Samir sensasiyaya imkan vermədi (futbol+, 12.08.2006)

single-news
12 Avq 2006

Samir sensasiyaya imkan vermədi (futbol+, 12.08.2006)



Matç başlayan kimi meydan sahibləri böyük istəklə irəli atıldı. Amma qusarlılar Bakıya qapıları ağzında oturmaq üçün gəlmədiklərini sübut etdi. Hər hücuma əks-hücümla cavab verən Sabir Əliyevin yetirmələri ötənmövsümkü oyunu xatırlatdı. Onda da favorit sayılan ağdamlılar evdə “Şahdağ”a yenilmişdi. İndi də Zaur Məmmədovun sağ cinahdan ötürməsindən sonra qapıçı meydanında nəzarətsiz qalan Əhməd Ticani topu rahatca ram edib qapıya göndərdi. Hərçənd qoladək “Qarabağ” üç dəfə fərqlənə bilərdi. Əvvəl qapını tərk edən qolkiper Samir Musayevi qabaqlayıb onun təkbətək çıxmasına imkan vermədi. Az sonra isə Samirin baş zərbəsi tirdən qapı xətti yaxınlığına düşüb meydana qayıtdı. Ümumiyyətlə, oyunun antiqəhrəmanı adına Kənan Kərimov layiq idi. Birinci hissədə azı üç qol vurmağa borclu hücumçu şansları qaçırırdı. Orta sahədə gedən mübarizə Romal və Zeynalabdin Hüseynov qardaşlarının dueli kimi də diqqət çəkirdi. Amma bu mübarizə çox tez dayanmalı oldu. Belə ki, birinci hissənin ortalarında zədələnərək yerini Xaliq Mərdanova verən Sergey Sokolovun meydanı tərk etməsi taktiki dəyişikliyə səbəb oldu. Sol cinah yarımmüdafiəçi mövqeyini Romala verməli olan Samir Abbasov arxaya - Sergeyin mövqeyinə çəkildi. İkinci hissə də birincidən fərqlənmədi. Tək hücumçuyla döyüşən qonaqlar Əhmədi əlverişli mövqeyə çıxarmaq üçün çox çalışırdı. Ticaninin ön xəttin sivri ucunda qərarlaşması tez-tez oyundankənar vəziyyətə düşməsiylə də nəticələnirdi. Belə epizodların bəzilərində qonaqlar narazı da qalırdı. Fasilə bitən kimi qolkiperlə üz-üzə qalan nigeriyalı oyunun taleyini həll etmək üçün topu qapıçının başı üzərindən atmaq istədi. Həsənzadənin boyunu nəzərə alsaq, topa yiyələnmək onun üçün asan oldu. Əvəzində meydan sahibləri fərqləndi. Qapı yaxınlığında topa yiyələnən Samir Musayev yıxılaraq iti bucaq altında dəqiq zərbə endirdi. Çox keçməmiş forvard başla sol cinahdan asmanı tamamlamaqda da çətinlik çəkmədi. Buvaxtadək “Şahdağ”ın heyətində fəallığıyla seçilənlərdən Zaur Məmmədov da zədələnib stadionu tərk etmiş, Şiti Taured və Zeynalabdin Hüseynov isə topu boş qapıdan çıxarmalı olmuşdu. Kənanın növbəti qol şanslarını da boşa verməsi əvəzlənməsiylə nəticələndi. Meydana daxil olan Müşfiq Hüseynov sağ cinahdan dəqiq hava ötürməsiylə Samirin het-trik etməsinə imkan yaratdı. Bu dəfə də başla fərqlənən Musayev Kərimova bir növ nümunə oldu. Oyun bitincə zədə üzündən meydanı erkən tərk edənlərin durumuyla maraqlandıq. Sokolovun əvvəlki zədəsini təzələdiyini, Zaurun isə çiyninin çıxması üzündən oyunu yarımçıq dayandırdığını olduğunu öyrəndik. Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Əsas heyətin potensial üzvlərindən 6-nın hələ də zədədən dönməməsi oyunumuza təsir göstərir. Bu dəfə pis oynamasaq da, birinci hissədə qol vura bilmədik. Üstünlüyümüzdən yararlansaydıq, hesab bəlkə də 6:0 olardı”. Sabir Əliyev, “Şahdağ”ın baş məşqçisi: “Hakimlər böyük komandalara işləyir. Bu gün də xırda follarla bizə əngəl oldular. Oyundankənar vəziyyət olmayanda bayrağı qaldırmaqla komandamızı sındırırdılar. Oyunumuzdan razıyam. Uduzsaq da, futbol göstərdik. Qapıçımız səhvlərə yol verdi ki, bu da ondan narazı qalmağımıza səbəb oldu”.

Paylaş