Samir yığmadan dəvət gözləyir (SON DEQİQE, 10.06.2006)

single-news
10 İyn 2006

Samir yığmadan dəvət gözləyir (SON DEQİQE, 10.06.2006)



Məhsuldar ötürməsi və vurduğu qələbə qoluyla "Qarabağ"ın ölkə kubokunu almasında önəmli rol oynayan Samir Musayev bu günlərdə çox xoşbəxtdi. O Ağdam klubunda qalıb UEFA kubokunda oynamaq, daha sonra isə bu komandanın ölkə çempionatında da uğurlu çıxış etməsini arzulayır: "Kuboku prezidentimizə hədiyyə etdik. Çünki üç ildi bizə sponsorluq edir, amma ona heç nə hədiyyə etməmişdik. Mövsümün əvvəlində qarşımıza heç bir məqsəd qoymamışdıq. Amma uşaqlarla sözü bir yerə qoyduq ki, axıra qədər döyüşəcəyik. Finalda oynamağımız özü rəhbərlik üçün sürpriz idi. Heç kim inanmırdı. Amma biz çempionatda beş güclü komandadan biri, ölkə kubokunun qalibi olduq. Birinci dövrədə də bu heyətlə çıxış etsəydik, çempionluq uğrunda mübarizə aparardıq. Böyükağa Ağayev komandaya gələndən sonra çox güclü kollektiv formalaşdırıb". Samir yığmaya çağırılacağına da ümid edir: "Milliyə kimi dəvət etməsi Şahin Diniyevin işidi və onun fikirlərinə hörmətlə yanaşıram. Amma özümü yığma hücumçularının heç birindən zəif hesab etmirəm. Ymid edirəm ki, komandam UEFA kubokunda uğur qazanacaq. Yəqin ki, ondan sonra yığma məşqçiləri də bizə daha çox diqqət yetirər. Kuboku uğurumuzun səbəbi komandada birliyin, kollektiv oyunun olmasıdı. Hamı bir məqsəd üçün çalışır. İnşallah, UEFA kubokunda da çıxışımız uğurlu olar. Əvvəlcədən nəsə demək olmur. İlk mərhələni adlayacağımıza inanıram. "Qarabağ"ın bu mötəbər yarışa qatılması Azərbaycan üçün böyük uğurdu".

Paylaş