Sərfəli nəticə “Qarabağ”ı növbəti mərhələyə yaxınlaşdırdı ( çempion, 14.07.2006)

single-news
14 İyl 2006

Sərfəli nəticə “Qarabağ”ı növbəti mərhələyə yaxınlaşdırdı ( çempion, 14.07.2006)



Samir Musayev avrokuboklarda qol hesabını açdı “Karvan”ın “Spartak” üzərində qələbəsindən sonra bütün diqqətlər Moldovaya yönəlmişdi. Zarafat deyil, ölkə kubokunun sahibi “Qarabağ” səfərdə “Zimbru” ilə qarşılaşırdı. “İntertoto” kuboku istisna olmaqla, avrokuboklarda daim uğursuzluğa uğrayan Ağdam təmsilçisi bu dəfə mərhələ adlamaq istəyində idi. Bundan başqa, klublarımız indiyə qədər iki dəfə avrokuboklarda Moldova təmsilçiləri ilə üz-üzə gəlmiş və hər iki dəfə də məğlubiyyətə uğramışdılar. Beləliklə, “Qarabağ”ın önündə həm bu mənfi seriyalara son qoymaq, həm də ki, avrokuboklarda ölkəmizin aktivinə növbəti xallar yazdırmaq vəzifəsi dururdu. Hakan Dəmirin məsələsi də həll edildi Bir müddət Türkiyədə hazırlıq keçən “Qarabağ” oyuna 4 gün qalmış Moldovaya getdi. Komandanın bütün üzvləri “Zimbru” ilə matçdan əvvəl qələbəyə inandıqlarını bildirirdilər. Klubun icraçı direktoru Əmrah Çəlikəl də uğura inananlar arasında idi. Üstəlik, Ağdam təmsilçisi yenicə müqavilə bağladığı Hakan Dəmirin də adını iştirak ərizəsinə sala bilmişdi. Onlardan fərqli olaraq, “Zimbru oyundan bir gün əvvəl transfer etdiyi Aleksey Jdanov və Robert Okoruyanın adlarını iştirak ərizəsinə sala bilməmişdi. İlk hissə qolsuz başa çatdı İndiyə qədər iki dəfə avrokuboklarda mərhələ adlamağı bacaran baş məşqçi Böyükağa Ağayev Vasif Haqverdiyev və Qoqa Beraya zədəli olduğundan çox çətin vəziyyətə düşmüşdü. Belə olan halda təcrübəli mütəxəssis heç kimin gözləmədiyi halda, meydançaya buraxdığı Ramiz Hüseynovu sol cinaha çəkmişdi. Yeni transfer Hakan Dəmir mərkəzdə Aslan Kərimov və Xaliq Mərdanovdan azca öndə yer almışdı. Birhücumçulu sxemə üstünlük verən ağdamlıların əsas qol ümidi Samir Musayev idi. Rəqibin heyətində hər iki erməni futbolçu Qalust Petrosyan və Karen Aleksanyan yer almışdılar. Oyuna ehtiyatla başlayacağı gözlənilən “Qarabağ” əksinə ilk dəqiqələrdən təşəbbüsü ələ keçirdi. Artıq 5-ci dəqiqədə Romal Hüseynovun ötürməsinə Samir Musayevin çata bilməməsi hesabın açılmasına mane oldu. Bundan sonra Aleksanyan və Stanın zərbələri təhlükəli alındı. Lakin birinci dəfə Cahangir Həsənzadə topu tutdu. İkincinin zərbəsi isə çərçivəni tapmadı. 17-ci dəqiqədə Samir Musayevin baş zərbəsi təhlükəli alındı, lakin moldovanların qapıçısı Kalançya qapısını qoldan xilas etdi. Bundan sonra tərəflər sanki sakitləşdilər və hissənin ortalarına qədər meydançanın mərkəzində mübarizə aparmaqla kifayətləndilər. 35-ci dəqiqədə isə Hakan Dəmirin əla ötürməsindən sonra Romal topu qapıya yönəltdi, lakin bu dəfə qapı tiri moldovanları qoldan xilas etdi. Ardınca Popesku Cahangirlə təkbətək çıxsa da, qolkiper topu onun ayaqları altından götürə bildi. Bundan sonra qapılar önündə təhlükəli vəziyyət yaranmayınca ilk hissə qolsuz heç-heçə ilə başa çatdı. Erməni bizi qələbədən məhrum etdi İkinci hissə başlanan kimi Ağayev iki əvəzetməyə əl atdı. Xaliq Mərdanovun yerinə Namiq Yusifov, Ramiz Hüseynovun yerinə isə Kənan Kərimov meydançaya daxil oldular. Bundan sonra “Qarabağ” iki hücumçu ilə oynamaqlarına baxmayaraq, ikinci yarının əvvəli ehtiyatlı oyunla yadda qaldı. Lakin get-gedə Ağdam klubu üstünlüyü ələ almağa başladı. İkinci hissədə ilk təhlükəli qol vəziyyəti 70-ci dəqiqədə yarandı. Kənan Kərimov gözəl ötürmə ilə Samiri qapıçı ilə təkbətək qoysa da, o, topa çata bilmədi. Bir dəqiqə sonra forvard səhvini düzəltdi. Hakan Dəmirin əla ötürməsini Musayev başla qapıdan keçirərək komandasını hesabda önə çıxardı. 4 dəqiqə sonra Kənan Kərimov fərqi artıra bilərdi, lakin qapıçı buna imkan vermədi. Bundan sonra “Zimbru” doğma azarkeşləri önündə məğlub olmamaq üçün hücumlara başladı. Əvvəlcə, Aleksanyanın zərbəsi dəqiq alınmadı. Növbəti hücumda isə hesab bərabərləşdi. İliçin kobud oyununa görə cərimə zərbəsi təyin edildi. Qapı önünə edilən ötürməni isə Qalust Petrosyan qapımızdan keçirdi. Görüşün axırlarına yaxın “Qarabağ”dan iki dəfə Müşfiq Hüseynov, bir dəfə də Kənan Kərimov fərqlənə bilərdi. Hakimin final fiti isə “Qarabağ”ın səfərdən 1:1 hesabı ilə geri dönməsini təmin etdi. Ağayev azarkeşlərə qələbə vəd etdi Oyundan sonra keçirlən mətbuat konfransında “Qarabağ”ın çalışdırıcısı Böyükağa Ağayev bunları deyib: “Biz bura heç-heçə üçün, konkret olaraq 0:0 üçün gəlmişdik. Bu nəticə gözlədiyimizdən də yaxşıdır. Səfərdə vurulan qol bizim üçün böyük əhəmiyyət daşıyır. Təkrar oyunda isə hər şey fərqli olacaq. Mərhələni biz keçəcəyik. Azarkeşlərimizə qələbə vəd edirəm”. ”Zimbru”nun baş məşqçisi İqor Tabanov isə “Qarabağ”dan narazılığını bildirib: “Rəqibdən xeyli narazıyam. Onlar qol vurduqları anda Karen Aleksanyan yerə yıxılmışdı. Lakin azərbaycanlılar feyr-pley qaydasına əməl etmədilər. Bir oyunla heç nə demək olmaz. Hər şey təkrar matçda məlum olacaq. Həmin qarşılaşmada biz qələbə üçün oynayacağıq”. “Qarabağ”ın taktikası onlara uğur qazandırdı ”Zimbru” - “Qarabağ” matçı haqqında “Salyut” qəzeti bunları yazıb: “İkiillik fasilədən sonra “Zimbru” yenidən avrokuboklara döndü. Yeni stadionunda “Qarabağ”ı qəbul edən kişinyovlular ərazi üstünlüyünə malik oldular. Qonaqlar isə gözlənildiyi kimi, əks-hücumla oynayırdılar. İlk hissədə Popesku və Romal Hüseynov şansı qaçırdılar. İkinci yarıda isə qonaqların taktikası bəhrəsini verdi və Samir Musayev hesabı açdı. Yeddi dəqiqə sonra Petrosyan hesabı bərabərləşdirdi və matç 1:1 hesabı ilə başa çatdı”. ZİMBRU - QARABAĞ = 1 - 1 ZİMBRU: 1. Nikolae Kalançya, 4. Semyon Bulqaru, 6. Manuel Amarandei, 9. Qalust Petrosyan, 10. Karen Aleksanyan, 13. Stipe Lapiç (7. Maksim Fransuz, 60), 17. Andrey Kojokar, 8. Mirça Stan, 18. İliye Balaşa, 19. Sergey Kirilov (16. Qoran Radniç, 66), 20. Filipp Popesku QARABAĞ: 12. Cahangir Həsənzadə, 3. Azər Məmmədov, 5. Sergey Sokolov, 6. Xaliq Mərdanov (14. Namiq Yusifov, 46), 7. Romal Hüseynov, 8. Aslan Kərimov, 9. Samir Musayev, 17. Bojan İliç, 16. Samir Abbasov, 18. Ramiz Hüseynov (13. Kənan Kərimov, 46), 23. Hakan Dəmir (10. Müşfiq Hüseynov, 77) Qollar: Q. Petrosyan, 78 - S. Musayev, 71 Sarı vərəqələr: B. İliç, 26, i. Balaşa, 32; S. Kirilov, 40; M. Hüseynov, 80; R. Hüseynov, 81; C. Həsənzadə, 89 Hakimlər: Darko Deleviç, Vitomir Simoviç, Draqana Veljkoviç, Saşa Boqiçeviç (hamısı Serbiya) Hakim-inspektor: Lyutser Kayzer (Lüksemburq) UEFA nümayəndəsi: Villi Qovarts (Belçika) Stadion: “Zimbru” stadionu, 5000 tamaşaçı

Paylaş

// pop up