Sokolov Qazaxıstanla oyunun güdazına gedib (futbol+, 23.11.2006)
23 Noy 2006
Sokolov Qazaxıstanla oyunun güdazına gedib (futbol+, 23.11.2006)
Köhnə xəbər çox şeyi üzə çıxardı
Sergey Sokolovun Belçikayla matçdan sonra keçirilən dopinq-testdə ilişdiyini xəbər vermişdik. Artıq "Qarabağ"ın və millinin müdafiəçisinin başına gələn bəladan demək olar ki, hamı xəbər tutub. İlqar Qurbanovun üzüağ çıxdığı dopinq testdə Sokolov ilişməyə bilərmiş. Deyilənlərə görə, Belçikayla matçdan sonra milli başbilənləri Sergeyin yerinə dopinq-testə Cahangir Həsənzadəni göndərmək istəyib...
Diniyev: "Bunlar uşaq söhbətləridi"
Yığmanın baş məşqçisi Şahin Diniyev dopinq məsələsində Sokolovu günahkar saymadığını bildirir: "Sokolovun yerinə testdən Cahangiri göndərmək istədiyimiz haqda deyilənlər uşaq söhbətidi. Bu necə ola bilər axı? Biz ora 4 nömrəli futbolçunun yerinə 16 nömrəli oyunçunu hansı əsasla göndərə bilərdik? Toğrul Hacıyev deyir ki, Sokolova qəsdən gücləndirici iynə vurdurmuşuq. Gülməlidi, onda futbolçuların hamısına iynə vurdurub daha uduzmazdıq da. Sergeyə iynə vuran idman həkimi olmayıb. Ümumiyyətlə, Azərbaycanda idman həkimi azdı. Bu məsələdə Sokolovu günahkar saymıram. Yəqin ona iynə vuran həkim özü də bilməyib ki, həmin iynənin tərkibində nə olub".
İsmayılov: "Yığmalara mütəxəssislər lazımdı"
Müsəlmanın sonrakı ağlı deyiblər. Sokolovun başına gələnlər yəqin ki, AFFA ya da, Gənclər və İdman Nazirliyinə də dərs olacaq. AGİ nazirinin müavini İsmayıl İsmayılovun baş verən məsələyə reaksiyasından aydın olur ki... Azərbaycanda bu sahə üzrə mütəxəssis yoxdu. Bundan başqa İsmayılovun Beynəlxalq Antidopinq Agentiliyini (VADA) suçlaması da maraqlıdı: "İdmançıların qadağan olunmuş preparatlardan istifadəsini müəyyənləşdirmək üçün Azərbaycanda mütəxəssis yoxdu. Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən dopinq sektorunda 6 minədək dərman preparatının siyahısı var və həmin dərmanların dünya səviyyəsində qəbuluna qadağa qoyulmayıb. Eyni zamanda bu preparatları qəbul edən hər hansı idmançı dopinq-testdə ilişə bilər. Mən 100 nəfər arasından kimin istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etdiyini dodağının rəngindən və gözlərindən seçə bilərəm. VADA Sokolovun qanından götürdüyü birinci nümunədə nəsə tapıbsa, bunu ikincində də təsdiqləyəcək. Burada şəxsi maraqlar, eləcə də zidiyyətli məqamlar var. Belə ki, kimsə sağlamlığını bərpa edirsə, burda qəbahət heç nə olmamalıdı. Bəyəm idman sağlamlıq deyil? Ancaq bütün hallarda idmançının qadağan olunmuş preparatlardan istifadəsi və cəzalanması ölkəsinin nüfuzuna xələl gətirir. Bunun baş verməməsi üçün yığma komandalara mütəxəssislər lazımdı. Ancaq bu sahədə bizdə belələri yoxdu".
Nəbiyev: "Sokolova iki yerdə iynə vurublar"
Sokolovun yayda Rusiyadan Bakıya gələn kimi Mərkəzi Kliniki Xəstəxanada müalicə aldığını və ona futbolçuya qadağan olunan "Beta Mathasone" preparatını məhz bu xəstəxanada tətbiq etdiklərini xəbər vermişik. Amma "Qarabağ"ın həkimi Fikrət Nəbiyevlə söhbətdə Sokolovun başqa bir xəstəxanada müalicə aldığı da üzə çıxdı.
- Biz nə açıqlama verə bilərik? Hələ UEFA-dan bir şey gəlməyib.
- Hər halda "A" nümunəsi müsbət nəticələnib...
- Bilirsiz, mən ilk əvvəl onu demək istəyirəm ki, klubda həkim kimi fəaliyyətə avqustun ikinci həftəsindən başlamışam. Onadək başqa həkim idi, o da işdən çıxmışdı, bir neçə vaxt klubda həkim olmadı. Kluba bu barədə rəsmi məlumat gəlməyib. Sonradan bildik ki, AFFA-ya nəsə məktub daxil olub. Orda preparatın adı aşkar olunub. Həmin preparatın adı da "Beta Mathasone"di.
- Siz bunu nə vaxt bildiz?
- Yaxınlarda.
- Bir ay olarmı?
- Bu fərq etməz, dəqiq yadımda deyil. Biz bu məsələni eşidəndən sonra araşdırmaya başladıq. Klubumuzda belə tərkibli preparat ümumiyyətlə, yoxdu. Siyahı yazırıq, klubun özü həmin siyahıya uyğun dərmanları alır. Bu mənada bizim klub rəsmiləri də Sokolov hadisəsini eşidəndə araşdırmaya başladı. AFFA-da da belə dərman yoxdu. Çünki orda da futbolçular üçün belə dərmanlardan istifadə olunmur, buna heç ehtiyac da yoxdu. O dərman müalicə üçündü. Həmin müalicəvi dərman gücü artırmaq, bərpa etmək üçün deyil. Araşdırdıq, Sokolovdan da soruşduq ki, bu harda ola bilər. Sergey dedi ki, ona iki yerdə iynə vurublar. Birincisi Mərkəzi Kliniki Xəstəxanada olub. Orda da indi həmin həkim yoxdu. Sokolov dedi ki, Mərkəzi Kliniki Xəstəxanada ona bir, ya da iki iynə vurublar. Sergey orda siz yazdığınız kimi kurs müalicəsi keçməyib. Yenə deyirəm, o həkim yoxdu, onun hansı tərkibli iynələri vurduğunu da bilmirik. Yəni o demək deyil ki, Sokolova zərərli iynəni orda vurublar. Sonra Sergeyin yadına düşdü ki, yayda Rusiyadan qayıdanda beli ağrıyıb. Deyir evə gəlib çatdım, ağrı gücləndi. Belədə Sokolov adını xatırlamadığı xəstəxanaya gedib. Biz bunu da araşdıracağıq. Nə isə, orda Sergey müalicə olunub. "Beta Mathasone"dən müalicəvi dərman kimi istifadə edirlər. Bu dərmandan krem şəklində istifadə olunur. Adını çəkdiyim dərman ağrıkəsici deyil, sadəcə, müalicəvi dərmandı. İstənilən futbolçu bu dərmandan istifadə edə bilər. Sokolov bilməyib bu dərmanın tərkibində nə var, klubun da xəbəri olmayıb. Məsələni şişirtmək də lazım deyil, bəlkə heç Sergeyi cəzalandırmadılar da.
- Bizdə futbolçunun qanında dopinq olduğunu müəyyənləşdirən aparat yoxdumu?
- Yox. Antidopinq labarotoriyası var ki, bu çox bahalıdı. İnşallah gələcəkdə belə bir labarotoriya fəaliyyət göstərər. Amma AFFA-dan bizə müntəzəm antidopinq siyahıları gəlir. Hər il bu siyahı təzələnir. Dərmanları da həmin siyahıya uyğun yazırıq. Bu dərman da hormonal tərkiblidi. İstənilən xəstəxanada kiminsə bel ağrısı olsa, həmin dərmandan istifadə edəcəklər.
- Sizcə başverənlərə Sokolovun məsuliyyətsizliyi səbəb olmayıb ki? Yığmanın üzvü nəyə görə hətta adını bilmədiyi xəstəxanada müalicə olunsun?
- Yox, bilirsiz Sergey evdə olduğu vaxt bədənində kəskin ağrı hiss edib təcili yardım maşını çağıra bilərdi. Yenə deyirəm, həmin vaxt nə mən, nə də əvvəlki həkim klubda olmayıb. Məndən əvvəlki həkim həmin vaxt rayonda idi.
- Millinin həkiminə də müraciət etmək olmazdı?
- Ola bilsin ki Sergey həmin an ağlına heç nə gətirməyib. O heç bilmir dopinq nə olan şeydi. Sokolov müalicə alarkən heç təsəvvürünə də gətirməyib ki, bu qadağan edilmiş dərman ola bilər. Elə preparatlar var ki, bir futbolçu ondan istifadə edəndə dopinq yaratmır. Amma həmin preparat başqa bir oyunçunun qanında dopinqə səbəb ola bilər. Elə incəliklər var ki, əlbəttə, futbolçular onu bilməz. Sokolov da bunu ağlına gətirməyib.
Əsədov: "Məktublar Sokolovun adına gəlib"
"Qarabağ"ın həkimi ilə söhbət bizdə növbəti dəfə çaşqınlıq yaratdı. Nəbiyev Sokolova məhz Mərkəzi Kliniki Xəstəxanada iynə vurulması haqda fikri demək olar ki, alt-üst etdi. Onun dediklərindən belə çıxır ki, Sergey iki xəstəxanada olub. Biri artıq bəllidi. Bəs ikinci xəstəxana hansıdı? Nəbiyevin dediklərindən belə anlaşılır ki, məhz "Beta Mathasone" adlı preparatdan Sokolov adı dəqiq bilinməyən xəstəxanada istifadə edib.
Hər halda biz AFFA-nın baş katibi Fuad Əsədova da bir çox məqamları aydınlaşdırmaq ümidiylə müraciət etdik: "On gün olar ki, UEFA-dan məktub gəlib. Portuqaliya və Belçikayla oyundan əvvəl hansı dərmanlardan istifadə olunubsa, onların siyahısını UEFA-ya göndərmişik. Bütün dərmanların adını, istifadə tarixini, kimyəvi tərkibini yazıb yollamışıq. Ordan bizə cavab gəldi ki, bu dərmanların tərkibində dopinq yoxdu. Sonra UEFA-dan bir məktub da gəldi ki, İlqar Qurbanovun qanında heç nə tapılmayıb, amma Sokolovun qanında dopinq aşkarlanıb. Həmin məktubda bildirilirdi ki, son üç ay ərzində Sergeyə hansı dərmanlardan vurulubsa, onların siyahısını tutub göndərək. Belədə hamımız - milli komandanın, "Qarabağ"ın həkimi də - bir yerə yığışıb söhbətləşdik. Öyrəndik ki, Sokolov Mərkəzi Kliniki Xəstəxanada müalicə alıb. Biz Sergeyi müalicə edən həkimin yanına getdik. Ondan futbolçuya vurduğu dərmanların adlarını, vurulma tarixlərini götürüb UEFA-ya göndərdik. Ordan bizə bildirdilər ki, artıq məlumatlar götürülüb verilib antidopinq labarotoriyasına. Bizə xüsusi təşəkkür etdilər ki, istifadə olunan bütün dərmanların siyahısını, istifadə tarixlərini və s. UEFA-ya vermişik. UEFA-dan gələn məktublar nə bizim, nə də "Qarabağ"ın adınadı. Həmin məktublar Sokolovun adına gəlib. Ola bilsin ki, futbolçunu heç cəzalandırmayacaqlar. Hələ ki, hər şey tam dəqiqləşməyib. Yəqin ki, bir daha belə problemlərlə üzləşmərik. AFFA-nın tibb mərkəzi tikilir, gələn il istifadəyə veriləcək. Yeri gəlmişkən, deyirlər ki, guya Belçikayla oyundan sonra Sokolovu yox, Cahangir Həsənzadəni dopinq-testdən keçməyə göndərmək istəmişik. Bu ola bilməz. Çünki onların nümayəndələri paltardəyişmə otağına gəlib özləri istədiyi, oyunda daha çox canfəşanlıq edən futbolçunu seçib testdən keçməyə aparırlar".
"Qarabağ"ın həkimi, Əsədov nə qədər Sokolovun cəzalanmayacağına ümid etsə də, böyük ehtimalla UEFA müdafiəçini cəzalandıracaq. AÇ-2004-ün oyununda Uelslə pley-off matçında dopinqdə ilişən Rusiya yığmasının üzvü Yeqor Titov canını qurtara bildimi? Bir il futboldan uzaqlaşdırılan Titova görə az qala Rusiya millisini də cəzalandıracaqdılar. Çox güman ki, "B" nümunəsi də müsbət nəticələnəcəyi halda Sokolov da futbolsuz günlərini saymağa başlayacaq. Amma bu məsələdə bizim diqqətimizi çəkən "Qarabağ"ın həkiminin dedikləriylə Əsədovunun söylədiklərinin üst-üstə düşməməsidi. Nəbiyev Sergeyin iki xəstəxanaya baş çəkdiyini desə də, baş katib Mərkəzi Kliniki Xəstəxananın həkimini suçlayır. Halbuki Fikrət bəy futbolçunun adı bəlli olan yox, olmayan xəstəxanada "Beta Mathasone"ni qəbul etdiyini iddia edir. Fikirlər haçalanır və adam kimə inanmaq lazım gəldiyini bilmir. Əsədovun UEFA-nın AFFA-ya və "Qarabağ"a deyil, ancaq və ancaq Sokolovun adına məktub göndərdiyini deməsi isə bir başqa mövzudu. Nə deyirsiz deyin, Fuad bəyin dedikləri şəxsən məndə belə təəssürat yaratdı ki, AFFA dar məqamda bütün günahları Sokolovun üstünə yıxmaq istəyir. Halbuki federasiyanın bu işdə suçu az deyil. Çünki Sokolov məsələsi bizim yadımıza bu ilin sentyabrının əvvəlində baş verən bir olayı saldı.
..."Futbol+"in 12-13 sentyabr tarixli sayında belə bir xəbər yer almışdı: "Sokolov xərcə düşdü". Həmin xəbərdə deyilirdi ki, millinin sentyabrın 6-da Qazaxıstanla keçirdiyi matçında zədələnən Sokolov öz cibinin puluna müalicə olunub. Xatırladızmı? Həmin dönmədə yolu federasiyanın mənzil-qərargahına düşən reportyorumuz Əsədovun ətrafındakıların üstünə qışqıraraq yığma üzvünün nəyə görə öz puluna müalicə aldığını soruşduğunu eşitmişdi. Təbii ki, həmin vaxt heç kim Sokolovun cibinin puluna müalicə aldığını təsdiqləmək istəmədi. Amma bu dopinq məsələsi yazdığımız xəbərin həqiqiliyini üzə çıxarmaqla yanaşı böyük bir suala da aydınlıq gətirir: Sokolov Qazaxıstanla matçda aldığı zədənin müalicəsi zamanı dopinqə "tuş gəlib". Onun guya Rusiyadan dönərkən belində ağrı hiss etməsi və s. haqda deyilənlər uydurmadı. Sergey Rusiyadan Azərbaycana avqustun ilk günlərində gəlib. Amma Qazaxıstanla oyun sentyabrın 6-da olub. Sokolovun öz puluyula müalicə aldığını Əsədov da, başqa şəxslər də bilib. Bax, əsl həqiqət budu. İndi bəzi şəxslər yaxasını kənara çəkib müdafiəçinin öz vəsaiti hesabına xəstəxanaya getdiyini, ümumiyyətlə bir çox şeylərdən son günlərdə xəbər tutduğunu desə də. İnanmayan varsa, "Futbol+"in 12-13 sentyabr tarixli sayında yer alan xəbəri onlara göstərə bilərik. Hərçənd bütün çabalar kimi, bunun da Sokolovu xilas etməyəcəyini bilirik.
Milli komandanın həkimi Ramiz Kərimovun da Sokolovla bağlı məsələyə reaksiyasını öyrəndik: "Mən nə deyim sizə, artıq bütün qəzetlər bu haqda yazıb, AFFA-nın baş katibi Fuad Əsədov fikirlərini bildirib. Hesab edirəm ki, UEFA öz qərarını çıxarmamış bu məsələni müzakirə obyektinə çevirmək düz deyil. Bəlkə UEFA Sokolovu cəzalandırmayacaq, onu bağışlayacaq. Hər şey ola bilər".
Sokolovun millidə mövqeyində oynadığı Rəşad Sadıqov isə dopinq əhvalatıyla bağlı yalnız UEFA tam nəticəni deyəndən sonra danışacağını bildirdi. Özü də mütləq danışacağını...