Sənə nə oldu, "Neftçi"? (son deqiqe, 06.05.2006)

single-news
6 May 2006

Sənə nə oldu, "Neftçi"? (son deqiqe, 06.05.2006)



İnsan ümid edirsə, bu yaxşı hal sayılır. Amma bəzən ümidlər də aldadıcı olur. "Neftçi" də ikinci dövrədə daha yaxşı oynayıb çempion olacağına inanırdı. Bəlkə mövsümün sonunda "ağ-qaralar" tarixində beşinci dəfə çempionluq sevinci yaşayacaq. Ola bilər. Ancaq bugünkü flaqman növbəti çempionluğu reallaşdıracaq gücdə deyil. Hər şey "Neftçi"nin problemlərini tezliklə həll edib-etməyəcəyindən asılıdı. Məncə, "Neftçi" kubokda Qarabağ"a uduzandan sonra rəhbərlik baş məşqçi Ağasəlim Mircavadovu başqasıyla əvəzləmək fikrinə düşməz. Və klubun söz sahibləri "ağ-qaralar"ın uğursuz çıxışına rəğmən, baş məşqçiyə olan inamını itirməməkdə düz edir. "Neftçi"nin hazırda bu vəziyyətə düşməsində Ağasəlim bəy elə də böyük pay sahibi deyil. Düzdü, hansısa məğlubiyyətdən, heç-heçədən sonra Mircavadovu düzgün taktika qurmamaqda suçlayanlar tapılır. Bununla qismən razılaşmaq olar. Amma öz aramızdı, baş məşqçi neyləsin ki mövsümün gedişində heyətin bir neçə aparıcı üzvü zədə üzündən kənarda qalıb, onları layiqli əvəzləyənlər isə yoxdu. Mircavadovun müəyyən səhvləri var, amma əsas günah onun özündə yox, problemlərindədi. Təcrübəli mütəxəssisin bəxti onda gətirib ki, rəhbərlik ona çox inanır. "Birlik kuboku"nda və digərləriylə müqayisədə ÇL-dəki uğurlu çıxış Ağasəlim bəyin kürsüsünün laxlamamasına səbəb olan əsas amillərdi. Həm də klub başbilənləri ölkədə Mircavadovu əvəzləyəcək mütəxəssis görmədiyindən ondan bərk-bərk yapışmaq məcburiyyətində qalıb. Əcnəbi çalışdırıcı? "Neftçi"yə tarixi boyu əcnəbi məşqçi başçılıq etməyib və bildiyimə görə, indiki rəhbərlik də bunun əleyhinədi. Çempionatda vurulan və buraxılan qolların sayına görə ən yaxşı göstərici "Karvan"la yanaşı "ağ-qaralar"dadı. Amma bu göstərici aldadıcıdı. Çünki son ölkə çempionu əsas rəqibləriylə görüşlərdə heç də uğurlu çıxış etməyib, üstəlik titullardan biri də əldən çıxdı. Hələ "Bakı" və "Karvan"la oyunların qaldığını nəzərə alsaq, paytaxt təmsilçisinin ümumiyyətlə, avrokuboklara getməməsi də mümkündü. "Neftçi" cari çempionatda ən çox heç-heçə edən komandalardan biridi. Flaqmanın bu gün liderə turnir cədvəlində aşağıdan yuxarı baxmasının əsas səbəbi də həmin heç-heçələrdi. "Sülh"lə nəticələnən bu oyunlarda qələbənin qaçırılması "Neftçi"də hücum xəttinin öz gücünü itirmədiyindən, müdafiənin isə əksinə, "axsadığından" xəbər verir. Geridə qalan turlara əsasən heyətlərlə bağlı təhlil aparanda məlum olur ki, liderlər ən qeyri-sabit komanda "Neftçi"di. Bunun da obyektiv və subyektiv səbəbləri var. Vladimir Miçoviç bütün oyunlarda meydanda olan yeganə futbolçudu. Qalanları ya zədə, ya da cəza üzündən bir neçə matçı buraxıb. İndi də ağdamlılarla görüşdə cəzalanan Vadim Boretsin bir neçə tur, deməli, bəlkə də mövsümün sonunadək kənarda qalacağı gözlənilir. Düzdü, "Neftçi" adətən mövsümün sonluğunu yaxşı gətirir. Amma indiki halda bu çox çətin görünür. Təsəvvür edirsizmi, flaqman bu gün əsas heyət oyunçularından Vadim Borets, Nadir Nəbiyev və Zaur Tağızadənin xidmətindən məhrumdu. Onların yoxluğu isə böyük problemlər yarada bilər. Həm də belə bir vacib məqamda. Vəziyyət o qədər kritikdi ki, "Bakı"nı yenə bilməmək nəinki çempionluq, hətta ikinci yerin də əldən verilməsiylə nəticələnə bilər. Çünki Yevlaxdakı görüşdə də flaqmanın qələbə qazanmaq şansı çox azdı. "Neftçi"nin "Birlik kuboku"nu qazanmasının şərəfinə qaldırdığımız badələrdən şərab qoxusu çəkilməyib. Amma ağıllı adamlar heç vaxt dünəniylə yaşamır, qazandığı uğurların kölgəsinə sığınmaqla öyünmür. Biz də bu yolu tutmaq istəmirik. Və "Neftçi"nin də 1966-cı ildə qazandığı bürünc medallarla, Moskvadan gətirdiyi kubokla kifayətlənməsini arzulamırıq. Əslində həmişə bir nömrəli klubumuz kimi gördüyümüz flaqmanın əldə etdikləri böyük bir dəryadan götürülən damladı. Yaşı əsrin yarısından çox olan bir komanda üçün bütün bunlar nədi ki? Onminlərlə azarkeşin gözünün ağı-qarası olmaq, sevilmək yaxşıdı. Ancaq bu sevginin qarşılığını vermək də var. "Neftçi" bu gün ölkənin iddialı klublarıyla belə bacarmır. Halbuki avrokuboklarda yaxşı nəticəni məhz flaqmandan gözləyirik. Amma srağagünkü büdrəmə bakılıların heç də yaxşı durumda olmamasının göstəricisidi. Başqalarını bilmirəm, amma mən taleyimlə barışmışam: bu ölkədə səviyyəli futbolçuların sayı bir əldə olan barmaqların sayından da azdı. Bunu "Birlik kuboku"nda çıxış edən "Neftçi"nin heyətinə göz gəzdirəndə açıq-aşkar görmək olurdu. Konstantin Qusev, Aleksandr Çertoqanov, Tomislav Mişura və George Adamiya milliləşsə də, bizimki deyil. Bрanimiр Subaşiç, Svetoslav Stefanov, Vladimir Miçoviç, Valeri Abramidze və Vadim Boretsi də saysaq, vəziyyətin nə qədər qəliz olduğu çılpaqlığıyla üzə çıxır. Kim nə deyir desin, "Neftçi"nin kuboku ölkəmizə gətirməyin əsas səbəbi də bax belə, beynəlmiləl komanda olmasındadı. Amma bu gün ölkədə legionerlərə qoyulan limit bir az da azaldılır, "Neftçi" isə bir əcnəbisi heyətdən kənar qalan kimi uğursuzluğa düçar olur. Deməli, əcnəbilərdən asılı olan "Neftçi" yerli oyunçulardan o qədər də asılı deyil. "Neftçi" həm də xalq komandasıdı. Bu adı flaqman haqq edib. Təkcə azarkeşlərinin, fanatlarının digər klublarımızla müqayisədə çox olmasına görə yox. Əlbəttə, bu da əsasdı. Özü də lap vacibindən. Amma "Neftçi" həm də ona görə xalq komandasıdı ki, başqa klublarla müqayisədə konkret hansısa sponsorun cibinə baxmır. Müstəqillik dönəmində "Qarabağ"ın, "Şəmkir"in, "Kəpəz"in və adını çəkmədiyim neçə-neçə komandanın "ölüb-dirildiyi"ni görmüşük. Lakin "Neftçi" ölməzdi. Ən azı Azərbaycanın nefti tükənənədək flaqman tutaq ki, "Şəmkir"in taleyini yaşamayacaq. Neft bu ölkənin, xalqındı. Deməli, dolayısıyla "ağ-qaralar" da xalqın olan neftin hesabına yaşayır. Flaqman tarixi ərzində nadir hallarda maliyyə problemləriylə üz-üzə qalıb. Neftdən "qidalanması" "Neftçi"ni çox vaxt aclıqdan sığortalayıb. Amma "ağ-qaralar"ın kef çəkdiyini də demək olmaz. Öz aramızdı, bunca maliyyə dayaqları varkən dağı-dağ üstə qoymaq olardı. Başqa məsələlərə toxunmuram, klub rəhbərləri bugünədək legioner transferi siyasətini həmişə "ucuz və keyfiyyət" müstəvisində aparıb. Pis siyasət deyil. Ancaq heç də həmişə ucuz futbolçular keyfiyyətli çıxmır. Ya da əksinə, keyfiyyətli legionerlər ucuz olmur. "Neftçi" bu gün də heyətindəki legionerlərin səviyyəsinə görə çox klublarımızı geridə qoyur. Di gəl ki, həmin futbolçular çempionluğu, uzaqbaşı "Birlik kuboku"nu qazanmağa yararlıdı. Bəs daha əlçatmaz, şirin olan Çempionlar liqası, UEFA kuboku? Bax məsələ də bundadı. "Neftçi" heç vaxt avrokuboklarda ən azı iki mərhələ adlamaq məqsədiylə transferlər etməyib. Halbuki klubun maliyyə durumu buna imkan verib. Hələ avrokuboklar nədi, flaqmanın qarşısına "Qarabağ" kimi əzmkar komanda çıxınca sükanı əldən verir.

Paylaş