SAMIR MUSAYEV "QARABAĞ"I "BAKI"DAN GÜCLÜ SAYIR (FUTBOL+QOL, 11.03.2006)

single-news
11 Mar 2006

SAMIR MUSAYEV "QARABAĞ"I "BAKI"DAN GÜCLÜ SAYIR (FUTBOL+QOL, 11.03.2006)



"GÜCLÜ OLDUĞUMUZU SÜBUT EDƏCƏYİK" Samir Musayev artıq neçə ildir, "Qarabağ" üçün tər tökür. Vaxtilə Şahin Diniyevin dəvəti ilə bura gələn hücumçu o zamandan bəri Ağdam klubunda müxtəlif məşqçilərlə işləyib. Zarafat deyil, İqor Ponomaryov və Elxan Abdullayev kimi prinsipial mütəxəssislərlə problem yaşamayıb. Halbuki bu mütəxəssislərlə yola getmək asan məsələ deyil. Çoxları məhz buna görə də komandadan ayrılmaq məcburiyyətində qalıb. Samir isə əksinə, istər Ponomaryovun , istərsə də Abdullayevin dönəmində aparıcı fiqurlardan biri olub. Ötən çempionatın bombardiri adını qazanan Musayev bu gün də "Qarabağ"ın əvəzedilməz üzvlərindəndir. Təsadüfi deyil ki, Böyükağa Ağayev də onun xidmətindən istifadə etməyi gərəkli sayır. İnsafən, Samir də etimadı doğrultmağa çalışır. Keçən mövsümdəkitək qol vurmasa da, son turlar göstərir ki, tədricən əvvəlki formasını yığır. "Bakı"yla kubok oyununda nümayiş etdirdiyi oyunu izləyənlər buna əmin oldu. Onu əminliklə Suraxanıdakı matçın qəhrəmanı adlandıra bilərik. "Qarabağ" qələbə qazandığı üçün ilk növbədə Samirə minnətdar olmalıdır. Biri penaltidən olmaqla vurduğu iki qol Ağdam komandasını cavab görüşünə rahat yollanmasına əlavə stimul verdi. Musayevin "Bakı"nın qapısından keçirdiyi ikinci qolu isə həqiqətən görməyə dəyərdi. Cərimə meydançası həndəvərindən qapıya Bastensayağı zərbə endirən Samir möhtəşəm bir qola imza atdı. O, yenə gündəmdədir. Bu gün "Bakı"yla keçirəcəkləri çempionat görüşündə Samirin diqqət mərkəzində olacağı şübhə doğurmur... -Komandada mənim vəzifəm qol vurmaqdır. Həmin oyunda ikinci qoldan 10 dəqiqə öncə fərqləndiyimdən özümə inamım daha da artmışdı.Həm də bu oyun kubok oyunu olduğundan mümkün qədər çox qol vurmaq lazım idi. Konkret həmin epizoda gəlincə, Egis gözəl ötürmə etdi. Qarşıda tək mən olduğumdan həmin an zərbə vurmaq qərarı verdim. Zərbə isə gözlədiyimdən də gözəl alındı... -Yəqin ki, bu an yaşadığın hisslər təkrarsızdır... - Hər dəfə mən və ya komanda yoldaşlarım qol vuranda, yaşanan hisslər sözlə ifadə olunmayacaq qədər gözəldir. Bu qol isə, mənim futbolçu karyeramda xüsusi paya malikdir. Çünki, indiyə qədər vurduğum qolların ən gözəli məhz bu qolun olduğunu düşünürəm. - Professional olaraq, ilk komandan hansı klub olub? - Çox komandada oynamışam. Naxçıvan”dan başlayaraq, artıq üçüncü ildir ki, “Qarabağ”dayam. Elə üç il də “Qarabağ”da olmağımın əsas səbəbi burda oynamaq istəyim, eyni zamanda bu klubun da məni qəbul etməsidir. Burada özümü rahat hiss edirəm və əlimdən gələni edirəm ki, mənə göstərilən etimadı doğruldum. - 2003-2004 mövsümünün bombardiri olsan da, ötən il bu uğuru təkrarlaya bilmədin. Azarkeşlər bu il səndən nə gözləsin? - Bombardir olduğum mövsümdə 20 qola imza atdım və komandam üçüncülüyü əldə etdi. Ötən mövsüm, daha dəqiq ötən mövsümün ikinci dövrəsi deyərdim ki, karyeramın ən zəif çıxış etdiyim periodu oldu. Hər bir futbolçunun eniş dövrü olur. Mən də bu dövr eniş dövrü adlandırardım. Amma artıq bütün bunları arxada qoymuşuq və mən özümü formada hiss edirəm. Azarkeşlərin komandamıza inanması – bizi dəstəkləməsi bizə gözəl oyun göstərmək, qolları sıralamaq üçün əlavə stimul verir. - Komandamızı qarşıda çətin iki “Bakı” FK ilə səfər matçları gözləyir. Komandamız bu səddi aşa biləcəkmi? - Ilk oyunda olduğu kimi, bu iki qarşılaşmada da maraqlı oyun olacağını düşünürəm. Komandamızın hazırkı heyətini rəqibdən üstün saydığımı hələ ilk oyun öncəsi də demişdim və oyun da onu göstərdi. Mən fikirləşirəm ki, qarşıdakı iki oyunda da bizə sərf edən nəticəni qazanıb, güclü olduğumuzu sübut edəcəyik.

Paylaş