Sergey Kravçenko: “Ukrayna millisində oynamaq mənim arzumdur” (ÇEMPİON,
26 Avq 2005
Sergey Kravçenko: “Ukrayna millisində oynamaq mənim arzumdur” (ÇEMPİON,
Bunların arasında Ukraynadan gəlmiş yarımmüdafiəçi Sergey Kravçenko da var. “Qarabağ”ın keçirdiyi hər iki matçda rəqib qapısına yol tapan Sergeylə ağdamlıların dünənki məşqindən öncə görüşüb söhbətləşdik.
- Sergey, buna qədər sən “Şaxtyor”da oynayırdın. “Qarabağ”a keçidini geriyə atılmış addım saymırsan ki?
- Axı, mən donetsklilərin əsas komandasında oynamırdım. Əsas heyətə də düşmək perspektivim yox idi. Ona görə də bura gəlməyi üstün tutdum Nəzərə aldım ki, “Qarabağ” Azərbaycanın güclülər dəstəsində oynayır.
- Bura gəlməyində əsas rolu kim oynadı?
- Denis Sokolovski. O mənə zəng edib belə bir təkif olduğunu dedi. Mən də onun sözlərini yerə salmayıb bura baxışa gəldim.
- Sənə başqa klublardan təkliflər var idimi?
- Var idi. Amma bunların adlarını açıqlamaq istəmirəm. Bir də ki, bunların nə fərqi var axı? Fakt odur ki, digər təklifləri qəbul etməyib “Qarabağ”a keçmişəm.
- “Şaxtyor”un ikinci komandasını “Qarabağ”la müqayisə edə bilərsənmi?
- Əsas komanda ilə müqayisəyə gəlməz. Amma ora düşmək şansım yox idi. “Qarabağ”da maliyyə cəhətdən hər şey yaxşıdır. İnkişaf etmək üçün burada yaxşı şərait var. Yaxşı oyunçular var. Kollektiv də çox gözəldir. Hiss olunur ki, uşaqlar perspektivlidirlər.
- Baş məşqçiniz Elxan Abdullayev barədə nə deyə bilərsən?
- Yaxşı məşqçidir. Bizimlə yaxşı ünsiyyət qurur, oyunlara kökləməyi bacarır. Onun rəhbərliyi altında məşq etmək adama zövq verir. Denisin burada olması mənə çox kömək etdi. Onu da qeyd edim ki, Sokolovski ilə beş yaşımızdan dostuq. Bir məhəllədə böyümüşük.
- Bəs, Aleksandr Voskoboyniki necə tanıyırdınmı?
- Saşanı tanıyırdım. Amma o qədər də yaxşı münasibətlərim yox idi. Hər halda Denis, mən və Aleksandrla bir yerdə olduğumuzdan bura tez alışdıq. Hazırda özümü burada çox rahat hiss edirəm.
- Artıq çempionatda iki tur arxada qalıb. Çempionatımız barədə səndə formalaşan fikirləri bilmək maraqlı olardı.
- Cəmi iki tur burada olduğumdan çox söz deyə bilmərəm. Amma ilk baxışdan maraqlı çempionatınız var. Burada komandaların, demək olar ki, əksəriyyəti bərabər səviyyəlidir.
- İlk iki görüşdən sonra aktivinizdə cəmi bir xal var...
- “Turan” və “Neftçi” ilə oyunlarda haradasa bəxtimiz gətirmədi. Hər halda qarşıdakı görüşlərdə itirdiklərimizin əvəzini artıqlaması ilə çıxmağa çalışacağıq.
- İki tur dalbadal qol vurursan. Deyəsən, debüt mövsümündəcə bombardir olmaq istəyirsən?
- Mənim işim ötürmə verməkdir. İmkan düşdükcə, fərqlənməyə də çalışıram. Amma bombardir olmaq istəyim yoxdur.
- Necə düşünürsən, Qarabağ” bu il hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Çalışacağıq ki, hər görüşdə qələbə qazanaq. Son nəticəni isə mövsümün sonunda görəcəksiniz.
- Gələcəkdə yığmamızda oynamaq təklif olunsa, razılaşarsanmı?
- Belə bir təklif olmayıb. Amma çətin ki, razılaşım. Mən öz ölkəmin yığmasında oynamaq istəyirəm.
- Azərbaycandan Ukrayna millisinə düşmək çətin olacaq...
- Əlbəttə. Lakin hər halda mən bütün gücümlə çalışacağam ki, bunu bacarım. Ukrayna millisində oynamaq mənim arzumdur.