Səfər oyununda heç-heçə

single-news
7 Dek 2024

Səfər oyununda heç-heçə



“Sabah” - “Qarabağ” – 1:1

Neqoş Kupusoviç, 49 – Nəriman Axundzadə, 68

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XVI turu çərçivəsində “Bank Respublika Arena”da “Sabah”ın qonağı olub.

 

Komandamız qarşılaşmaya aşağıdakı heyətlə çıxıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.

 

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda müdafiədə etibarlı oynamaqla yanaşı, ön xətdə qol axtarışında olub. Dəqiqələr keçdikcə futbolçularımız topa sahib olmada rəqibi üstələyiblər. Komandamız meydanın “Sabah”a aid hissəsində ardıcıl ötürmələr etsə də, meydan sahibləri müdafiədə boşluq vermirdilər. Nəticədə fasiləyə qədər tablodakı sıfırlar dəyişməyib.

 

“Sabah” ikinci hissənin startında standart vəziyyətdən sonra ilk həmləsində hesabı açıb. Buraxılan qoldan sonra komandamız təşəbbüsü tamamilə ələ keçirib və ardıcıl hücumlarla rəqib qapıçısını narahat etməyə başlayıb. Bu həmlələr real qol vəziyyətləri yaratmaqla nəticələnib. Lakin son zərbələrdə gah dəqiqlik çatmırdı, gah da qapıçı qola imkan vermirdi. Aramsız hücumlar, nəhayət, 68-ci dəqiqədə bəhrəsini verib. Yaxın məsafədən topu tora göndərən Nəriman Axundzadə hesabı bərabərləşdirib.

 

Qarşılaşmanın son dəqiqələri daha yüksək tempdə keçib. Hər iki komanda sürətli hücumlarla qələbə qolunu vurmağa can atıb. Bu mənada futbolçularımızın önə keçmək şansları daha çox olub. Lakin rəqibin qapıçısı bir neçə epizodda komandasını qoldan xilas edib. Beləliklə, görüş 1:1 hesablı heç-heçə başa çatıb. Hesabındakı 38 xalla ikinci pillədə qərarlaşan komandamızın ehtiyatında bir oyun var.

 

Qeyd edək ki, ölkə çempionatında növbəti matçını dekabrın 16-da keçirəcək “Qarabağ” evdə “Sumqayıt”la qarşılaşacaq.

Paylaş

// pop up