki oyunda son dəqiqələrdə meydançaya çıxmışdım. Demək istəyirəm ki, komandama lazımınca kömək edə bilməmişdim. Düzü, iynəylə də olsa, oynamaq istərdim. əlbəttə, məşqçilər buna razılıq verməzlər. O ki qaldı proqnozuma. Onu deyə bilərəm ki, bu görüşdə qələbə üçün meydançaya çıxacağıq”. Xatırladaq ki, forvard bu mövsüm 10 qola imza atıb.