SARSILMAZLAR
SARSILMAZLAR
VÜSAL ELAY
Deyirəm, bu atalara qurban olum. Sanballı, bığlı-bağatlı ağsaqqallar nərd oynayanda (o vaxtlar yəqin domino olmayıb, olsaydı da inanmıram ki, indiki kimi dəbdə olaydı) bədahətən dediyi sözlər indi ağzımızda məsəlbaşı olub. Son zamanlarda bilmirəm dilimizin zənginliyindəndi, yoxsa bir balaca ora-bura əyilməyimizdəndir türkün sözünü elə bil dilimizə, dodağımıza yapışdırmışıq.
Nə isə, fikrim heçdə türk dillərinin filoloji təsnifatı aprmaq deyil. Heç ulu babalarımızla da elə müasir dillə desək debat aparmaq fikrim yoxdur. Amma bu gün yazı yazanda nərd oyununda qapazaltı olmuş Həsən kişi yadıma düşdü. Bilmirəm, Koroğlunun ən yaxın silahdaşlarından sayılan Həsən keçəl olub yoxsa onu daza olana kimi yolublar. Amma fakt dəyişməz qalır ki, Həsən kişi və onun keçəl(ləşmiş) başı anlamını böyüdərək özünü hamıya tanıdıb. Özüdə maraqlıdı ki, Həsənin keçəl, yoxsa keçəlin Həsən olması dilemması həmişə neqativ, təəssüf və bədbinlik emosiyalarını özündə birləşdirir.
Həsən kişiyə Allahdan rəhmət diləyib keçirəm mətləbə. Azərbaycan milli komandası yenə sentyabrda başqaları üçün böyük bizim daim daim nəhənglərin qapzaltısı olmaqdan artıq olmayan seçmə mərhələyə start verdi. Hər dəfə böyük ümidlər bəslədiymiz, bəlkə də möcüzə reallığına xəyal qurduğumuz tsikldə yığmamız köhnət tanışımız Uelslə qarşılaşdı və... inanmaq istəmədiyimiz lakin alışıdığımız nəticə reallaşdı.
Mən hər zaman gəlmələrin tərəfdarı olmuşam. İstər məşqçi baxımdan istərsə də klublarımızın əcnəbiləşməsi baxımıdan. Çünki, artıq 20 ilə yaxınlaşan müddətdə dayımızı, əmimizi hamıdan ağıllı, güclü saya-saya elə yerimizdə saymaqda davam edirik. Millinin baş məşqçisini deyirəm. Berti müəllim 12 ildi qazandığı Avropa çempionluğunun kreditini yesə də hər halda almanın biliyini, təcrübəsini bizimkilərdən qat-qat daha faydalıdır. Düzdü, kişi işlədiyi Şotlandiya və Nigeriyada yaxşı mənada xatırlanmır. Amma öz aramızdı, Foqts adında bir balaca dəyişiklik etsə də, lap elə tutaq ki, Ramimi qonşumuz Həsən dayının (nədənsə Həsən dayı məşhur adaşından fərqli keçəl olmasa da braziliyalı saçları onun yağlı dilinin açılmasına səbəb olur) təbiri ilə desək bizimki fason Ramin etməyə çalışsa da, fərqi yoxdur. Fabio özü kimi uzun saçları olan məşhur həmyerlisi Ronaldinyodan fərqli olaraq komandanın xilsakarı ola bilmir. Zor deyil ki... Əvəzində “atı atın yanında bağlayanda” misalını yadına salır Ramim aldığı qırmızı vərəqəylə, komandanı yarımcan qoymasıyla. Siz elə bilməyin ki, millimzi Ramimin uduzdurduğunu düşünürəm. Onsuz da, 20 ildir, Ramimin formasını geyən Əhməd, Məmməd, Səməd də meydandan boynu bükük ayrılırdı. Demək heç nə dəyişmir. Məğlubiyyətlərin dəyişən siması, bizim Həsən kişiylə Ramim qədər eynidir. Biz məğlubiyyətlərdən bezmişik. Məğlubiyyətin nə rəngi, nə də siması olur. Bizim də alnımıza belə bir yazı yazılıb. Ötən il Finlandiyaya kişi kimi uduzduq. Amma mütəqilliyimizin əsgər yaşına çatdığı bir dönəmdə biz hələ kişi kimi uduzmaqla öyünürüksə.. Biz həqiqətən çox qürurluyuq. Sayını, elə rəngini, elə formasını itirdiyimiz məğlubiyyətlər bizi sarsılmaz edib. Düşünməyin ki, ancaq fədəkarlıq edənlər sarsılmaz olurlar. İnanmayanlar, Polşa, Fransa, Portuqaliya bilmirəm daha hansısa sarsılmadığımızı göstərən oyunlara nəzərə salsınlar.
Uelsdən cəmi 1 top buraxdıq. Ötən yarışda serblərdən də bir qol buraxmışıdıq. Sarsılmayın cənabar, ümid sonda ölür.
P.S. Foqtsun yerinə olsaydım, futbolçulara Cənubi Kipr – İtaliya oyununu göstərərdim. Adalılar son dünya çempionuna uduzdu. Bir top fərqiylə, elə bizim kimi. Hesabı deyirəm. Başqa şey ağlınıza gəlməsin.
P.S.S. Yunanların artığı italyanların başına oyun açır. Biz isə Avropanın 3-cü dərəcəli ölkəsinə minimal hesablı məğlubiyyətlə təsəlli tapırıq.