"Şəfa" daha yağ qoxmayacaq (FUTBOL+,25.10.2005)

single-news
25 Okt 2005

"Şəfa" daha yağ qoxmayacaq (FUTBOL+,25.10.2005)



Ölkəmizdə şəraitinə görə əsas stadionlardan biri hesab olunan "Şəfa" beş ildən çoxdu ki, fəaliyyət göstərir. Buna baxmayaraq, daim qalmaqal mənbəyi olan arena nədənsə çox vaxt gündəmdən düşmür. Amma arxayın ola bilərsiz, bu dəfə yeni qalmaqaldan danışmayacağıq. Sadəcə, "Şəfa" inşa ediləndən bəri çoxlarını narahat edən problemdən söhbət açacağıq. Sözügedən arenaya təşrif buyuranlar, ümumiyyətlə, həmin ətrafa baş çəkənlər neçə ildi xoşagəlməz qoxudan şikayətlənir. Biz bu məsələyə ilk dəfə coxunmuruq. Lakin aidiyyatı şəxslər nədənsə problemin ciddiliyini qəbul etmək istəmir. Halbuki həm arenada futbolun sirlərini öyrənən müxtəlif yaş qruplarından olan yeniyetmələr, keçirilən oyunlar zamanı futbolçular, azarkeşlər, elə "Şəfa"nın öz işçiləri, yaxınlıqda yaşayanlar belə kəskin qoxudan əziyyət çəkir. Belə ki, yaxınlıqda yağ emalıyla məşğul olan fabrikin işləməsi nəticəsində ətrafa xoşagəlməz qoxu yayılır ki, bundan da ən çox sözügedən arena ziyan çəkir. Bizdə olan məlumata görə, hətta havadakı belə kəskin qoxu bəzilərində ürəkbulanmasına səbəb olur. Bəs görəsən, stadion rəhbərliyi bu haqda nə düşünür? "Şəfa"nın direktoru Ələddin Ağayini dinləyək: "Hamı bilir ki, bu iy yaxınlıqda yağ istehsal edən fabrikdən havaya buraxılır. İndi burda dayana bilmirik. Stadionun bu ərazidə tikilməsinin nə dərəcədə düzgün olub-olmaması barədə bu gün hansısa mülahizələr söyləməyimiz düzgün çıxmaz. Hər halda "Şəfa" 6-7 il öncə tikilməyə başlayıb. Və problem haqda o vaxt düşünülməli idi. Mənə elə gəlir ki, nə qədər bu müəssisə fəaliyyət göstərəcək, belə xoşagəlməz iy də müşahidə olunacaq. Onların işini dayandırmaq olmaz, nə də "Şəfa"nı söküb başqa yerdə inşa etmək mümkün deyil. Ümumiyyətlə, problemin həlli səlahiyyətlərimiz daxilində olsaydı, yəqin ki, həllinə nail olardıq. Təəssüf ki, bu belə deyil". Bəs görəsən, "Şəfa" rəhbərliyi çıxış yolu axtarmaq üçün "Azərsun" şirkətinə məxsus həmin fabrik rəsmiləriylə hansısa danışıq aparıbmı? "Danışıqlar deyəndə, bir-iki dəfə soruşmuşuq ki, bəlkə siz çarə tapasız. Ancaq müsbət cavab alınmayıb. Onlar da deyirlər ki, istehsal prosesində belə kəskin iy olmalıdı. Əlacımız nədi? Vəziyyətlə barışmalıyıq. Hər halda bir şey fikirləşərik". Göründüyü ki, problemdən yaxa qurtarmaq istəyində olan arena rəhbərliyi nədənsə ümidsizdi. Yəqin ki, cəhdləri boşa çıxdığından vəziyyətlə barışmaqdan başqa onlar üçün çıxış yolu yoxdu. Lakin biz əks tərəfin də fikirlərini öyrənməyə çalışdıq. "Azərsun holdinq" şirkətlər qrupunun rəsmiləriylə əlaqə saxladıq. Suallarımıza cavab olaraq mətbuat xidmətinin verdiyi məlumat bizi az da olsa, sevindirdi. Belə ki, şirkət rəsmilərinin verdiyi məlumata görə, sözügedən problemin həlli üçün "Azərsun holdinq" tərəfindən də konkret addımlar atılır. Yaxınlarda xaricdən yeni texnologiyalar gətirilib. İndi həmin qurğuların quraşdırılmasıyla bağlı işlər davam etdirilir. Şirkət rəsmisinin dediyinə inansaq, işlər növbəti ayın sonunacan başa çatmalıdı. Daha bir maraqlı fakt fabrikin gündəlik havaya 2000 kubmetr həcmində oksigen buraxmasıdı. Hər halda bu addımın ciddi dəyişikliyə səbəb olmadığı göz qabağındadı. Arzu edək ki, yeni avadanlıqlar quraşdırılandan sonra sözügedən problem həllini tapar.

Paylaş