Sokolov əsas, Berayalar gənclər yığmasına çağırıldı (FUTBOL+, 20.02.2006)

single-news
20 Fev 2006

Sokolov əsas, Berayalar gənclər yığmasına çağırıldı (FUTBOL+, 20.02.2006)



Yığma komandamızın baş məşqçisi Şahin Diniyev vədinə əməl edərək fevralın 18-də Ukraynayla oyun üçün nəzərdə tutduğu heyəti açıqladı. İlk öncə qeyd edək ki, hələ ötən ilin sonunda Diniyevin açıqladığı 28 nəfərlik heyətdən 10-u kənarda qalıb. Bunlar qapıçılar Cahangir Həsənzadəylə Anar Nəzirov, müdafiəçilər Zuar Həşimov, Mikayıl Namazov, yarımmüdafiəçilər Rəşad Sadiqov, Ruslan Poladov, Zaur Tağızadə, Rəşad Kərimov, hücumçular Emin Əmiraslanovla Bəxtiyar Soltanovdu. Sonuncu iki futbolçu klublarında lazımi oyun praktikası qazanmadığı üçün dəvət almayıb. Həm də Bəxtiyar ayın sonunda U-17-ylə birgə Özbəkistana yola düşür. Qalanları isə fiziki durumunda problemlər olduğuna görə ukraynalılarla matçın iştirakçısı olmayacaq. Şahin bəy son turda zədələnən Ruslanın əvəzinə Rəşad Abdullayevi çağırmağı məqsədəuyğun sayıb. Xatırladaq ki, “Xəzər-Lənkəran”lı Diniyevin açıqladığı ilkin heyətdə yox idi. Ancaq Şahin bəy hələ bu heyəti açıqlayarkən milli komandanın qapılarının heç kim üçün bağlanmadığını qeyd etmişdi. Vədinə əməl edən məşqçi çempionat oyunlarında özünü yaxşı tərəfdən göstərənlərə dəvət göndərib. Şübhəsiz ki, siyahıda ən diqqəti çəkən futbolçu Sergey Sokolovdu. Əslində Diniyevin ukraynalılarla sınaq matçına Aleksandr Çertoqanovu çağıracağı gözlənilirdi. Bununla da milliləşən ukraynalı həmyerlilərinə qarşı oynamaqla özünü göstərmək imkanı qazanacaqdı. Ancaq Diniyev onun son vaxtlar sərgilədiyi oyundan razı qalmayıb. Sokolova isə Diniyev etibar edir. Sergey ilyarım Şahin bəyin rəhbərliyi altında “Gəncə”də çıxış edib. Bu da ən əsası onunla bağlıdı ki, Diniyevin milli komandada debüt matçı ərəfəsində əsas problemi arxa xətt oyunçularıyla bağlıdı. Rəşad Sadıqov ağır zədədən sonra hələ tam formada deyil, Ruslan Abbasovda ağrılar qalmaqdadı, Ramin Quliyev zədəyə görə lazımınca hazırlaşa bilməyib. Sadəcə, Şahin bəy seçim imkanı az olduğundan bir növ məcburiyyətdən fiziki durumlarında problem olan bu müdafiəçiləri milliyə çağırmalı olur. Azər Məmmədovla Sergey Sokolov “Gəncə”dən “Qarabağ”a keçdikdən sonra Aslan Kərimovla eyni komandada çıxış etməyə başlayıb və bu üç arxa xətt oyunçusunun bir yerdə oynaması millinin də xeyrindədi. Həm də Sokolovu oyundaşları kimi təcrübəli müdafiəçi saymaq olar. Diniyevin arxa xəttdə əsasən təcrübəli futbolçulara güvənməsi məlumdu. Bu mənada 29 yaşlı rusiyalı baş məşqçinin tələblərinə cavab verir. Qeyd edək ki, Şahin bəy bundan sonra əsas yığmada legionerlərə ehtiyacı olduğunu gizlətmir. Sadəcə, bu oyunçuların sayı çox yox, maksimum üç olacaq. Yəni Diniyev müdafiədən başlayaraq hər xətdə birinin xidmətindən yararlanmaq fikrindədi. Bu məqsədlə ölkədən kənarda axtarışlar aparılacaq. Qarşıdakı turun oyunlarından sonra, yəni fevralın 23-də “Elit” otelində bir araya gələcək milli üzvləri gündə iki dəfə olmaqla məşq prosesi keçəcək. Ukraynalılarla oyuna hazırlıq “Şəfa” və “Ədliyyə stadionlarında olacaq. Ukrayna yığmasıyla oyuna çağırılanlar: qapıçılar - Fərhad Vəliyev (İnter), Mikayıl Yusifov (Xəzər-Lənkəran); müdafiəçilər - Rəşad Sadıqov, Ruslan Abbasov, Aftandil Hacıyev (hər üçü “Neftçi”), Aslan Kərimov, Azər Məmmədov, Sergey Sokolov (hər üçü “Qarabağ”), Ramin Quliyev (Bakı); yarımmüdafiəçilər - Ceyhun Sultanov, Emin İmaməliyev (hər ikisi “Bakı”), Elmar Baxşıyev, Elvin Nuriyev (hər ikisi “İnter”), Rəşad Abdullayev (Xəzər-Lənkəran), Cəmşid Məhərrəmov (Karvan); hücumçular - Nadir Nəbiyev (Neftçi), Elşən Məmmədov (İnter), İlqar Qurbanov, Vüqar Nadirov (hər ikisi “Xəzər-Lənkəran”). Gənclər yığmasının baş məşqçisi Nazim Əliyev də ayın 28-də Belarus yığmasına qarşı oyun üçün yığmaya çağırdığı oyunçuların siyahısını açıqlayıb: qapıçılar - Kamran Ağayev (Turan), Anar Nəzirov (Gəncə), müdafiəçilər - Elnur Abbasov, Ruslan Əmircanov (hər ikisi “Karvan”), Saşa Yunisoğlu (MKT-Araz), Elvin Əliyev (Neftçi), Hüseyn İsgəndərov, Namiq Yusifov (hər ikisi “Qarabağ”), Orxan Ağayarzadə (Gənclərbirliyi), Rail Məlikov (Bakı), Natiq Qasımov (OMİK), yarımmüdafiəçilər - Romal Hüseynov, Qoqa Beraya (hər ikisi “Qarabağ”), Elnur Məmmədov (İnter), Arif Daşdəmirov (Şahdağ), Tərlan Xəlilov (Gənclərbirliyi), Pərvin Mədətov (Turan), Nakim Vəliyev (klubsuz), hücumçular - Murad Ağakişiyev (MKT-Araz), İrakli Beraya (Qarabağ). Təbii ki, siyahıda ən maraqlı isimlər Beraya qardaşlarıdı. Əkizlərin 1984-cü il təvəllüdlü olması onların U-21-də oynamasına imkan yaradır. Əsas məsələ gürcülərin Azərbaycan vətəndaşlığını alaraq yığmamıza yolunun açılmasıdı. Sergey Sokolov kimi Berayalar da artıq ilyarımdan çoxdu ölkəmizdə yaşayır. Yəni onların Azərbaycanda məskunlaşmalarının iki ilinin tamamına 3-4 ay qalıb. Bu müddətədək rəsmi oyunlar başlayacaq və sınaqdan uğurla keçən legionerlər artıq Azərbaycan vətəndaşı kimi yığmamıza yardımçı ola bilər. Yəni indidən demək olar ki, Beraya qardaşlarının da milliləşəsi gündəmə gəlib. “Gəncə” kimi “Qarabağ”da da özlərini ən yaxşı tərəfdən göstərən əkizlər mayda irlandlarla sınaqda gənclər yığmamıza kömək göstərə bilər. Həm də ən əsası Berayaların U-21-də çıxışı rəsmiləşdikdən sonra milli komandamıza yolu açılacaq ki, onlar yaxşı tanıdıqları Şahin Diniyevin sərəncamında olacaq. Qeyd edək ki, nə Sokolov, nə də Berayalar hələ milliləşib. Onlar yalnız özlərini sübut edəcəyi haldı Azərbaycan vətəndaşlığı alacaq. Fevralın 28-dəki oyunlar yoxlama matçı olduğundan buna görə hər hansı cəza da gözlənilmir. Milliyə namizəd Anar Nəzirov gənclər yığmasına çağırıldığından yenə diqqət mərkəzində olacaq. Qeyd edək ki, Nəziorvu hələ Gürcüstana aparmaq planlaşdırılsa da, pasport probleminə görə o səfərə çıxa bilmədi. Həmin vaxt ölkədə qalan “Karvan”lılar - Ruslan Əmircanovla Elnur Abbasov da heyətə cəlb edilib. Yenilərdən Tərlan Xəlilovu qeyd etmək olar ki, sol cinah yarımmüdafiəçisi axtarışında olan U-21-ə bu planda adıçəkilən futbolçu yararlı ola bilər. Nakim Vəliyevə gəlincə, o “Ostelul”un düşərgəsində Türkiyədə təlim-məşq toplanışında olduğuna görə Gürcüstana gedə bilməmişdi. Qeyd edək ki, Vəliyevin Rumıniyanın bu elita klubuna keçidində problem hələ həll olunmayıb. Nazim bəylə Cənubi Kiprdən telefonla danışan Nakim fevralın 23-də, yəni gənclər yığması yığışan zaman Bakıda olacağını deyib. Mayadək çoxsaylı futbolçuları sınamaq fikrində olan Nazim bəy bununla da optimal heyəti müəyyənləşirmək fikrindədi. Yəni bu dəfə kənarda qalanları birdəfəlik siyahıdan silmək də olmaz. Qeyd edək ki, Davud Kərimi və Bəxtiyar Soltanovla yanaşı, Gürcüstana aparılanlardan Bəhruz Zeynalov, Elnur Abdullayev, Ceyhun Adışirinov, Səbuhi Həsənov, Vasif Əliyev, Rəşad Kərimov, İlqar Qurbanov və Vüqar Nadirov bu dəfə U-21-ə çağırılmayıb. Qurbanovla Nadirov əsas yığmaya cəlb edilib, Kərimov isə zədə üzündən kənarda qalıb. Ayın 23-də bir araya gələcək 21 yaşlılarımız “Velotrek” otelində məskunlaşacaq.

Paylaş

// pop up