Samir Musayev: “O qol karyeramda ən yaxşısı idi” (FUTBOL+, 06.03.2006)

single-news
6 Mar 2006

Samir Musayev: “O qol karyeramda ən yaxşısı idi” (FUTBOL+, 06.03.2006)



Gəlin razılaşaq ki, çempionatımızda çox az hallarda gözəl qollar vurulur. Amma vurulanda da eləsi vurulur ki, adamın telekanallardan şikayətlənmək həvəsi baş qaldırır ki, niyə həmin qolu təkrar-təkrar göstərmirlər. Ölkə kubokunda üz-üzə gələn “Qarabağ”la “Bakı”nın qarşılaşması da uzun müddət yadımızdan Samir Musayevin qoluna görə çıxmayacaq. 12-ci milli çempionatın bombardiri olmuş Samirin “zolaqlılar”ın qapısından keçirdiyi üçüncü top ən yaxşılardan idi. Təxminən 25 metrdən rəqib qapısını nişan alan hücumçunun zərbəsindən sonra top bir az qəribə trayektoriya cızaraq “çərçivə”yə düşdü. Çoxları bu qolun təsadüf nəticəsində reallaşdığını düşünür. Musayev özü də bir növ zərbə vurarkən bəxtinin üzünə güldüyünü etiraf edir. Amma... amma deyir ki, mən topa zərbəni qol vurmaq üçün endirmişdim: “Mən qapıya zərbə vurmuşdum. Təbii ki, istəyim qol vurmaq idi. Və elə oldu ki, bu zərbə qola çevrildi. Yəni heç də təsadüfən topu o istiqamətdə vurduğumu deyə bilmərəm. Amma etiraf edim ki, həmin məsafədən zərbənin qola çevriləcəyinə çox inanmırdım. Bundan sonra 15 dəfə eyni nöqtədən qapıya düşməyə çalışsam, bu bəlkə də alınmaz. “Bakı”ya vurduğum o qol karyeramda ən yaxşısı idi. İndi bizim də, “Bakı”nın da növbəti mərhələyə adlaması üçün eyni şansı var. Son oyuna görə məni yığmaya çağırarlarmı? Yox, düşünmürəm bir qola görə futbolçunu milliyə dəvət etsinlər. Ancaq özümü yığmaya getməyə tam hazır sayıram. Milliyə çağırılanların heç birindən zəif deyiləm”.

Paylaş