Sokolov "Qarabağ"dan ayrılmayacaq (futbol+ 23.12.2006)
23 Dek 2006
Sokolov "Qarabağ"dan ayrılmayacaq (futbol+ 23.12.2006)
O bağışlanacağına ümid edir
Artıq bir aydı ölkə mətbuatının gündəmindən düşməyən Sergey Sokolovun dopinqlə bağlı məsələsinə nəhayət, aydınlıq gələcəyi gözlənilirdi. Hər halda biraylıq bütün yarışlardan kənarlaşdırılan "Qarabağ"ın və yığmamızın milliləşən legionerinin gələcək taleyinə dekabrın 23-dək aydınlıq gəlməliydi. Ən əsası, UEFA Sokolovu İsveçrəyə dəvət edərək, onu sorğu-suala tutmaqla və bundan sonra yekun qərar çıxarmaqla qaranlıq qalan bu məsələyə axır ki aydınlıq gətirməliydi.
Ancaq belə gedişlə intizarımız hələ bir müddət də çəkəcək. Sokolovla birgə səfərə çıxan AFFA rəsmisi, tərcüməsi qismində rusiyalı müdafiəçiyə yardımçı olan Murad Məmmədova istinadən cəzanın qaçılmaz olduğu, sadəcə, müddətin hələ məlum olmamasıyla bağlı informasiya yayılıb. Ancaq təbii ki, Sergeyin açıqlaması daha maraqlı idi. İsveçrəyə Rusiyadan yox, Azərbaycandan yollanan Sokolov əks marşrutla qayıdaraq vətəninə bir qədər sonra getməli olacaq. Dünən səhər saatlarında Bakıya çatan Sergey yorğun olmasına rəğmən, bizə bir neçə dəqiqə vaxt ayırdı.
- UEFA-nın Niondakı mənzil-iqamətgahındaydım. Qitə futbol qurumunun komissiyası (oxu: UEFA-nın Nəzarət-İntizam Şurası) üzvləriylə görüş oldu. Məni sorğu-suala tutdular, hər şeyi soruşdular. Mən də suallarına bir-bir cavab verdim.
- Səninlə birgə səfərə çıxan Murad Məmmədov tərcüməçi funksiyalarını yerinə yetirirdi...
- O mənimlə birgə olsa da, UEFA-dakıların öz tərcüməçiləri vardı. Müzakirələr bitəndən sonra mənə dedilər ki, mənimlə bağlı hansı qərarın çıxarılacağına dair faks göndərəcəyik. Ordakıların dediyinə görə, həmin faks bugünlərdə gəlməlidi. Hələlik gələcək taleyimin necə olacağını bilmirəm.
- Yəqin ki, sənə cəza veriləcək?
- Cəza ola da bilər, olmaya da. Yəni cəzanın mütləq olacağını demək olmaz. UEFA-dakılar məsələmi götür-qoy edir, öz aralarında müzakirə nəticəsində bundan sonra nə etmək, hansı qərar çıxarmaq haqda düşünür. Mənim də iştirakımla olan müzakirələrlə iş bitmir.
- Ordakı söhbətlərdə nə hiss etdin? Səni bağışlaya bilərlərmi?
- Açığı, bilmirəm. Belə götürəndə əvvəlcə soyuqqanlı idilər, ancaq söhbətdən sonra belə başa düşdüm ki, onlar da vəziyyətimi anlayaraq tərəfimdədilər. Ola bilər ki, səhv edirəm.
- Yəni UEFA-dakıların sənin dopinq qəbulunun bilərəkdən yox, daha çox təsadüflə bağlı olmasını anlaması qənaətinə gəlmisən?
- Bəli. Hər şeyi olduğu kimi danışdım. Baxaq görək necə olacaq. Faksı gözləyək və onda hər şeyə aydınlıq gələcək.
- Məhz bundan sonra Azərbaycanla bağlı perspektivinə də aydınlıq gələcək...
- Prinsipcə, hazırlığımdan qalmayaraq məşqlərə başlamaq haqda düşünürəm. Yanvarın 4-də "Qarabağ" ikinci dövrəyə hazırlığa başlayacaq. Bu məqsədlə Antalyada təlim-məşq toplanışına yollanacağıq və mən də səfərə çıxacam.
- Yəni hansı qərar çıxarılmasından asılı olmayaraq, ən azı mövsümün sonunadək "Qarabağ"ın düşərgəsində olacaqsan. Hər halda "Qarabağ"ın yeni çalışdırıcısı Rasim Karanın transferə çıxardığı futbolçular arasında sənin adın yoxdu...
- Cəzalansam belə, burdan getməyəcəm. "Qarabağ"ın düşərgəsində yer alıb hazırlığımı davam etdirəcəm. Klubumundakılarla danışdım, belə götürəndə onlar mənə yenə də güvənir. "Qarabağ"la müqaviləm bu mövsümün sonunadəkdi.
- Hər halda ikinci dövrəyə hazırlığa başlayanadək vaxt var. Yeni il bayramı ilə əlaqədar vətəninə yollanmaq fikrində deyilsən?
- Elə səfərə çıxmağa hazırlaşıram. Yeni illə əlaqədar sabah (söhbət dünən olub - M.) Rusiyaya gedirəm və yanvarın 4-ndə "Qarabağ"ın düşərgəsində olacam.
- Komandana burda, yoxsa elə Antalyada qoşulmaq fikrindəsən?
- Rusiyadan birbaşa Antalyaya yollanmaq haqda düşünərəm. Yanvarın 4-nə bilet sifariş etməyə hazırlaşıram. Ümid edirəm ki, həmin vaxtadək taleyim, dopinqlə bağlı çıxarılacaq qərar bəlli olacaq.