Samirin ayağı, "Qarabağ"ın bəxti açıldı (FUTBOL+, 14.11.2005)

single-news
14 Noy 2005

Samirin ayağı, "Qarabağ"ın bəxti açıldı (FUTBOL+, 14.11.2005)



Suraxanı stadionunun təmirə bağlanması səbəbindən "ev" oyunlarını fərqli məkanlarda keçirən "Qarabağ" doğma arenasına döndü. İki aydan çox təmirdə olan stadiona çatanda elə də böyük dəyişikliyin şahidi olmadıq. Yalnız ot örtüyünə müəyyən qədər əl gəzdirilmişdi. Bununla belə, qazonun əla vəziyyətdə olduğunu demək çətindi. Müxtəlif səbəblərdən Mübariz Orucov və Aleksandr Voskoboynik kimi əsas heyət oyunçularını itirən ağdamlılar kubok oyununda Lənkərandakı uğursuzluqdan sonra bu matça bir növ bəraət qazanmaq istəyiylə çıxmışdı. "Göyəzən" də paytaxtda bir həftə öncə "İnter"lə "ev" heç-heçəsindən sonra yüksək əhval-ruhiyyəylə gəlmişdi. Bəziləri qonaqlardan bu matçda sürpriz gözləyirdi. Elə qazaxlılar da bunun təsadüf olmadığını sübut etmək əzmiylə start fiti verilən kimi təhlükəli hücum yaratdı. Fisayonun 20 metrdən vurduğu zərbə üstdən keçdi. 4-cü dəqiqədə Müşfiq Hüseynov cərimə meydançasına daxil olub zərbə vursa da, azacıq dəqiqlik çatmadı. Bu dəqiqələrdə rəqibi ustalıq səviyyəsinə görə üstələyən "Qarabağ" qonaqların cərimə meydançasında oturmuşdu. Bununla belə, təhlükəli vəziyyət yaratmaq ağdamlılara asanlıqla müyəssər olmurdu. 15-ci dəqiqədə təşkil edilən üçgedişli kombinasiya yadda qalsa da, Müşfiq bu dəfə də vəziyyəti düzgün dəyərləndirmədi. 15 dəqiqə sonra Olukayodenin zərbəsini qolkiper Kovalyov dəf etdi. Çox keçməmiş Fuad Əliyevin 25 metrdən yerinə yetirdiyi cərimə zərbəsi qapıdan azca aralı keçdi. "Qarabağ" isə fasiləyə yaxın hesabı açdı. Sokolovskinin künc zərbəsindən ötürdüyü topu qapıçı Ramiz Kərimov əlində saxlaya bilmədi və o birbaşa Samir Musayevin üstünə gəldi. Forvard üç metrdən şansını qaçırmadı - 1:0. Fasilədən sonra "Qarabağ" yenə ardıcıl hücumlar təşkil etdi. Amma ilk 10 dəqiqə ərzində bir-birini əvəz edən həmlələr rəqib qapıçı üçün təhlükə yaratmırdı. Yalnız 51-ci dəqiqədə Müşfiqin qolkiperin üstünə gedən zəif zərbəsini qeyd etmək olar. Amma bundan 6 dəqiqə sonra Kravçenko səhnəyə çıxdı. O mərkəzdə bir neçə müdafiəçinin arasından sol cinahdan açılan Samirə gözəl ötürmə verdi. Musayev isə qapıçının irəli çıxdığını görüb paraşüt zərbəylə fərqi artırdı. 65-ci dəqiqədə Musayev - Kravçenko cütlüyü daha bir qol təşkil edə bilərdi. Amma hücumçunun əla ötürməsini ukraynalı qola çevirə bilmədi. Futbolun yazılmamış qanunu bu dəfə də işə düşdü və "Göyəzən" gözlənilmədən fərqi azaltdı. Olukayodenin zərbəsindən sonra Vasif Haqverdiyev əllə oynadı və referi tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Ülfət Mədətov üçün fərqlənmək çətin deyildi. Sonrakı dəqiqələrdə Sokolovskini əvəz edən Ruslan Musayev və Kravçenko təhlükəli zərbə endirsə də, bunların heç biri "çərçivə"yə getmədi. Bununla da "Qarabağ" qələbə qazanıb turnir cədvəlində daha bir pillə irəliləmək şansı əldə etdi. Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Rəqibin oyunu xoşuma gəldi. His olunurdu ki, artım var. Bu komanda sonuncu yerə layiq deyil. Rəhbərlik qarşımıza məqsəd qoymayıb. Hazırda əsas məramımız fasiləyə kimi mümkün qədər çox xal toplamaqdı. Bu gün qələbə qazandıq. Amma komandamın oyunundan heç də razı qalmadım". Məqsəd Yaqubəliyev, "Göyəzən"in baş məşqçisi: "Hər iki kollektiv hücum futbolu sərgilədi ki, bu da oyunun baxımlılığını artırdı. "Qarabağ"ın adından çəkinmədik, öz oyunumuzu göstərməyə çalışdıq. Heyətimiz zəifdi, maddi imkanlarımız da istənilən səviyyədə deyil. Qışda heyətə futbolçu cəlb etməyi düşünürük. Amma çətindi, çünki büdcəmiz azdı. Bununla belə, güclülər dəstəsində qalmaq uğrunda sona qədər mübarizə aparacağıq".

Paylaş

// pop up