Samir Musayev: ""Qarabağ" çempion, mən isə bombardir olacağam"(ÜÇ NÖQTƏ, 16.03.2005)

single-news
16 Mar 2005

Samir Musayev: ""Qarabağ" çempion, mən isə bombardir olacağam"(ÜÇ NÖQTƏ, 16.03.2005)



Ölkə çempionatının vahid lideri Ağdamın "Qarabağ" komandasının hücumçusu Samir Musayev qol susqunluğuna nəhayət ki, ötən tur son qoya bilib. Xatırladaq ki, futbolçu sonuncu dəfə ötən ilin noyabrında fərqlənə bilmişdi. Təcrübəli futbolçu 9 oyunluq qol vura bilməmə tilsimini Qazaxda sındırmağı bacarıb. "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda Samir dubla imza atıb. Bu qollar sayəsində futbolçu güclülər dəstəsində 63-cü qolunu vurub. Əlavə edək ki, Samir ötən mövsümdə Azərbaycan çempionatının ən yaxşı bombardiri adını qazanıb. Futbolçu verdiyi açıqlamada uzun müddət qol vura bilmədiyindən narahat olduğunu gizlətməyib. - "Gənclərbirliyi" ilə matçda çoxlu qol vurmaq imkanlarım olsa da, bundan istifadə edə bilmədim. Bir çoxları mənə yerimdə saydığımı irad tuturdular. Çünki çoxları məndən qol gözləyirdi. Hesab edirəm ki, onlar haqlı idilər. - Komandanızda 3 hücumçu - Vadim, Vüqar və siz əsas qol silahısınız... - Çempionatda ən çox qol vuran komanda "Qarabağ"dır. Eyni zamanda biz də bu sahədə liderik. Belə çıxır ki, müəyyən qədər iş görə bilirik. - Belə demək mümkündürmü, başqa komandalardan "Qarabağ"ın hücum xətti daha güclüdür. Çünki vuralan qollarda hücumçuların payına görə də, siz öndəsiniz. - Vadimlə mən hərəyə 10 qol vurmuşuqsa, Vüqarın qolu sayəsində isə ötən tur qalib gəldiksə, hücum xəttimizin güclülüyünə heç bir şübhə yeri qalmır. Hesab edirəm ki, hansı komandanın ön xətt oyunçuları daha çox qol vura bilirsə, o klub güclüdür. - "Qarabağ"ın çempion olmaq şansını necə dəyərləndirirsiniz? - Bizim komanda çempionatda heç bir klubda olmayan yüksək çempionluq əhval-ruhiyyəsindədir. Hesab edirəm ki, bu ab-hava ilə "Qarabağ" bu mövsüm çempion olacaq. Mən isə bombardirlər siyahısına başçılıq edəcəyəm.

Paylaş