SƏTTAR ƏLİYEV: "CAVAN OLAYDIM, YENİDƏN FUTBOL OYNAYAYDIM . . ."

single-news
13 Dek 2005

SƏTTAR ƏLİYEV: "CAVAN OLAYDIM, YENİDƏN FUTBOL OYNAYAYDIM . . ."



"Qarabağ"da uzun illər futbol oynamış, ötən ilin bu günü isə "Qarabağ" - "Xəzər-Lənkəran" matçında futbola vida edərək, məşqçilik karyerasına start vermiş Səttar Əliyevin bu gün həm ad günü, həm də məşqçilik karyerasının ildönümüdür.Bu münasibətlə səbəbkarın özünü sizinlə görüşdürmək qərarı verdik. - Səttar müəllim, 1 ildir ki məşqçilik edirsiniz. Futbolçu olmaq çətindir yoxsa məşqçi olmaq? -Hər ikisi çətindir. Amma məşqçi olmaq daha məsuliyyətlidir. Çünki futbolçu yalnız özünə, məşqçi isə bütün futbolçulara cavabdehdir. - Əvvəldən başlayaq. Futbola necə gəldiniz, ilk addımlarınız... - Hələ 11-12 yaşım olanda doğma meydançamızda – “İmarət”də “Qarabağ”ın keçirdiyi oyunlara böyük maraqla baxırdım. 1984-cü ildən Ramiz Şahməmmədovun rəhbərliyi altında o vaxtkı “Şəfəq” (indiki “Qarabağ”) komandasında məşqlərə başladım. - Futbolçu olmanızda kimə borclusunuz? - Yaşar Hüseynov və Gülağa Məmmədova. Çünki onlar mənim futbolçu kimi yetişməyimdə çox kömək ediblər. - İlk oyununuzu xatırlayırsınızmı? - Yadımdadır, çox həyəcanlı idim. Əli-Bayramlının “Energetik” komandasına qarşı ilk oyuna çıxdım. - Ən uğurlu oyununuz hansı olub? - İntertotoda Azərbaycan tarixində mərhələ keçdiyimiz oyun. İsrailin “Makkabi” komandasını məğlub edə bildik. Bu heç vaxt yadımdan çıxmaz. Çünki bu günü bütün Azərbaycan xalqı bayram elədi. - Ötənləri fikirləşəndə ilk olaraq nəyi xatırlayırsınız? - Fikirləşirəm ki, cavan olaydım, yenidən futbol oynayaydım... - Məşqçi işləməyi sizə kim təklif elədi? - Əmrah bəy. Futboldan ayrılmaq istəyirdim. Vida matçımı fikirləşirdim. “Qarabağ”da çəkdiyim zəhməti qiymətləndirən klub rəhbərliyi bu vəzifəni mənə təklif etdi, mən də buna etiraz edə bilməzdim. Bütün “Qarabağ” rəhbərliyinə Başda prezidentimiz olmaqla, Tahir bəyə, Əmrah bəyə mənim vida matçımı yüksək səviyyədə təşkil etdiyinə görə öz dərin təşəkkürümü bildirirəm. - İşinizdən razısınızmı? - Nəinki razıyam, işimi sevirəm. İşimin öhdəsindən layiqincə gəlmək üçün gecə- gündüzümü də qurban verməyə hazıram. -Çempionatımızın səviyyəsindən razısınızmı? - Əlbətdə ki,səviyyə çox qalxıb. İldən- ilə də qalxacağına inanıram. - Azərbaycan futbolunun gələcəyini necə görürsünüz? - Qısaca deyim: Parlaq.

Paylaş

// pop up