Siyasət dəyişməməlidi

single-news
2 Dek 2009

Siyasət dəyişməməlidi



Nihat

Premyer-liqanın lideri `İnter`lə eyni xala sahib `Qarabağ`ın özünəməxsus oyunu futbol ictimaiyyətinin diqqət mərkəzindədi. Çünki Ağdam təmsilçisinin sıralarında top qovan futbolçular azərbaycanlılardı. Yalnız müdafiə xəttində yer alan Admir Teli legionerdi ki, onu da `göz muncuğu` kimi qəbul edə bilərik. Klubun legioner limitinin yoxluğunda yürütdüyü fərqli siyasət yerli futbolçuların gəlmələrdən zəif olmadığını göstərdi. `Bizdə, ümumiyyətlə, futbolçu yoxdu` deyənlərin boş-boş danışdığı üzə çıxdı. Bu gün çoxları komandada qolçu forvardın çatışmadığını önə çəkir. Bölgə təmsilçisinin ev oyunlarını keçirdiyi Quzanlı qəsəbə stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını isə danmaq mümkün deyil.

Siyasət dəyişməməlidi

Hazırda `Qarabağ`ın sərgilədiyi oyunu ölkə çempionatında mübarizə aparan heç bir klubun ifasında görə bilmirik. Qurban Qurbanov Qafqaz futbolunun `detallarını` özündə cəmləşdirən və müasir Avropa futboluyla ayaqlaşmağa qadir üslubda çıxış edən komanda formalaşdırmaq fikrindədi. Məhz yerli gənclərin forma şansı qazanmasından sonra komandanın çıxışında irəliləyiş gözə dəyir. Yayda avrokubok matçlarında qazanılan uğuru isə yenidən şərh etməyə lüzum yoxdu. Hələ ötən mövsüm 37 yaşlı çalışdırıcı Artim Şakiri, Zəkəriyyə Ramazani, Sedat Saini, Nidal Fərhadoviç kimi legionerlərdən imtina edəndə Qurbanovu tənqid atəşinə tutub qınayanların sayı artmışdı. Sonradan həmin tənqidçilər avrokuboklardakı çıxışın ardından susmağa məcbur oldu. İndi də komandanın minimal hesablı qələbələr qazanması müzakirə mövzusuna çevrilib. Bəziləri hücum xəttindəki `boşluğ`un qış fasiləsində doldurulmalı olduğunu, əks-halda yanvardan sonra Ağdam təmsilçisinin ciddi çətinliklə üzləşəcəyini israrla vurğulayır. Bölgə komandasının hücumda xüsusi məhsuldarlıq nümayiş etdirməməsi faktdı. Məsələn, `Qarabağ`la eyni xala sahib `İnter` 12 tur ərzində rəqib qapısından 24 top keçiribsə, ağdamlılar 12 dəfə fərqlənə bilib. Olduqca maraqlı məqamdı ki, bu iki klubun buraxdığı topları müqayisə etsək, yenə `bankirlər`in göstəricisi iki dəfə çoxdu. Konkretləşdirsək, `ağ-göylər` 12, ağdamlılar 6 dəfə məyus olub. Şübhəsiz, `bank təmsilçisi` bu baxımdan daha emosional görünür. Amma nəticədə ortada ciddi fərq yoxdu. Əksinə, Ağdam klbubunun müdafiə xətti müdafiəyəmeylli `Simurq`un arxa xəttindən belə etibarlıdı. Bəs hazırkı hücum potensialı ilk `altılığ`a real namizəd olan `Qarabağ`a gərgin mübarizədən alnıaçıq çıxmağa imkan verəcəkmi? Vaqif Cavadovun sol cinahda yer aldığını xatırlasaq, komandada iki forvard var; Vüqar Nadirov və Rauf Əliyev. Doğrudan da uzun marafon üçün `vuran ayağ`a ehtiyac duyulur. Lakin `əcnəbi forvard alınmalıdı` deyib israr edənlərə də haqq qazandırmaq olmur. Çünki bu klubun siyasəti fərqli hədəflərə hesablanıb. Onsuz da başqa elita təmsilçilərimizin əksəriyyəti eyni metoddan bəhrələnir. Ölkə futbolunun inkişafı baxımından isə Ağdam klubunun bu gün hansısa legionerlərdənsə, yerli hücumçuya elçi düşməsi sərfəli olar. Sual yaranır: bizdə yaraya məlhəm ola biləcək uyğun forvard varmı? İlk baxışdan kimisə tapıb göstərmək qəliz məsələdi. Ancaq unutmayaq ki, əsl məşqçi hazıra nazir çıxan deyil, yoxdan var yaradan, yetişdirməyi bacaran mütəxəssisdi. Hansısa gəncdə istedad görüb ona güvənən, inkişaf etdirən çalışdırıcıdı. Məgər Elvin Məmmədov `İnter`i `Qarabağ`a dəyişəndən sonra millidə braziliyalı Fabio Luis Ramimin yerini əlindən almadımı? Əfran İsmayılov Qurbanovun rəhbərliyi altında əsas heyət üzvünə çevrilmədimi? Bir sözlə, indiki siyasəti dəstəkləmək vacibdi. Qışda yerli gənclərdən bəzilərinin `Qarabağ`ı daha yüksək səviyyəli çempionatlarda mübarizə aparan hansısa kluba dəyişmək ehtimalı gündəmdədi. Belədə heyətin aparıcı üzvləri əldən çıxsa, klub gücünü qorumaq üçün yalnız müvəqqəti xarakterli `kənaraçıxmalara` da yol verə bilər. Yüksək hədəflərdən qopmamaq üçün səviyyəli əcnəbinin xidmətindən yararlanmaq başadüşülən olacaq.

Ot örtüyü qaydasına salınmalıdı!
Klubun ev oyunlarının Quzanlıda keçirməyə qərar verməsi başadüşüləndi. Ümumiyyətlə, hər komanda rəqiblərini təmsil etdiyi bölgədə qəbul etməlidi. `Qarabağ`ın da Ağdama dönüşü həqiqi futbolsevərlərin ürəyincə oldu. Təsadüfi deyil ki, Qurbanovun yetirmələri yerli azarkeşlərin dəstəyi altında bugünə qədər yenilməyib. Klubun son ev oyunlarında isə Quzanlıdakı stadionun ot örtüyünün bərbad durumda olması diqqət mərkəzinə düşüb. Belədə nəinki rəqib, həmçinin meydan sahiblərinin də istədiyi oyunu sərgiləməsi mümkünsüzdü. Unibank premyer-liqasının 12-ci turunda `Turan`a qarşı matçda Vaqif Cavadovun heç özünə bənzəməməsini, imkanlarından aşağı səviyyədə çıxış etməsini qazonun pis vəziyyətdə olmasıyla bağlamaq daha məntiqəuyğundu. Sahə kələ-kötür olanda, tenikalı futbolçuların idealdan çox uzaq oynamasını, lazımi sürət yığmaqda çətinlik çəkməsini, əksər ötürmələrin ünvanına çatmamasını, ən nəhayət, sadalananların fonunda tamaşaçıların matçdan böyük zövq almadığını deməliyik. Qazonun durumu Quzanlıdakı kimi olanda, çempionat oyunları məhəllə futbolunu xatırladır. Deməli, klub rəhbərliyi bu çatışmazlığı aradan qaldırmaq haqda mütləq düşünməlidi. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu da `Qarabağ`ın sərəncamındadı. Rəhbərlik stadion problemi yaşamadan bölgədəki meydanın ot örtüyünü qaydasına sala bilər. Klub rəsmiləri ən azı o cür qazonun `Qarabağ`ın adına yaraşmadığının fərqində olduğunu nümayiş etdirməlidi. Elə bununla bağlı Ağdam klubunun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Çəlikəl Suraxanıdakı stadiondan yararlanmaq fikrində olmadıqlarını bildirərək, ot örtüyünün təmir ediləcəyini də diqqətimizə çatdırdı: `Bilirik ki, Quzanlıdakı stadionumuzun ot örtüyü yaxşı vəziyyətdə deyil. Bu problemi görürük və aradan qaldırmaq fikrindəyik. Orda yardımçı meydança da inşa etdirmişik. Quzanlıya mütəxəssis göndərmişdik. O vəziyyətə baxıb, bizə məlumat verib. İndi həmin yardımçı meydançanın yaxşı vəziyyətdə olan ot örtüyündən istifadə edib, əsas sahəni qaydasına salacaqlar. Demək olar ki, yaxşı alınacaq. Lakin bunun üçün münasib vaxta ehtiyac var. Yəqin ki, qış fasiləsində həmin iş yerinə yetiriləcək. Öncədən ağdamlı azarkeşlərin gözü qarşısında oynamaq fikrində olduğumuzu demişdik. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oyun keçirib, Quzanlıdakı meydanı təmirə dayandırmaq fikrimiz yoxdu. Biz qaçqın azarkeşlərimizin dəstəyi altında ev oyunlarımızı keçirəcəyik`.

Paylaş

// pop up