Səyavuş İbrahimovu infarkt edən qərar. Babək Quliyevi onoyunluq diskvalifikasiya gözləyir (futbol+, 17.11.2006)

single-news
17 Noy 2006

Səyavuş İbrahimovu infarkt edən qərar. Babək Quliyevi onoyunluq diskvalifikasiya gözləyir (futbol+, 17.11.2006)



Birinci dövrə sona yaxınlaşdıqca hakimlərlə bağlı nikbin fikirlər yox olmağa başlayır. Təsadüfi deyil ki, artıq hakimlərin cəzalanması müşahidə olunur. Özü də maraqlıdı ki, FİFA referilərimizin idarəçiliyində ciddi nöqsanlar və bu "Karvan"ın paytaxtda keçirdiyi səfər oyunlarında baş verir. Fərq ondadı ki, bu hakim səhvlərinin biri "Karvan"ın əleyhinə, o biri isə lehinə olub. Xatırladaq ki, 9-cu turda "Neftçi" - "Bakı" matçını idarə edən Fariz Yusifov yaxşı qiymət (8,0) alsa da, AFFA Hakimlər Komitəsi (HK) buraxdığı və nəticəyə təsir edən səhvləri müzakirə obyektinə çevirib ona üçoyunluq cəza verdi. Yusifovun cəzası başa çatdığı vaxtda, indi növbə digər FİFA referisinindi. Təbii ki, söhbət "Qarabağ" - "Karvan" matçının baş hakim olan Babək Quliyevdən gedir. Düzdü, Babək bəy hələ cəzalanmayıb. Ancaq məsələ ondadı ki, ona verilən 4 qiyməti hakimlikdə ən aşağı, qeyri-kafi qiymət sayılır. Belə qiymət alan hakimin cəzalanması isə qaçılmazdı. Hər halda indiyədək 4-dən də yuxarı qiymət alan hakimlər cəzalanıb. Ötən mövsüm "Gənclərbirliyi" - "Şahdağ" matçını idarə etmiş və kobud səhvləriylə yadda qalan Feyzulla Feyzullayev də elə 4 qiymət alaraq 10 oyunluq cəzaya məruz qaldı. Sözsüz ki, belə aşağı qiymətlər nəticəyə təsir edən səhvlərə görə verilir. Quliyevin final fitinə saniyələr qalarkən "Qarabağ"ın qapısına olmayan penaltini verməsi ona baha başa gələcək. İndi qalır HK-nin gözlənilən qərarı rəsmiləşdirməsi ki, qurum üzvləri dünən bir araya gəlmədi. HK-nın sədri Əli Hüseynovla söhbətdə onun hakimə verilən qiymətdən xəbərdar olmadığı bilindi. Yəni raport hələ təqdim olunmayan Əli bəy bununla tanış olduqdan sonra lazım olduğu halda rəhbərlik etdiyi qurumun iclasını keçirəcək. Ancaq məsələ ondadı ki, həftəsonunadək istirahət günləri olduğundan iclasın baş tutması sual altındadı. Bununla belə, HK üzvlərinin gələn həftəyədək yığışacağı gözləniləndi. Belə ki, gələn həftənin ilk günlərində keçiriləcək kubok oyunlarını təyinatlarını vermək lazımdı. Bu isə o deməkdi ki, həmin vaxt Quliyevin məsələsi də müzakirə oluna bilər. Cəza reallaşarsa, 32 yaşlı FİFA referisi ilk dəfə belə aqibətlə üzləşmiş olacaq. Qeyd edək ki, "Qarabağ" Babək Quliyevin səhv qərarına görə təkcə vacib 2 xaldan məhrum olmadı. Məsələ ondadı ki, ağdamlıların "Karvan"la oyunda aldığı 7 sarı vərəqədən 3-ü penaltiylə bağlı qərardan sonraya təsadüf edir. Belədə ağdamlılar həmin vərəqələrin ləğv olunması məsələsini də gündəmə gətirə bilər. Hər halda indiyədək vərəqələrin ləğv olunması halları olub. Ancaq hazırda "Qarabağ"ı daha çox maraqlandıran Quliyev haqda lazımi ölçü götürülməsidi. Özü də söhbət ciddi cəza, ümumiyyətlə hakimlikdən kənarlaşmadan gedir. Matçdan sonra "Karvan"la oyunda "Qarabağ" qalib gəldi, Azərbaycan futbolu isə itirdi" fikrini ifadə edən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin imzasıyla AFFA prezidenti Ramiz Mirzəyevə ünvanladığı məktubda da bu haqda bəhs olunub. Təəssüf ki, oyunun hakim-inspektoru Füzuli Nəcəfov 4 verdiyi referinin idarəçiliyi ilə bağlı danışmaq istəmədi. Quliyev isə yalnız "gördüyüm kimi fit çalmışam" deməklə kifayətləndi. Oyuna AFFA nümayəndəsi kimi təyinat alan Səyavuş İbrahimov da danışmadı. Amma onun matç bitincə reportyorumuzun da eşitdiyi sözləri çox maraq doğurur. Yanındakı ağdamlı azarkeşlərə İbrahimov bunları deyib: "Penalti epizodunda az qala infarkt keçirəcəkdim. Hələ bu nədi ki? 50 ildə o qədər ədalətsizliklər görmüşəm..."

Paylaş